GÖYÇƏLİLƏRİN HAQLI TƏLƏBİ
Digər xəbərlər

GÖYÇƏLİLƏRİN HAQLI TƏLƏBİ

XIX əsrin ortalarından başlayaraq, İrəvanda azərbaycanlıların sıxışdırılmasına başlanıldı. Əhalisinin 80 faizi azərbaycanlı olan qədim Oğuz yurdu Göyçə mahalında, rəhbər vəzifələrdə işləyən azərbaycanlıları zorla və yaxud ləkələməklə işdən azad edir, yerinə qatı şovinist erməniləri təyin edirdilər. Bununla paralel olaraq, xarici ölkələrdən - Kiprdən, Misirdən, Suriyadan, İrandan, ABŞ-dan, Türkiyədən, Uruqvaydan, Argentinadan gələn erməniləri bölgələrdə yerləşdirməyə başlamışdılar.

1988-ci il fevralın 20-də keçmiş DQMV-nin xalq deputatları Sovetinin "Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılaraq, Ermənistan SSR-in inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında" qərar qəbul etməsi millətlərarası münasibətləri daha da kəskinləşdirdi. Ermənistan siyasi və dini dairələrinin bu mənfur addımlarından sonra erməni şovinistləri hər yerdə olduğu kimi, Göyçədə də açıq hərbi təcavüzə cəhd göstərdilər. 1988-ci il mart ayının 26-nı "Sumqayıtın qisas günü" elan etmiş "Krunk" cəmiyyətinin çağırışına cavab olaraq ermənilər Basarkeçərdə də qanlı aksiyalar törətmək iddiasına düşmüşdülər. Amma azərbaycanlıların yaşadıqları əraziyə girməkdən çəkinirdilər. 1988-ci il iyun ayının 15-də Göyçə mahalında azərbaycanlılar ermənilərin özbaşınalıqlarına qarşı etiraz səslərini qaldırdılar. Krasnoselo rayonunun Şorca və Gölkənd kəndlərində, səhərisi gün isə Basarkeçər rayonunun Şişqaya və Nərimanlı məntəqələrində azərbaycanlılar mitinq keçirdilər. Ümumilikdə, iyirmi mindən çox insanın iştirak etdiyi mitinqlərdə "Göyçənin Ermənistan SSR-in tərkibindən çıxarılaraq, Azərbaycan SSR-in ərazi-inzibati bölgəsinə daxil edilməsi" tələbi irəli sürülmüşdür. Təəssüflər olsun ki, Göyçə azərbaycanlılarının bu haqlı tələblərinə dəstək olaraq, noyabr ayının 17-də Bakıda Azadlıq meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən mitinq zamanı, Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul olunsa da, bu tələb o zamankı Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənmədi. Əksinə, 1988-ci ilin sentyabr-oktyabr aylarında erməni şovinistləri fasiləsiz olaraq mitinqlər keçirir, bu bölgələrdən türklərin çıxarılmasını tələb edirdilər. Bölgələrdə evlərə od vurulur, insanlar işgəncə ilə öldürülür, qadınların sinəsinə xaç çəkilir, uşağa, qocaya rəhm edilmir, iqtisadi blokada davam etdirilirdi. Bütün bunlara isə SSRİ rəhbərliyi laqeydcəsinə göz yumurdu.

1988-ci il noyabr ayının 22-də Ermənistan SSR Ali Sovetinin sessiyasında "noyabr ayının 28-dək respublikanın türklərdən təmizlənməsini təmin etmək" tapşırığı verildi. Ermənistanın bütün rayonlarına şamil edilən bu qərar şübhəsiz ki, Göyçə mahalı və Ağbaba bölgəsinə daha çox şamil olunurdu. Çünki 1988-ci ilin noyabr ayınadək digər rayonlardan türklərin deportasiyası demək olar ki, başa çatdırılmışdı. Odur ki, Göyçə və Ağbabadan türklərin deportasiyası Ermənistan Respublikasının ali rəhbərliyinə həvalə edildi. Beləliklə, "türksüz Ermənistan" planının son mərhələsinə start verildi. Bu planın həyata keçirilməsində bütün vasitələrdən istifadə olundu: kəndlərə elektrik enerjisi və ərzaq verilməsi dayandırıldı, gecələr kənd atəşə tutulurdu. Daşnak-kommunistlərin rəhbərliyi sayəsində Göyçə əhalisi öz dədə-baba yurdlarından tamamilə qovularaq Azərbaycana "yola salındılar". Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev öz çıxışlarında bu barədə demişdir: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir".

Acınacaqlı odur ki, bu rahat "yola salmada" onlarla azərbaycanlı döyülərək yaralandı və qarlı-boranlı dağ yollarında həlak oldular. Azərbaycanlıların öz dədə-baba torpaqları olan indiki Ermənistan ərazisindən məcburən və kütləvi zorakılıqla qovulması zamanı qətliamlar nəticəsində Göyçə 56 şəhid (45 nəfər Basarkeçər, 11 nəfər Çəmbərək rayonu ərazisində) verdi, Göyçənin 80 min nəfər əzəli sakini didərgin düşdü, əhaliyə şəxsi əmlak qismində 500 milyon, ictimai təsərrüfatların əmlakı qismində 1 milyard dollar həcmində ziyan dəydi. Bu gün ermənilərin Göyçədə törətdikləri vəhşiliklərin yüzlərlə canlı şahidləri var. Erməni şovinistlərinin Göyçədə həyata keçirdiyi soyqırımı və deportasiya siyasətinə o zamankı Azərbaycan hökuməti laqeydliklə yanaşdı. Ə.Vəzirov bilavasitə ermənilərin tərəfdaşı rolunda çıxış etdi. Deportasiyanı həyata keçirmək üçün erməni tərəfinə nəqliyyat yardımı göstərən Azərbaycan KP MK-nın birinci katibi qaçqınların Azərbaycanın ermənilər yaşayan bölgəsində yerləşməsinə rəsmi qadağa qoydu ki, bununla da sonradan çox ciddi nəticələrin şahidi olduq. Bir sözlə, keçmiş səriştəsiz rəhbərlərin məsuliyyətsizliyi və bilə-bilə bu addımı atması Azərbaycana olduqca baha başa gəldi. Bu gün Qarabağın işğaldan azad olması, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışını təmin edəcəyinə tam əminlik yaratmışdır. Ata-baba yurdlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik...

Zabit XƏLİLOV,

"Respublika".