Gəncədə Azərbaycan-Gürcüstan əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir
Region

Gəncədə Azərbaycan-Gürcüstan əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gürcüstanın Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə və gürcü yazıçısı Nikoloz Barataşvilinin 205 illik yubileyinə həsr olunmuş tədbir reallaşıb.

Tədbirdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, idarə, müəssisə, təşkilat rəhbərləri, yazıçılar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Nikoloz İaşvili qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan respublikaları arasında olan ikitərəfli əməkdaşlıqdan söz açıb. O qeyd edib ki, 30 il ərzində Azərbaycan və Gürcüstan arasında tarixi dostluq və qonşuluq ənənələrinə əsaslanan əlaqələr mövcuddur. Bununla yanaşı, Baş konsul bildirib ki, bu il vaxtilə Gəncədə yaşayan gürcü yazıçısı Nikoloz Barataşvilinin 205 illiyi qeyd olunur. Bu münasibətlə şairin "Merani" kitabı Azərbaycan dilinə tərcümə edilərək, poeziyasevərlərin ixtiyarına verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Şəhər rəhbəri Niyazi Bayramov Gəncədə gürcü şairi Nikoloz Barataşvilinin 205 illik yubileyinin qeyd olunmasının əhəmiyyətindən də söz açıb. O bildirib ki, multikultural dəyərlərə sadiq olan Azərbaycan dövləti öz ərazisində yaşayan bütün azsaylı xalqlara və onların mədəniyyətlərinə hər zaman diqqət göstərib və göstərir.

Daha sonra Nikoloz Barataşvilinin "Merani" kitabı oxuculara təqdim olunub.

Zabit XƏLİLOV,

"Respublika".