Gələcəyə hədəflənmiş, milli maraqların təmin olunmasına hesablanmış uğurlu siyasət
Siyasət

Gələcəyə hədəflənmiş, milli maraqların təmin olunmasına hesablanmış uğurlu siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət konsepsiyasında dünya dövlətləri ilə hərtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, daha da genişləndirilməsi prioritet təşkil edir. Dövlət başçısının müdrik, uzaqgörən siyasəti və bunun fonunda dünya liderləri arasında yüksək etibar və etimad qazanması ölkəmizin əməkdaşlıq etdiyi ölkələrin, tərəfdaşlarının sayını gündən-günə artırır. Qarşılıqlı maraqlara söykənən, inkişafa, tərəqqiyə xidmət edən çoxşaxəli əməkdaşlıq, dostluq münasibətləri müstəqil siyasət yürüdən Azərbaycan dövlətinə və onun liderinə olan inam, etibar və etimadın yüksək göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanı siyasi dialoq və əməkdaşlıq platformalarında sülhsevər, tolerant, nəinki regionda, bütün dünyada sülhə, əmin-amanlığa mühüm töhfə verən ölkə səviyyəsinə yüksəltmişdir. Ölkə başçısının milli mənafeləri qorumağa yönəlik düşünülmüş, məqsədyönlü müstəqil xarici siyasəti nəticəsində Azərbaycan etibarlı tərəfdaşa, eyni zamanda dost, müttəfiq ölkəyə çevrilmişdir.

Dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində liderlik qazanan, bu istiqamətdə ümumi səylərini və imkanlarını birləşdirməyə hər zaman hazır olan, dünyanın təhdid və çağırışlarına qarşı durmağa, sabit inkişaf və təhlükəsizliyə nail olmağa çalışan Azərbaycanın xarici siyasətinin əsasını dünya ölkələri ilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək, ticarət əlaqələrini genişləndirmək və mədəni-humanitar mübadiləni stimullaşdırmaq kimi məsələlər təşkil edir. Beynəlxalq münasibətlər sistemində çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində regional güc kimi qəbul edilən Azərbaycan dövləti bu gün çoxtərəfli əməkdaşlıq sahəsində böyük uğurlara imza atır.

Regional əməkdaşlıq təşkilatı olan, son illərdə beynəlxalq arenada nüfuzu gündən-günə artan, 2001-ci il iyunun 15-də Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin birgə görüşü zamanı "Şanxay beşliyi"nə daxil olan ölkələr arasında əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq, təhlükə və çağırışlara qarşı mübarizədə birgə imkanlardan istifadə etmək məqsədilə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti bu kontekstdə daha qabarıq şəkildə özünü göstərir. Belə ki, üzv dövlətlər arasında mehriban qonşuluq və dostluq, çoxtərəfli regional dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi məqsədilə yaradılan təşkilat həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində fəaliyyətini getdikcə daha da artırır. Dünyada böyük coğrafi ərazini və planetimizin əhalisinin yarısına qədərini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna malik olması ölkəmizin dünya ölkələri arasında qazandığı inam, etibar və etimadın nümunəsidir.

Terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması məsələlərini prioritet olaraq müəyyənləşdirən təşkilat ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı ilə bərabər ölkəmizin də ŞƏT ilə dialoq tərəfdaşı olması Azərbaycanın qarşısında böyük perspektivlər açır. Bu baxımdan, Azərbaycan ŞƏT-lə əməkdaşlığa böyük önəm verir. Şanxay Əməkdaşlıq Təşkilatı üçün də ölkəmiz mühüm əhəmiyyətə malikdir. Belə ki, Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ən qısa və iqtisadi cəhətdən əsas beynəlxalq ticarət yollarını birləşdirən əlverişli logistik mərkəz olması ölkəmizin ŞƏT üçün önəmini artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin düzgün və gələcəyə hədəflənmiş siyasəti sayəsində bu gün ölkəmiz qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu istiqamətdə böyük layihələr həyata keçirir. Avropa bazarında etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan yaxın gələcəkdə qitə üçün həm də enerji təchizatçısına çevriləcək. Nəhəng neft-qaz ehtiyatlarına malik olan Azərbaycan məqsədyönlü şəkildə yürütdüyü enerji siyasəti ilə enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi sahəsində ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirərək qarşılıqlı etimadı gündən-günə artırır. 2014-cü ildə təməli qoyulmuş və Azərbaycanın enerji strategiyasının tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin bu gün 3500 kilometrlik məsafəni qət etməsi tərəfdaşlar arasında möhkəm əsaslar üzərində qurulmuş əməkdaşlığın bariz nümunəsidir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutlarının və Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın iştirakı ilə Cənub Qaz Dəhlizinin uğurla tamamlanması beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olan ölkəmizin artan gücünün, potensialının göstəricisidir.

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən ölkə başçımız İlham Əliyev Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və şaxələndirilməsində mühüm rol oynayacaq bu layihənin əhəmiyyətini iki ildir ki, Avropa bazarlarında qərarlaşmış Azərbaycan qazının artıq Bolqarıstana daxil olacağını vurğulayaraq demişdir: "Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir".

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsilə Azərbaycan qazının Bolqarıstana nəql olunması regionda təbii qaz şəbəkəsinin genişlənməsində mühüm rol oynayacaq. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər öncə gələcəyə hədəflənmiş məqsədyönlü, düşünülmüş, milli maraqların təmin olunmasına hesablanmış uğurlu siyasətinin nəticəsidir. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın bu layihədə iştirakının böyük əhəmiyyətini qeyd edən Serbiya Prezidenti Aleksandr Vuçiç çıxışı zamanı - "Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim" fikri Azərbaycan Prezidentinin hərtərəfli, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti aparan lider olduğunu bir daha isbat edir.

Mehparə ƏLİYEVA,

"Respublika".