Güzgünün arxasındakı Yelisey sarayı
Siyasət

Güzgünün arxasındakı Yelisey sarayı

Fransa ölkəmizə qarşı xüsusilə İkinci Qarabağ müharibəsindən sonra sərsəm ritorika və aqressiv yanaşma sərgiləyir. İstər Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, istərsə də revanşizm hisslərini oyatmaqda, bütün çirkli əməllərdə rəsmi Parisin əli var. Qərb kürsüsündən "alovlu" çıxışları ilə Avropanı da uçuruma doğru sürükləyən Fransa son dönəmlərdə bütün diqqətini Avrasiyaya yönəldib. Moskvaya qarşı antirus dalğasının gücləndirilməsi və bunun üçün Ermənistanın hədəf seçilməsi Yelisey sarayının "sülh göyərçini" imici ilə daban-dabana ziddir.

Aprelin 2-də Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirib. Nazir Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə ittiham edib: "Biz bu gün Ermənistanın ərazi bütövlüyü haqqında danışdıq və icazə verin deyim ki, Azərbaycanın ritorikasının getdikcə nəzarətdən çıxdığını nəzərə alaraq, bundan nə qədər narahatıq. Ermənistan münaqişənin qarşısını almağa cəhd edən yeganə ölkədir. Hesab edirəm ki, Bakıda keçiriləcək COP29-dan 6 ay əvvəl bu məsələyə diqqət yetirməliyik". 30 il Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal altında olduğu vaxtda bir dəfə də olsun Ermənistanın ünvanına ittiham səsləndirməyən Yelisey sarayının Azərbaycanı "təhdiddə" ittiham etməsi çox absurd və gülüncdür. Faktiki olaraq Azərbaycan tərəfdə heç bir işğaldan söhbət gedə bilməz. İşğal bu gün Fransanın ifasında Qərbin Ermənistanın xarici siyasətinə müdaxiləsidir. Əksinə olaraq, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisinə aid olan 8 kənd hələ də Ermənistanın işğalı altındadır və müsyo Sejurne buna əlbəttə ki, qəsdən toxunmur.

Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə öz həmkarının toxunmadığı məsələni ətraflı şərh edib: "Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyi hədəf alan bu kimi çağırışlardan çəkinməsi Fransa və dünyamız üçün daha faydalı ola bilər. Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun həyata keçirdiyi bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək", - deyə XİN mətbuat katibi qeyd edib.

Bəli, Ermənistan bu gün həm öz iradəsizliyi, həm də Fransa kimi təhrikedici dövlətlər sayəsində infantil siyasətdən yaxa qurtara bilmir. Son vaxtlara kimi Azərbaycana şərti sərhəddə "güzgü prinsipi" ilə geri çəkilməklə bağlı "dərs keçmək" istəyən rəsmi İrəvan bu gün həmin şərti sərhəddə silah-sursat yığır, təlim keçir, təxribatlar törədir. Aydındır, iki ölkə var: Azərbaycan və Ermənistan. Bəs güzgünün arxasındakılar? Haylar həqiqətənmi Cənubi Qafqazda öz iradəsi ilə təlxəklik göstərir, yoxsa onlar buna məcbur edilirlər? Məlumdur ki, Avropa rəsmi İrəvanı Rusiya əleyhinə ikinci cəbhə olaraq hazırlayır. Bu ssenaridə isə Fransa mühüm aktiv rol oynayır. NATO-nun Ukraynaya ordu göndərməsi təklifinin iflasa uğraması Yelisey sarayının digər istiqamətə, tam olaraq Ermənistana üz tutmağa məcbur etdi. Bunun üçün isə anti-Azərbaycan siyasətinin meyarı kəskin şəkildə artırılmalı idi. Fransanın sabiq XİN rəhbəri Ketrin Kolonna azərbaycanofob ritorikası ilə Azərbaycanla xarici əlaqələrdə olan səviyyələri sıfra endirmişdi. Bu il yanvarın 11-də Kolonnadan kreslonu təhvil alan xələfi, Stefan Sejurne də ümidləri doğrultmadı. Nazir vəzifəyə başladığı ilk gündən erməni təəssübkeşliyi ilə seçilir. Həmçinin Stefan Sejurne Fransanın baş naziri Qabriel Attalın da "dostu" və ortağıdır. İlin əvvəlində vəzifəyə yeni təyinat alan iki nazirin bir-biri ilə evli olması Yelisey sarayının növbəti biabırçılığı olaraq gündəmə gəlmişdi. Bu tip qeyri-adi məsələlərlə beynəlxalq fikri başqa yerə yönləndirən rəsmi Paris öz cinayətlərinin üstünü ört-basdır etməyə çalışır. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti dövründə Fransanın dekolonizasiya və keçmiş soyqırımıları Qərbin üzünə sillə kimi vurulmuşdur. Bu gün Yeni Kaledoniya başda olmaqla Fransa müstəmləkəçiliyində olan xalqların azadlıq yürüşündə Azərbaycan bayrağını dalğalandırması və ölkəmizə təşəkkür edilməsi Yelisey sarayını ciddi narahat edir. Bu baxımdan "güzgünün arxasında" gizlənən Fransa hər fürsətdə Azərbaycana qarşı öz qərəzini nümayiş etdirir.

Tacir SADIQOV,

"Respublika".