Gəncə hadisələrindən Milli Qurtuluşa gedən yol
Tarix

Gəncə hadisələrindən Milli Qurtuluşa gedən yol

Azərbaycan təlatümlü dənizə bənzəyirdi, daxili çəkişmələr səngimir, hakimiyyət uğrunda açıq mübarizə başlanmışdı. Radikal qüvvələr gərginliyi ciddi şəkildə artırırdılar, digər tərəfdən isə Ermənistanın torpaqlarımıza qarşı hərbi təcavüzü şiddətlənir, rayonlar bir-birinin ardınca işğala məruz qalır, ölkəni məcburi köçkün dalğası bürüyürdü. Belə çətin və təhlükəli bir vaxtda, 1992-ci il mayın 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü ilk günlərdən sübut etdi ki, ölkəni idarə etməkdə tamamilə səriştəsizdir. AXC-Müsavat hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə mübarizə aparırdı və o qrupların hərəsinin öz məqsədi var idi. Ölkədə qanunsuzluq, dərəbəylik, xaos hökm sürürdü, cəbhədən hər gün ağır xəbərlər gəlir, ölkə daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərirdilər.

Belə qarşıdurmalar 1993-cü ilin əvvəllərində daha da artdı, hakimiyyətdə parçalanmalar intensiv hal aldı. Ən qorxulu hadisə baş verdi, respublikadakı siyasi qarşıdurma silahlı toqquşmaya çevrildi. Yeni yaradılan ordu faktiki olaraq bir neçə səhra komandirinin nəzarəti altına keçdi. Hadisələrin belə gedişatı 1993-cü ilin 4 iyununda hakimiyyətin ayrı-ayrı qolları arasında hərbi qarşıdurmaya gətirib çıxardı. Yevlaxdakı yun zavodunun direktoru, cəbhə hakimiyyətinin güvəndiyi Surət Hüseynova tabe olan silahlı qüvvələr qiyam qaldırdılar.

1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə qarşıdurma baş verdi, cəbhəçi icra başçısı öldürüldü, hakimiyyəti ələ keçirən Surət Hüseynovun dəstələri Bakıya doğru hərəkət edərkən rayonlarda cəbhə hakimiyyətini ləğv edir, həmin vəzifələrə öz adamlarını təyin edirdilər. Vəziyyət get-gedə ağırlaşırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birləşmələr arasında döyüş baş verdi. Qardaş qanı töküldü, silahlı toqquşmada onlarla insan həlak oldu. Gəncə qiyamının səhəri günü iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Hadisələrin gedişatında xarici havadarlar tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "talış-muğan respublikası" elan etməyə səy göstərdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. İyunun 12-də axşam saat 10:00-da respublika televiziyasında Ali Sovetin sədri İsa Qəmbərovun istefa ərizəsi ilə müraciət etdiyi, bazar günü olmasına baxmayaraq, Milli Məclisin təcili növbədənkənar iclasının keçiriləcəyi elan olundu. İyunun 13-də respublika Ali Sovetinin növbədənkənar iclasında Naxçıvandan Bakıya gəlmiş deputat Heydər Əliyev çıxış edərək bildirdi: "İyunun 4-də Gəncədə qanlı hadisələr baş vermiş, insan tələfatı, şəhərdə böyük dağıntılar olmuşdur. Bununla əlaqədar Gəncədə, ətraf rayonlarda və bütün Azərbaycan Respublikasında böyük gərginlik yaranmışdır və mürəkkəb vəziyyət mövcuddur. Mən bu hadisələrlə bağlı vicdanımın tələbi, cürbəcür təbəqələrdən olan adamların, Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin xahişi ilə Bakıya gəlmişəm. Mürəkkəb, ağır vəziyyətdən çıxış yollarının axtarılması, milli barışığın, həmrəyliyin təmin olunması prosesinə qoşulmuşam. Mən əvvəllər də demişəm, bir daha deyirəm, - Gəncədə qan tökülüb, cinayət törədilib, böyük faciə baş veribdir. Ancaq bunun dərinləşməsinə heç vəchlə yol vermək olmaz. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısı birləşib bu ağır vəziyyətdən uğurla çıxmağa çalışmalıdır. Çıxış yolu ancaq danışıqlar, qarşılıqlı anlaşma, sülh və barışıq vasitəsilə ola bilər. Güc işlədilməməlidir. Bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur. Mən vəziyyətdən çıxış prosesində bu prinsipləri əsas tutaraq iştirak edirəm. Bu günlərdə Azərbaycanın prezidenti Əbülfəz Elçibəylə görüşlərimiz, söhbətlərimiz olubdur. Şəxsən fəaliyyətimin bu sahədə nə qədər səmərəli ola biləcəyini müəyyən etmək üçün Gəncə şəhərinə getmək qərarına gəlmişəm. Mən Gəncə şəhərinə gedib vəziyyətlə tanış olandan sonra gəlib təkliflərimi verə bilərəm".

