Gəncədə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır
Digər xəbərlər

 Gəncədə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  böyük uzaqgörənliklə düşünülmüş, məqsədyönlü siyasət, dövlət proqramlarının qəbul edilib uğurla icra edilməsi, sosial-iqtisadi islahatların ardıcıl və qətiyyətlə davam etdirilməsi nəticəsində, dayanıqlı və güclü iqtisadiyyat təmin olunmuş,ölkədə sabitlik və əminəmanlıq hökm sürür.

“Respublika” xəbər verir ki, Gəncədə insanların yüksək əhval-ruhiyyəsi, firavanlığı praqmatik ölkə başçısı  cənab İlham Əliyevin şəhərə və onun sakinlərinə göstərdiyi diqqət və qayğıdan, ölkə başçısının hər bir tapşırığına dərin məsuliyyət hissi ilə yanaşan, şəhər rəhbərliyinin səmərəli  fəaliyyətindən qaynaqlanır.

Məhz buna görə də  şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun  şəhər sakinləri ilə görüşləri, səyyar qəbulları, işgüzar söhbətləri, bir sıra layihələrin müzakirələri çox səmimi keçməklə insanları razı salır, hər birində mənəvi rahatlıq yaradır, daha işıqlı sabahlara ümidlərini artırır. Ümid və inam isə qələbə, uğur deməkdir. Operativlik, dəqiqlik, hərtərəfli araşdırmalar, ən başlıcası insanlara verilən yüksək dəyər bu qəbulların əsasını təşkil edir. Vətəndaş birmənalı hiss edir ki, onun müraciəti dərhal diqqətə alınır, qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilir,problem öz həllini tapır. Bir qayda olaraq qəbul başa çatana kimi həllini tapan müraciətlərin nəticəsi elan edilir ki, bu da sakinlərin böyük  razılığına səbəb olur. Araşdırılması lazım olan müraciətlər isə şəhər rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülür.                      

Möhtəşəm Heydər Əliyev Park-Xiyaban Kompleksində keçirilən sakinlərlə görüşdə millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər. Görüşdən əvvəl şəhər rəhbəri Niyazi Bayramov şəhid ailələri və sakinlərlə birlikdə Heydər Əliyev Park-Xiyaban Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə əkilən ağacların olduğu hissəyə baxış keçirib.Görüş çay süfrəsi arxasında səmimi söhbət şəraitində davam edib.Niyazi Bayramov qeyd edib ki, ölkə Prezidenti cənab  İlham Əliyevinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlər görülür.  Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində yaşayan şəhid ailələri və müharibə əlilləri də daim dövlət tərəfindən diqqətdə saxlanılır. Görüşdə iştirak edən vətəndaşlar tək-tək çıxış edərək, onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflər səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.                                                                                       Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar, o cümlədən şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə  ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Beləcə də növbəti qəbul, yüksək əhval-ruhiyyə ilə böyük minnətdarlıqla yadda qalıb.

Zabit XƏLİLOV,

“Respublika”