Füzuliyə qayıdırıq - yaşamağa, qurmağa, qorumağa
Sosial həyat

Füzuliyə qayıdırıq - yaşamağa, qurmağa, qorumağa

Birinci Dünya müharibəsi dövründə "şəhid şəhərlər" termini yaranıb. Amansız müharibənin qarsaladığı dünyanın bir çox bölgələrində belə şəhərlər var. Serbiyalı memar Boqdan Boqdanoviçin belə şəhərlər haqqında fikirləri daha dəqiq və sərrastdır: şəhəri öldürmək nə deməkdir? Bu, onun gücünü əlindən almaq, onun metafizik mahiyyətini, yaşamaq iradəsini, özünəməxsusluğunu boğmaq; (...) onun haqqında xatirələri silmək, onun keçmişini və bu gününü məhv etmək deməkdir. Ötən əsrin 60-cı illərində latın dilindən "şəhərə qarşı zorakılıq" kimi tərcümə olunan "urbisid" termini yaranıb. Yəni şəhərlərin dağıdılması oradan didərgin düşən insanların yaddaşının silinməsi deməkdir.

Ermənistan 30 il ərzində planlı şəkildə, qəsddən və bilərəkdən işğal altında saxladıqları şəhərlərdə və kəndlərdə urbisid törədiblər. Ermənilər xüsusi qəddarlıqla və etnik nifrət zəminində Ağdam və Füzuli şəhərlərini yer üzündən silərək həmin yerləri kabus şəhərə çeviriblər. Tarixi qələbədən sonra Füzulidə olan əcnəbi jurnalist yazıb ki, şəhər təbiətlə baş-başa qalmışdı, dünyanın sonu haqqında filmdən bir dekorasiyaya bənzəyirdi. Burada yalnız Azərbaycan hərbçilərinin köməyi ilə və yalnız əsas yollarla hərəkət etmək mümkündür, onlardan başqa hər yer minalanıb. Azərbaycan hərbçiləri Füzuli şəhərini işğaldan azad edəndə bayraqlarını sancmaq üçün bir dənə də olsun salamat bina tapa bilmədilər.

Qələbə və Zəfər yolu da məhz Füzulidən başlayıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarının ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olunub. İşğalçı Ermənistan Füzulinin necə böyük əhəmiyyət daşıdığını nəzərə alaraq burada çox güclü hərbi istehkamlar yaradaraq əraziyə ağır döyüş texnikaları yerləşdirmiş və eyni zamanda, otuz ilə yaxın burada möhkəmlənmişdi. Buna baxmayaraq, ermənilərin və havadarlarının güvəndiyi bu istehkamları, müdafiə xətlərini, yeraltı tunelləri, yüksəklikləri yarıb keçmək ordumuzun qəhrəmanlığını və fədakarlığını nümayiş etdirdi. Qarabağda ən mühüm strateji məkanda yerləşən Füzuli şəhərinin erməni işğalından azad edilməsi Azərbaycan ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Oktyabr ayının 16-da ordumuzun qəhrəman əsgər və zabitləri tərəfindən Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndləri işğalçılardan azad ediləndən sonra Silahlı Qüvvələrimiz tərəfindən Füzuli şəhəri bir neçə istiqamətdən mühasirəyə alınaraq oktyabrın 16-dan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüşlər aparıb. Səkkiz gün qanlı döyüşlər gedib. Düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb. Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə öz həddini, öz yerini göstərdi. Təbii ki, döyüşçülərimizin şücaətini, igidliyini, fədakarlığını görən düşmənin istər-istəməz gözü qorxdu və onlar vahiməyə düşdülər.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Füzuli döyüşləri haqqında deyib: - Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı. On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir.

Qeyd edək ki, Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində, Araz çayına qədər olan düzənlikdə yerləşir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə təxminən 144 min nəfərdir. Ərazisindən Quruçay, Köndələnçay, Qozluçay və Çərəkən çayları keçir. Bu torpaqlarda zəngin tarixi abidələr mövcuddur, mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülər olub. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib. Həmin abidələrin qalıqları indi ermənilərin rəzilliyindən və etnik nifrətindən xəbər verir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan rayonun tarixinə təəssüf ki, qara səhifələr də yazılıb. 1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan ordusu, muzdlu dəstələr, terrorçular və onların havadarları tərəfindən işğal olunub. İşğal nəticəsində 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən zəbt edilib və 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından didərgin düşüb. Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiə edilməsi zamanı Füzuli rayonundan 1100 nəfərdən çox şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb.

İşğaldan təxminən beş ay sonra cəbhədə erməni silahlı qüvvələrinin hücumu dayandırılıb. Belə ki, 1993-cü il dekabr ayının əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayının əvvəlində milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. İlk qələbə təbii ki, erməni işğalından əziyyət çəkən insanlara ümid və inam gətirdi. 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı Füzuli istiqamətində hektarlarla torpaq işğalçılardan azad edildi və çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə "Füzulinin azad olunmasına görə" medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 25167 hərbi qulluqçu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

44 gün davam edən və tariximizə ən şərəfli səhifə kimi daxil olan Vətən müharibəsində Füzulidən 74 nəfər şəhid olub, onlarla insan yaralanıb, bir çoxu müharibə əlilidir.

Şanlı Azərbaycan ordusunun bölmələri Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. 2020-ci ilin noyabrın 16-da tarixi qələbədən 6 gün sonra dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna səfəri zamanı bir sıra infrastruktur layihələrin icra edilməsi üçün təməlqoyma mərasimində iştirak ediblər. Cəmi 8 aya inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi 2021-ci il oktyabrın 26-da Prezidentimiz İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub.

