Haqq səsimizi duyurmağa davam edirlər
Digər xəbərlər

Haqq səsimizi duyurmağa davam edirlər

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın hələ də ölkəmizin regiondakı liderliyini qəbul edə bilməməsi tanış mənzərədir. Havadarlarının iştirakı ilə regionda sabitliyin pozulması üçün əlindən gələni əsirgəməyən işğalçı ölkə beynəlxalq hüquq normalarına məhəl qoymayaraq törədilən ekoloji və geoloji cinayətlərin birbaşa səbəbkarıdır. Təbiətə vurulan ziyanla bərabər, həm də buradakı maddi-mədəni irsin tarixdən silinməsi cəhdləri erməni vandallığının təzahürüdür. Regiondakı ekosistemin məhv edilməsi təkcə bizim yox, dünyanın da diqqətində olmalıdır.

Belə ki, qlobal istiləşmə və soyuqlaşmanın dünyamız üçün təhlükəli hal aldığı bir zamanda erməni vandallığından irəli gələn vəhşiliyə göz yummaq, ədalətin bərpasını gecikdirmək özü elə cinayətin tərkib hissəsi hesab olunur. Ərazinin müxtəlif növ minalar ilə çevrələnməsi isə gün keçdikcə yeni ölümlərə səbəb olur. Bütün bunlara baxmayaraq, diqqətin fərqli istiqamətə yönləndirilməsi cəhdləri, eləcə də, dövlətimizə qarşı qarayaxma kampaniyasının başladılması bunu göstərir ki, erməni lobbisi hələ də olanlardan dərs çıxarmayıb. Ermənistanın bu addımları onu öz labüd sonuna aparır. Buna isə nə saxta nazir Vardanyan, nə də ki, rəsmi İrəvan mane olmaq istəmir. Regiondakı erməniləri düşünməyən, humanitar yardımlar ilə həyatda qalmaq üçün çalışan millətini bu cür saxta gündəmlərlə daha da çıxılmaz hala salır. İşğaldan azad edilmiş ərazilərimizdəki hüquqlarımızın tam bərpa olunması prosesini ləngidən qondarma rejim dünya ictimaiyyətini gerçəyi əks etdirməyən fikirlərlə məşğul edir. Həmişə olduğu kimi, xain planlarının pərdəarxası isə çox keçmədən ifşa edilir.

Ərazilərimiz işğal altında olan zaman burada qanunsuz törədilən hər bir aktın  Azərbaycan dövləti tərəfindən sübuta yetirilməsi, eləcə də beynəlxalq ictimaiyyətin məlumatlanması üçün regionun işğaldan azad olunmasından dərhal sonra xarici jurnalistlər buraya cəlb edildi. Həqiqət göz qabağında olsa da, beynəlxalq arenada Ermənistanla mənafelərinin kəsişdiyi ölkələr Azərbaycana qarşı çıxış etdilər. Beynəlxalq hüququn norma və prinsiplərinin açıq-aşkar pozulduğu ərazilərimizdə qanunsuz olaraq yeraltı və yerüstü sərvətlərimizin mənimsənilməsi, habelə, maddi-mədəni irsin təhrif olunaraq erməniləşdirilməsi və ya dağıdılması bəzi erməni havadarlarının marağında deyil.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin Rusiya sülhməramlıları keçidə mane oldular. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başladılar. Etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması məqsədi daşıyır. Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallarımız haqq səsimizi duyurmağa davam edirlər. Ərazilərimizdə  faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 58 gündür ki, davam edir.

Laçın-Xankəndi yolunda hərəkət üçün heç bir maneənin olmamasına baxmayaraq, humanitar yardım maşınlarının hərəkətinə icazə verilmədiyini iddia edən qondarma rejimin son çırpınışları heç bir fayda verməyəcək. Ərazidəki yolların İran tərəfindən kirli əməllər üçün istifadə edilməsi, xarici şirkətlərin təbii sərvətlərimizi qanunsuz olaraq mənimsəməsi, məzarların baş daşlarının sökülərək hərraca çıxarılması, etnik mənsubiyyətin məhv edilməsi, su mənbələrinin çirkləndirilməsi və ekosistemə verilən digər zərərlər cəzasız qalmayacaq.

Nurlan ABDALOV,

"Respublika".