Füzuli sakinləri doğma yurdlarına dönür
Sosial həyat

Füzuli sakinləri doğma yurdlarına dönür

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Şəhərin ilk adı olan Qarabulaq 1959-cu ildə dəyişdirilərək böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə Füzuli adlandırılıb. 1993-cü ildə ermənilərin rayona hücumu nəticəsində şəhər özü də daxil olmaqla 58 kənd işğal altına düşüb. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb ki, bu da Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Tarixi dini abidələrlə, xüsusən də türbələrlə zəngin qədim diyarımız ermənilər tərəfindən dağıdılıb və memarlıq abidələrimizə qarşı vandalizm aktları törədilib. Bu abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirir. Müqəddəs ocaqların bir qismini mal tövləsinə çevirən barbarlar bu əməlləriylə bir daha necə təcavüzkar dövlət olduqlarını dünyaya sübut etdilər. Bütün bu cinayət əməlləri tək bizə yox, bəşəriyyətə qarşı soyqırımıdır. Şübhəsiz ki, bu vəhşiliklərə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verəcək.

1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. O zaman işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayırdı. Bu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılmış ilk qələbəmiz idi. Onun layiqli davamçısı, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində 2020-ci il 17 oktyabrda Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsinin gedişində əldə olunmuş ən əhəmiyyətli döyüşlərdən biri oldu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə silahlarını qoyub qaçırdı. Bu gün artıq bütün dünyaya açıq-aydın bəllidir ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik bir ordudur.

Vaxtilə yurd-yuvalarından didərgin düşmüş insanlar doğma torpaqlarına, evlərinə geri dönməyi səbirsizliklə gözləyirlər. İndi də həmin torpaqlarda bərpa-quruculuq işləri aparılır. Bütün ərazilər kimi, Füzulidə də işlər sürətlə davam edir. Qısa müddət ərzində inşa edilən hava limanı, Zəfər yolunun çəkilişi, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi görülən işlərə misaldır. Eyni zamanda yaşayış məntəqələrinin su və elektrik enerjisinə olan tələbatı tam təmin olunub. Kənd sakinlərinin istifadə etməsi üçün hayların 30 il ekoloji terror törətdiyi su anbarları da bərpa edilir.

Prezidentin bəyan etdiyi kimi, Füzuli tamamilə yenidən qurulur. Ölkə başçısının buraya səfəri zamanı bir neçə önəmli obyektin, iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyulub. Bu günə qədər Füzulidə 800-dən çox insan məskunlaşıb və ilin sonuna qədər burada təqribən 2 minə yaxın vətəndaşımızın yaşayacağı planlaşdırılır. Qeyd etməliyik ki, ölkə başçımız müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. Cari il avqustun 18-də Füzuli şəhərinə ilk köç başladı, 90 nəfərdən ibarət 23 ailə doğma şəhərinə qayıtdı. Avqustun 5-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib, püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Növbəti köç karvanı 7 sentyabr, 10 oktyabr tarixlərində baş tutub. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Daha bir köç karvanı noyabrın 24-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə doğma yurdlarına daha 25 ailə (72 nəfər) köçürülüb. Gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1000 nəfərin daimi məskunlaşması təmin edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".