Qeyd edək ki, Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi qazandığımız parlaq Qələbənin daha bir simvoludur. Torpağa məhəbbətin və milli düşüncənin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası dövlət başçımız İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yol gələcək nəsillər və tarix üçün əbədiləşdirildi. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.

Başqa bir mühüm nəqliyyat qovşağı hesab olunan Əhmədbəyli-Füzuli-Şuşa yolunda tikinti işləri artıq yekunlaşır. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometrdir. Hər iki yol boyunca tunellər, körpülər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb. İnşası davam etdirilən və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) ən iri infrastruktur layihələrdən hesab olunur. Qalib Ali Baş Komandan İlham Əliyev tərəfindən 2022-ci il fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi sürətlə davam etdirilir. Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin tərkib hissəsidir. Layihənin icrası nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Yolun tikintisi 2024-cü ildə başa çatacaq. Çətin relyefi olan yerlərdə yolların çəkilməsi, tunellərin qazılması, körpülərin tikintisi sözün əsl mənasında, fədakarlıq və işgüzarlıq tələb edir. Fərəhli haldır ki, Füzuli şəhərindəki birinci yaşayış məhəlləsinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma üzrə 144 ailə (509 nəfər) mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Hazırda Füzulidə 38 bina tikilir və tikinti-quraşdırma işləri sürətlə aparılır, ilin sonunadək 800 ailənin Füzuli şəhərinə qayıdacağı nəzərdə tutulub.

İşğaldan azad edilən ərazilərdə aparılan işlərin əlaqələndirmə qərargahının nəzdində ona yaxın işçi qrupu fəaliyyət göstərir. Həmin qərargahdan verilən məlumata görə sentyabr ayında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Qardaş Özbəkistan tərəfindən şəhərdə inşa edilən 960 şagirdlik tam orta məktəb demək olar istifadəyə hazırdır. Qazaxıstan dövləti isə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini füzulililərə hədiyyə edir. Qeyd edək ki, Füzuli şəhərinin Baş planı təsdiq edilib və bu plana əsasən 2040-cı ilədək şəhərdə 50 min nəfərin məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri, hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər Parkı salınacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da yaradılacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çoxmərtəbəli binalarla yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.

2026-cı ilin sonuna qədər Füzuli şəhəri ilə yanaşı, burada 10 kəndin bərpası da nəzərdə tutulur. Bunlardan üçünün bərpasına bu ilin sonuna qədər başlanılacaq. Bunlar Dövlətyarlı, Pirəhmədli və Dədəli kəndləridir, digərlərinin bərpa işlərinə isə növbəti illərdə başlanılacaq. Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq "Ağıllı kənd" layihəsi ilə tanış olublar. Yaşıl və alternativ enerjinin, "ağıllı idarəetmə" sisteminin tətbiq ediləcəyi kənddə üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə "Ağıllı kənd" təsərrüfatı sahəsi olacaq. Burada kartofçuluq sahələri yaradılacaq və 40 daimi, 300-dək mövsümi iş yeri olacaq. Bundan başqa, kənddə yaradılacaq quşçuluq təsərrüfatında ilkin mərhələdə 85 nəfər işlə təmin olunacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçirilir. Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib.

Füzuli həm də aqrar rayondur və burada yaxşı əmək ənənələri yaranıb, keçmiş sovetlər dönəmində taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik və tərəvəzçilik inkişaf etdirilib. Hazırda Füzuli rayonu ölkəmizdə iri taxıl istehsalçısıdır, belə ki, cari mövsümdə rayonda 118 min tondan çox taxıl istehsal edilib. Xatırladaq ki, rayonun böyük hissəsi otuz ilə yaxın erməni işğalı altında qalıb, min hektarlarla münbit torpaq əkin dövriyyəsindən çıxarılıb. Dəymiş ziyan göz qabağındadır. Mütəxəssislərin qənaətinə görə işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası hesabına xüsusilə taxıl, pambıq, yem bitkiləri və heyvandarlıq məhsulları istehsalında artım təmin ediləcək. Belə ki, bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalının təqribən 400 min ton, ət istehsalının 45 min ton və süd istehsalının 240 min ton artırılması imkanları mövcuddur. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin həyata keçirilməsi işləri aparılır. Artıq cari mövsümdə 10 min hektarlarla torpaq sahəsi əkinə cəlb edilib. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalı 130.4 min tona çatdırılacaq. İşğaldan azad edilmiş ərazilərin, o cümlədən Füzuli rayonunun ölkə iqtisadiyyatına reinteqrasiyası heç də uzaqda deyil, artıq bu ərazilərdə dayanıqlı iş yerləri yaradılır.

Ötən il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı açılış və təməlqoyma mərasimlərində iştirak ediblər. Dövlətimizin başçısı bildirib ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər.

Füzuliyə, 30 ildən sonra doğma yurda qayıdanların ürək sözləri, sonsuz sevinci, keçirdikləri qürur və iftixar hissi bütün keçmiş məcburi köçkünlərin könlündən keçən ən dəyərli və qiymətli fikirləri ifadə edir. Ağalıya, Talışa, Laçına, Füzuliyə köçən insanlar bu gün çox qürurluyuq, çox sevinirik, taleyimizin ən sevincli günüdür söyləyirlər. Qarşımızda yeni həyat başlayır, çox həyəcanlıyıq Doğma yurd yerlərinə qayıdış xoşbəxtliyini bizə bəxş edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Salman ALIOĞLU,

"Respublika".