Güclü iqtisadiyyat və ordu quruculuğu prioritetdir
İqtisadiyyat

Güclü iqtisadiyyat və ordu quruculuğu prioritetdir

İkinci Qarabağ müharibəsində Zəfər qazanan Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olması, qonşu dövlətlərlə əlaqələrin genişlənməsi istiqamətində məqsədyönlü siyasət yürüdür. Cənubi Qafqazı dostluq, əməkdaşlıq məkanına çevirmək üçün qətiyyət göstərir.

İrimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də fəal icraçısı olan ölkəmiz nəqliyyat kommunikasiyalarının bərpası, qonşu ölkələrlə hərtərəfli əməkdaşlığın həyata keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edir. Reallaşdırılan layihələr ölkəmizə əlavə maliyyə imkanı yaratmaqla bərabər, həm də tərəfdaşlarımıza böyük fayda gətirir. Tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürüdən qərb qonşumuzla münasibətlərin normallaşması üçün beş baza prinsipindən ibarət sülh təklifini hələ də masada saxlayaraq ölkəmiz bəzi qərb dövlətlərinin çirkin niyyətlərini ifşa edir. Düşünülmüş siyasətlə dünya ölkələri ilə əməkdaşlığı genişləndirən, Cənubi Qafqazda yeni reallıqların müəllifi olan Azərbaycan Vətən müharibəsinin qalib dövləti olaraq 2020-ci il 10 noyabrda imzaladığı üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin açılmasında qətiyyət göstərir.

Belə ki, ölkəmizi nəqliyyat qovşaqlarının habına çevirəcək dəhliz bölgədə sabitlik, etimad və əməkdaşlıq mühitini formalaşdırmaqla yanaşı, region ölkələri arasında iqtisadi əlaqələri də genişləndirəcək. Həmçinin regional nəqliyyat şəbəkələrini şaxələndirəcək və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

Enerji təhlükəsizliyi məsələləri dövlətimizin həyata keçirdiyi siyasətdə əsas yer tutur. Etibarlı tərəfdaş adını qazanan Azərbaycanın uğurlu enerji siyasəti  ölkəmizə bu sahədə əməkdaşlıq üçün əsaslı zəmin yaradıb. Zəngin təbii potensiala malik olan ölkəmiz öz enerji tələbatlarını təmin etməklə bərabər, bir çox dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Belə ki, xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixracatçısı olan Azərbaycan beynəlxalq səviyyəli irimiqyaslı layihələrin reallaşmasında əsas söz sahibidir. Zəngin təbii resurslardan düzgün və səmərəli istifadə olunması dövlətimizin iqtisadi gücünü, qüdrətini günbəgün artırır.

Azərbaycan müharibə tərəfdarı olmadığını hələ torpaqları erməni işğalı altında olarkən nümayiş etdirmiş, 30 il ərzində keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmış, bu mümkün olmadıqda isə öz torpaqlarında əks-hücum əməliyyatı, antiterror tədbirləri keçirməklə ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmişdir. Lakin uzun illər davam edən münaqişəyə son qoyulsa da, Azərbaycanın qalibiyyətini, regionun lider dövlətinə çevrilməsini qəbul edə bilməyən, Cənubi Qafqaza yerləşmək istəyən bəzi dövlətlər ölkəmizi daim təzyiq altında saxlamağa can atırlar. Öz maraqları naminə Ermənistanı alətə çevirən, onu silahlandırmaqla yeni münaqişələrə sövq edən bəzi qərb dövlətlərinin səylərini fiaskoya uğratmaq, yaranacaq hər hansı təhlükəni dəf etmək üçün isə dövlətimiz düşünülmüş siyasət yürüdür. Yeni konseptual inkişaf strategiyası, milli ideologiyanın yeni istiqamətlərini müəyyənləşdirməklə əldə edilmiş uğurların davamlı xarakter alması üçün əməli addımlar atır.

Sülhsevər, tolerant, xalqların birgəyaşayışına böyük önəm verən dövlətimizin yeni dövrün çağırışlarına uyğun olaraq qarşıya qoyduğu hədəflər sırasında  ordu quruculuğu prosesi prioritetdir. Çünki Cənubi Qafqazın güclü, qüdrətli dövləti olan Azərbaycanın həyata keçirdiyi siyasət işğalçılığı təşviq edən, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə xor baxan bəzi müstəmləkəçi ölkələrin diplomatiyası ilə üst-üstə düşmür. Bu baxımdan, İkinci Qarabağ müharibəsində rəşadətli ordusunun gücü, potensialı sayəsində düşmənini məğlub edən ölkəmiz azərbaycanofob qüvvələrə bundan sonra da layiqli cavab vermək üçün ordusunu daha da gücləndirir. Beşinci nəsil silahlarla silahlandırılmış, dünyanın ən güclü orduları sırasında yer alan müzəffər ordusu ilə düşmənə kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycan silahlı qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, daha güclü ordu yaradılması üçün müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlara həm dövlət, həm özəl sektor tərəfindən investiyaların qoyulmasını, müasir standartlara cavab verən yeni növ silahların, texnikaların alınmasını təmin edir. Ən son model döyüş texnologiyalarına malik Azərbaycan Ordusunda yüksəksəviyyəli təlimlər aparılır, hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirilir. Bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan Azərbaycan Ordusunun arsenalında hərbi gücümüzün göstəricisi olan yüzlərlə zirehli texnika, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur. Eyni zamanda Vətən müharibəsində düşmənə qan udduran Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, komando briqadalarının yaradılması qəhrəman Azərbaycan ordusunun yenilməzliyinin, gücünün, qüdrətinin göstəricisidir.

Güclü iqtisadiyyat, ordu quruculuğu zamanın çağırışı, yeni dövrün hədəfidir. Müstəqil siyasət həyata keçirən Azərbaycan müəyyənləşdirdiyi hədəflərə doğru mətin addımlarla irəliləyir.

Mehparə ƏLİYEVA,

"Respublika".