İyunun 13-də Heydər Əliyev Gəncəyə yola düşdü. Onun Gəncəyə gəlişi tarixi hadisə idi. Qədim Gəncə əhalisi onu ümidgahı kimi qarşıladı. Tarixin bu ağır məqamında elə uğurlu gedişlər tələb olunurdu ki, qardaş qırğınına səsləyən qızışdırıcı qarşıdurmalara, çağırışlara son qoyulsun. Uzun illərin təcrübəsi, xalq arasındakı böyük nüfuzu, uzaqgörənliyi siyasi liderə qətiyyətli addımlar atmağa əsas verirdi. Xalq inanırdı və əmin idi ki, bu qayıdış Azərbaycanın sabahkı taleyini müəyyən edəcək. Doğma xalqını və Azərbaycanı hədsiz məhəbbətlə sevən ulu öndər 1993-cü il iyunun 15-də sözün həqiqi mənasında viranə qoyulmuş bir dövlətin idarəçilik sükanını öz əlinə aldı, qısa bir müddətdə dövlət idarəetmə mexanizmini hərəkətə gətirdi və çox gərgin fəaliyyəti nəticəsində bütün bəlalara, qarşıdurmaya, dövlət çevrilişlərinə cəhdlərə, haqsızlığa son qoydu.

Dağılıb sökülməkdə olan cəmiyyəti ilmə-ilmə yerinə qaytaran, vətəndaş həmrəyliyi yaradan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində siyasi islahatlara başlayan, Azərbaycanın yeni Konstitusiyasını yazan, mətbuat üzərində senzuranı ləğv edən, ölkəni dünyaya inteqrasiyaya cəlb edən ümummilli liderin çoxşaxəli və fədakar fəaliyyəti nəticəsində işıqlı bir yol başlandı. Ancaq hələ bu yola çıxmaq üçün çox sərt sınaqlardan keçilməli, silahlı dəstələrin törətdikləri cinayətlər, tökülən qardaş qanı dayandırılmalı, dövlət çevrilişlərinin qarşısı alınmalı, ölkədə qayda-qanun bərpa edilməliydi.

Faktiki olaraq, Azərbaycan müstəqilliyini itirmək və parçalanmaq təhlükəsilə üzləşmişdi. Ulu öndər Heydər Əliyev sonralar bu hadisələrlə bağlı çıxışlarının birində deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Ölkə rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə hadisələrinin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Gəncə hadisələrini araşdıran komissiyanın yekun protokoluna diqqət yetirək: "Şahidlərin məlumatından və komissiya üzvlərinin müşahidələrinə əsasən məlum olmusdur ki, 4 iyun 1993-cü il tarixdə, səhər saat 6 radələrində 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 nömrəli hərbi hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitəsilə geniş hücum təşkil edilmiş, tank tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən 12 nəfəri əzilmiş və vəhşicəsinə məhv edilmişdir. Eyni zamanda həmin kazarma top, minamyot və başqa silahlardan atəşə tutularaq tamamilə yandırılmış və daş-kəsək altında əsgərlərin cəsədləri qalmısdır. Komissiyanın məlumatına görə, basqın zamanı 69 nəfər hərbi qulluqçu və mülki şəxs öldürülmüş, 150-dən çox əsgər və zabit yaralanmışdır. Qarşı tərəfin cavab atəşi nəticəsində Bakıdan və ətraf rayonlardan gətirilmiş daxili qoşunların xüsusi təyinatlı dəstələri tərk-silah olunmuş, 1250 hərbi qulluqçu girov götürülmüşdür...".

1993-cü il iyunun 15-də Milli Məclisin iclasında təşkilati məsələyə baxıldı. İclasda iştirak edən Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi. 17 iyun 1993-cü ildə Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək doğulduğu Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə getdi. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırdı. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyini öz üzərinə götürdüyünü elan etdi.

Həmin vaxt respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarma-qarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmışdı. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoydu, onun gərgin zəhməti və dühası hesabına respublikada siyasi sabitliyə nail olundu. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş başlandı, əmin-amanlıq bərqərar oldu. Dahi insanın ən dəyərli kəlamlarından biri belədir ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ikiqat çətin və məsuliyyətlidir. Milli Məclisin sədri Heydər Əliyev tərəfindən 1993-cü il iyulun 16-da iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə qərarı təsdiq edildi. Qərarda qeyd edilirdi ki, 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir. Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri Azərbaycan Respublikası prezidentinin, onun ətrafındakıların səbatsız siyasətinin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur. İqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq olmuşdur. Bütün yuxarıda göstərilən tədbirlər Gəncə şəhərində, respublikada silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur. Təəccüblü odur ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda Azərbaycan Respublikasının prezidenti Ə.Elçibəy, Ali Sovetin sədri İ.Qəmbər, baş nazir P.Hüseynov, dövlət katibi Ə.Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbirlər həyata keçirməmişlər. Komissiyanın materialları, rəyi və Milli Məclisdəki müzakirələr bir daha təsdiq edir ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirmiş, vətəndaş müharibəsi həddinə çatdırmışdır. Respublikada hakimiyyət böhranı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdir. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, külli miqdarda itkilərə səbəb olmuşdur. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilsin.

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Cəsarətlə deyə bilərik ki, türk dünyasının lideri Heydər Əliyev dühasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək.

Salman ALIOĞLU,

"Respublika".