Füzuliyə növbəti köç karvanı yola düşdü
Sosial həyat

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bu günlərdə köç karvanları Füzuliyə daha çox üz tutur. İndiyədək şəhərdə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib. "Böyük Qayıdış" proqramı çərçivəsində Füzuliyə keçmiş məcburi köçkünlərin köçürülməsi ilə məktəbdə də iş canlanıb.

960 yerlik Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə bu tədris ilində 11 sinifdə 123 şagird və 15 müəllimlə dərslərə başlanılıb. Birinci yarımilin son gününə olan məlumata əsasən, məktəbdə elektron sistemdə qeydiyyatdan keçən 336 şagird təhsil alır. Şagirdlərin sayının artdığını nəzərə alaraq sıxlığın qarşısını almaq üçün siniflərin də sayları artırılıb. Doğma yurdlarına qayıdanlar arasında savadlı, peşəkar müəllimlər olduqca çoxdur. Şagirdlərin çoxalması ilə paralel olaraq müəllimlər də işə cəlb edilir. Bu da hər iki tərəfi razı salır.

Doğma yurda illər sonra yenidən qayıtmaq sanki dünyaya bir də gəlmək kimidir. İlk baxışda hər şey yad görünsə də, vətən hissi daha doğmadır. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması nəzərdə tutulub. Müvafiq sahələrdə ciddi işlər görülür. Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta, 13 məktəbəqədər, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb. Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilir.

Xüsusi vurğulamaq lazımdır ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb, bu il isə Qazaxıstan dövləti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib. Füzulililər üçün unudulmaz hədiyyə olan bu tikililər iki ölkə arasındakı münasibətləri yüksək səviyyədə qiymətləndirmək üçün kifayətdir. Bunu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də çıxışı zamanı təsdiq edib. O bildirib ki, bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir: "Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən "BI Group" özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq. Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir".

Bundan başqa, azad olunmuş ərazilərimiz "yaşıl enerji zonası" da elan edilib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə, su, qaz, elektrik, istilik, infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Qısa zamanda Füzuli şəhərində reallaşan infrastruktur layihələri, abadlıq və quruculuq işləri bir daha Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Bu da azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir.

Qeyd edək ki, aprelin 23-də daha bir köç karvanı 39 ailə (150 nəfər) Füzuliyə yola salınıb.

Röya RÜSTƏMLİ,

"Respublika".