Milli suverenliyin simvolu
Digər xəbərlər

Milli suverenliyin simvolu

Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.

Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Qürurla dalğalanan müqəddəs bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və müxtəlif idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamı üçrəngli bayrağımızın dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabrın 9-da - Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2020-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Həmin meydanda dövlət bayrağımız dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Dövlət Bayrağı Günü Azərbaycan ərazisində və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar arasında da təntənə ilə qeyd edilir.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: "Azərbaycan Bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətçiliyimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin".

Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir".

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaltdı. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yazdı.

Qürur hissi keçiririk ki, qüdrətli Azərbaycan Ordusu Qarabağda uğurlu antiterror tədbiri keçirdi, üçrəngli Bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Sərsəng Su Anbarı və digər ərazilərdə də dalğalandı.

Artıq ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuşdur. Biz Bayrağımızla fəxr edirik.

Cavid PAŞAYEV,

Azərbaycan Tibb Universitetinin

Tədris-Cərrahiyyə Klinikasının direktoru.