Gücün, faydanın və gözəlliyin vəhdəti
Maraqlı

Gücün, faydanın və gözəlliyin vəhdəti

6 oktyabr - Ümumdünya Memarlar Günü

Beynəlxalq Memarlar Birliyi (BMB) tərəfindən təsis olunan Ümumdünya Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis olunub. Bir insanın dünyagörüşünə, cəmiyyətin modernləşdirilməsinə, təkmilləşməsinə və inkişafına təsir edən yaradıcılıq növü olan memarlıq sənəti ərəbcədən tərcümədə "abadlıq edən" anlamını verir və "mimar" sözündən götürülüb. 

Gücün, faydanın və gözəlliyin (latınca: firmitas, utilitas, venustas) triadasını özündə birləşdirən memarlıq sənəti hələ ibtidai icma dövründən formalaşmağa başlayıb və zamanla daha da inkişaf edib. Memarlıq quruluşu, memarlıq məkanı təkcə utilitar məna və konstruktiv ideya deyil, həm də bədii məzmun daşıyır. Memarlığın bədii dili çox spesifikdir. Rəsm və heykəltaraşlıqdan fərqli olaraq, memarlıqda mücərrəd formalardan istifadə edilir və bəzən də musiqi ilə müqayisə olunur.  Hətta məşhur alman filosofu Fridrix Şellinq  memarlığı "donmuş musiqi" adlandırıb. Bəşəriyyətin maddi mədəniyyətinin bir hissəsi olan memarlıq sənəti bütün həyatımız boyu bizi əhatə edir. Bəli, o, özündə təkcə keçmiş nəsillərin mənəvi həyatını deyil, həm də insan ruhunun əbədi sirlərini əks etdirən formaların harmoniyasını daşıyır. İnsana estetik zövq verir və müasir həyatın fenomeni kimi bizi həyəcanlandırmaqda davam edir.

İnkişaf tarixi 8 min ildən çox olan memarlıq sənəti böyük bir dövrü əhatə edir. Arxeoloqlar tərəfindən aşkar edilmiş neolit dövrünə aid ən qədim memarlıq tikililərinin xarabalıqları eramızdan əvvəl yaranıb və hər biri bu sənətin inkişafına mühüm töhfələr verib.

Ucaldılan abidələr hər bir şəhərin, dövlətin və bütövlükdə bir dövrün "vizit kartı" hesab olunur. Təsadüfi deyil ki, böyük sivilizasiyalar yalnız müharibələr və ya ticarətinə görə deyil, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Zövqümüzü oxşayan, ölkələrin və şəhərlərin simvolu olan binalar insanın gündəlik həyatı ilə ayrılmaz şəkildə bağlıdır. Həmin tikililər sayəsində insanlar onların yaranma dövrünü, ölkənin sosial-iqtisadi səviyyəsini, hər bir xalqın adət-ənənələrini, mədəniyyətini, tarixini, milli-mənəvi irsini, hətta xarakterini müəyyən edir. Memarlar insanların istəklərinə, eləcə də müasir texniki imkanlarına, estetik və bədii baxışlarına uyğun olaraq həyat və fəaliyyətləri üçün lazım olan mühit yaradır. Memarlıqda əşyaların funksional, texniki və estetik xüsusiyyətləri onların bədii və obrazlı mənası ilə sıx bağlıdır. Mədəniyyətin və incəsənətin bütün zahiri formalarını özündə cəmləşdirən tikililər üslublarına görə 3 əsas qrupa bölünür: tipik Şərq, qədim Avropa və müasir tikililər.

Tarixən tikinti və quruculuq işlərinə böyük əhəmiyyət verən Azərbaycanda XIX əsrin ortalarında şəhərsalma və memarlıq cəmiyyətin inkişafında getdikcə böyük rol oynamağa başlayıb. Ölkəmizdə mövcud olan çoxsaylı memarlıq abidələri, xalq yaşayış nümunələri özünəməxsus forma və mühəndislik texnikası, zəngin  bəzək tərtibatı ilə milli memarlıq mədəniyyətimizin dəyərini özündə əks etdirir. Qədim yaşayış məskənlərindən biri olan Azərbaycan ərazisində yaşamış xalqlar bir-birindən gözəl memarlıq nümunələri yaratmışlar. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və Füzuli rayonu ərazisində aşkar edilmiş tarixi abidələri buna misal gətirmək olar.

Özünəməxsus üslubu formalaşdıran yerli memarlıq məktəbləri isə ölkəmizin Naxçıvan, Aran, Şirvan-Abşeron və Bərdə rayonunda formalaşmışdır.  Ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar da çalışıblar. Yerli memarlardan Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa edilib. Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünyaşöhrətli memarları olub. Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.

Azərbaycan memarlığının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi xidmətləri vardır. Hələ gənc ikən memarlıq sənətinin incəliklərinə yiyələnmək arzusunda olan Heydər Əliyev sonralar Azərbaycanın rəhbəri kimi tikinti memarlığında da çox dəyərli irs yarada bilmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə tikinti-quruculuq işlərinə böyük önəm vermiş, həyata keçirilən inşaat işləri zamanı milli memarlıq və şəhərsalma qaydalarının qorunub saxlanmasına hər zaman diqqət yetirmişdir. Məhz onun böyük səyləri nəticəsində tarixi memarlıq ənənələrinə əsaslanan nəhəng quruculuq işləri aparılmışdır. Son dövrlərdə ölkəmizdə gedən mədəni quruculuq işləri ilə bərabər, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, təbliği və onlardan istifadə edilməsi də mühüm yerlərdən birini tutur.

Günümüzdə xalq memarlığında istifadə olunan üsullar və bədii tərtibat müxtəlif  memarlıq nümunələrində də tətbiq olunur. Bu nümunələrin əsasını qədimdə xalqın yaratdığı bədii ornamentlər, naxışlar, şəbəkələr və s. təşkil edir. Hazırda yaradılan yeni üslublar ölkəmizin memarlığında özünü göstərir. Buna misal olaraq modern olmalarına baxmayaraq, milli ruhda dizayn edilən Xalça muzeyini, Beynəlxalq Muğam Mərkəzini göstərmək olar.

Bu gün davamlı və dinamik inkişaf edən Azərbaycanda memarların üzərinə böyük məsuliyyət düşür. Ölkə başçımızın apardığı uğurlu siyasət nəticəsində Bakı şəhəri və ətraf bölgələr öz simasını dəyişir. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində  yenidənqurma və bərpa işləri aparılır.

Arzu ASİFQIZI,

"Respublika".