Ermənistan-İran tandemi iflasa məhkumdur
Siyasət

Ermənistan-İran tandemi iflasa məhkumdur

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanla şərti sərhədə gəlib. Nazir bir sıra döyüş postlarında döyüş növbətçiliyinin yerinə yetirilməsinə, o cümlədən mühəndis-istehkam və fortifikasiya işlərinin aparılmasına nəzarət edib, aidiyyəti bölmələrin rəhbərləri ilə bəzi məsələlər müzakirə olunub.

Onun bu ziyarəti isə təsadüfi deyil. Belə ki, hazırda danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir. Təcrübə isə onu göstərir ki, ermənilər əhəmiyyətli görüşlərdən sonra ənənəvi olaraq sülhə mane olmaq üçün təxribata əl atırlar. İndi də Brüssel görüşündə rəsmi Bakının əldə etdiyi diplomatik üstünlüyün fonunda Papikyanın sərhədə gəlməsi növbəti təxribata işarə edir. Burada maraqlı məqam həm də odur ki, Papikyanla eyni gündə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri də Azərbaycan ilə sərhəddə yerləşən Poldəşt sərhədinin sıfır nöqtəsinə gəlib. Yəni hazırkı mənzərədə İrəvan və Tehranın paralel sinxron addımlar atdığı müşahidə olunur. Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirir ki, bu, onların arasında müəyyən bir koordinasiyanın olmasına işarə edə bilər.

"Ermənistanın müdafiə naziri Suren Papikyanın şərti sərhədə gəlməsi burada erməni qüvvələrinin döyüş növbətçiliyinə və mühəndis-istehkam vasitələrinə baxış keçirmək, həmçinin növbəti təxribata hazırlaşmaq məqsədi daşıyır. Məlum məsələdir ki, İrəvana güvənmək olmur. Onlar istənilən anda danışıqlar prosesini heçə sayaraq, təxribata əl ata bilirlər. Bu halda Azərbaycan ordusu hazırlıq vəziyyətində olmalı və sərhəddəki hərəkətliliyi izləməlidir. Ermənistan tərəfi də anlamalıdır ki, istənilən təxribatına adekvat cavab veriləcək və onun destruktiv addımları torpaq itirməsi ilə nəticələnə bilər. Ona görə də Paşinyan hökuməti hazırda diplomatik proseslərə töhfə verməyə fokuslanmaldır. Digər tərəfdən, İran hərbi rəsmisinin Papikyanla eyni gündə sərhədə gəlməsi iki tərəf arasındakı ortaq planlardan danışmağa əsas verir. İstisna deyil ki, əgər Ermənistan tərəfdən hansısa eskalasiya olarsa, İran regiondakı müttəfiqini dəstəkləyəcək. Amma Azərbaycan-Türkiyə müttəfiqliyi Ermənistan-İran tandeminə qalib gəlib və hazırda da qalib tərəf kimi prosesləri idarə edir".

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagirinin səfəri ilə bağlı başqa diqqətçəkən məqamlar da var. Belə ki, İran ordusunun komandanı səfərin məqsədinin İran və Azərbaycan arasındakı ümumi sərhəddə son vəziyyəti yoxlamaq olduğunu bildirib. Siyasi şərhçilər vurğulayırlar ki, Urmiya gölü ətrafı ərazilərdə böyük ölçüdə Güney Azərbaycan türkləri və kürdlər yaşayır. Rəsmi Tehran da Bakı və Ankaranın təlimatı ilə Güney Azərbaycan türklərinin, Ərbilin təlimatı ilə kürdlərin ayağa qalxmasından ehtiyat edir. Üstəlik, İsrailin də aktiv şəkildə İranın etnik müxalifət nümayəndələri ilə görüşlər keçirməsi, təmaslar qurması molla rejimini ehtiyatlı olmağa vadar edir. Bununla belə, aydın məsələdir ki, İran Azərbaycanla müharibə etməyəcək. Bunu Bagirinin səsləndirdiyi fikirlərdən də aydın şəkildə görmək olur. O, sətiraltı ifadələrlə hansısa məqamlara işarə etsə də, çıxışının məğzi ondan ibarət idi ki, Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problem yoxdur. Bunun əsas səbəbi isə odur ki, İran rəsmi Bakının regionda əsas oyunçuya çevrildiyindən agahdır və Tehranın Azərbaycanla iqtisadi əlaqələrə ehtiyacı var. Ötən gün İranın xarici işlər nazirinin rusiyalı həmkarı ilə danışığında “3+3” formatını xatırlatması və regional iqtisadi münasibətlərin inkişafına diqqət çəkməsi də bu fikri gücləndirir.

Jalə QASIMZADƏ,

"Respublika".