Azərbaycan istehsalçı və tranzit ölkədir
Digər xəbərlər

Azərbaycan istehsalçı və tranzit ölkədir

"...Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib.

Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişiklikliyinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməsinə imkan yaradır.

Son illərdə gerçəkləşdirilən beynəlxalq layihələr ölkəmizin regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir, onun beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti daha da artır.

Ölkəmizin nəqliyyat strukturunda Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi mühüm yer tutur və kompleks tam istifadəyə verildikdən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcəkdir. Bundan əlavə, limanın ətrafında təşkil olunacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq.

Təbii ki, ölkəmizin regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti böyükdür. Respublikamızın açıq dənizə çıxışı olmasa da, hazırda ölkəmiz geniş Avrasiya məkanında mühüm nəqliyyat-logistika habına çevrilməkdədir. Əlbəttə, burada dövlətin siyasi iradəsi, həyata keçirilən siyasət böyük önəm daşıyır. Əslində, ayrı-ayrılıqda hər bir ölkə tranzit daşımalarında zəncirin yalnız bir həlqəsidir və onun hansısa uğura imza atması absurddur. Söhbət tranzit daşımalarından gedirsə, burada qonşu ölkələrin əməkdaşlığı, bir-birilə xoş münasibətləri önə çıxır. Bunu ölkəmizin timsalında da aydın şəkildə görmək olar. Coğrafi mövqe öz yerində, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün region dövlətlərilə xoş mərama əsaslanan münasibətlər qurması ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir. Möhkəm qanunvericilik bazası, quru və su sərhədlərinə malik olması, qonşu dövlətlərlə uyğunlaşdırılmış optimal qiymət siyasəti və s. amillər də Azərbaycanın tranzit ölkəsi kimi cəlbediciliyini artırır.

Dünyanın ən iri layihələrindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi də Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilib. Bu dəmir yolu qitələrarası daşımalar üçün geniş imkanlar açır. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. BTQ Asiya ilə Avropa arasında ən qısa yoldur.

Dövlət başçısının Çinin "China Media Group" media korporasiyasına müsahibəsində də BTQ-nin əhəmiyyətindən danışılıb. Belə ki, müxbirin: "...Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 30 gün çəkir... Trans-Sibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir" fikirlərinə cavab olaraq Prezident İlham Əliyev deyib: "2017-ci ildə burada - Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr yatırdıq. Lakin hazırda biz nə ilə məşğuluq? Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək".

2022-ci il iyunun 26-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin dövlət başçılarının VI Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm amil olduğunu qeyd etmişdir.

Region xalqlarının rifahının yüksəldilməsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi üçün Xəzər dənizi səmərəli nəqliyyat infrastrukturlarına malikdir. Ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə Azərbaycan ərazisindən keçən yükdaşımaları hər il artmaqdadır. Dövlət başçısının müəllifi olduğu böyük iqtisadi əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ölkəmizin logistik infrastrukturuna töhfələr verir.

Əlbəttə, burada ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini də xüsusi qeyd etmək lazımdır. İlk öncə onu deyək ki, Azərbaycanda daxili qarşıdurmalar, terror təhlükəsi, narkoticarət marşrutu yoxdur. Ölkədəki multikultural mühit isə milli zəmində ziddiyyətlərin yaranmasını istisna edir. Bütün bu amillər də ölkələri və transmilli şirkətləri öz yüklərini Azərbaycan üzərindən daşımağa sövq edir. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın mühüm tranzit habına çevrilən, istehsalçı və tranzit ölkədir.

Zümrüd QURBANQIZI,

"Respublika".