Fransız xalqı daha “kef
Digər xəbərlər

Fransız xalqı daha “kef" edə bilmir

Zəngin tarixi diplomatiyası olan Fransa kimi nəhəng dövlət Emmanuel Makron hakimiyyətinin yarıtmazlığı üzündən iflasa doğru gedir. Bu yarıtmazlıq isə fransız xalqının "kef"ini korlayır. Ölkə daxilindəki iğtişaşlar, mitinqlər, ciddi sosial-iqtisadi problemlərin yaranması, inflyasiya, pensiya islahatları xalqın səbrini daşırıb. Fransa xalqı Emmanuel Makron kimi erməni lobbisinin hakimiyyətə gətirdiyi şəxsi prezident kimi qəbul edəndə başına gələcəklərə hazır olmalı idi. Ermənistanın "bacısı" olan Fransa hakimiyyəti üzdə özünü demokrat kimi göstərsə də, mahiyyətcə ikiüzlüdür. Torpaqlarımızın 30 illik işğal müddəti ərzində, xüsusilə Makron hakimiyyəti dövründə Fransa hər vəchlə Cənubi Qafqazda sülhün və sabitliyin əldə edilməsinə mane olmağa çalışıb.

Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətlərindən biri idi. Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün yaradılmış, 44 günlük Vətən müharibəsindən sonra fəaliyyətini de-fakto dayandırmış keçmiş Minsk qrupunun həmsədri olduğu müddətdə Fransanın təmsilçiləri həmişə Azərbaycana qarşı qərəzli münasibət göstərərək erməniləri işğal siyasətini davam etdirməyə şirnikləndiriblər. Açıq-aydın bəlli olur ki, 2020-ci ildə Azərbaycan torpaqlarının işğalına son qoyulması və Ermənistanın kapitulyasiya aktını imzalaması, eləcə də İkinci Qarabağ müharibəsindən sonra həm Avropa İttifaqı Şurasının, həm də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə müxtəlif formatlarda aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunması, sülh müqaviləsinin imzalanması prosesinə başlanılması üçün atılan addımlar Fransanı ciddi narahat edir. Makron hakimiyyəti açıq-aşkar işğalçı Ermənistanın tərəfini saxlayır. Qeyd etmək lazımdır ki, Fransa Prezidenti davranışı, çıxışları ilə daha çox ermənilik edir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dediyi halda, Emmanuel Makron bu reallığı qəbul etmək istəmir. Emmanuel Makronun davranışını, çıxışlarını və siyasətini görənlər, anlayanlar Fransa dövlətinə acıyırlar. Çünki azından son yüz ildə Fransaya belə bir prezident başçılıq etməyib.

Fransa prezidentinin əsas "gündəminə" çevrilən Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibətdə də Makronun ermənipərəstliyi açıq-aşkar görünməkdədir. Makron açıq şəkildə etiraf edir ki, münaqişə əsrlərdir davam edir, amma qərəzli olaraq mahiyyətə varmır. Ermənilər artıq neçə əsrdir ki, Azərbaycana qarşı haqsız ədavət aparır, torpaq iddiası irəli sürür, soyqırımı həyata keçirir. Fransa isə bütün revanşist addımlarında Ermənistanın yanında durur.

Fransanın Ermənistana dəstək nümunələrindən biri də Zəngəzurda konsulluq açmaq niyyətidir. Belə ki, Fransa Zəngəzurda-Gorusda konsulluq açmaq üçün hərəkətə keçib. Bu təkliflə Fransa Milli Assambleyasında Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petel və Senatda analoji qrupun sədri Gilbert-Lyuk Devinaz Fransanın xarici işlər naziri Ketrin Kolonnaya rəsmi məktub göndərib. Fransa parlamentarilərinin fikrincə, Ermənistan Respublikasının cənubunda yerləşən Sünik rayonu əhalinin ən az məskunlaşdığı dağlıq rayon olsa da, coğrafi təcridinə baxmayaraq, 4500 kvadratkilometr ərazisi ilə Cənubi Qafqazın geosiyasi məsələlərində mərkəzi yer tutur.

Xatırlatmaq yerinə düşər ki, İran və Rusiya da Zəngəzur ərazisində, Qafanda konsulluq açmışdı. Belə bir sual ortaya çıxır: İran, Rusiya Qafanda konsulluqlarını açmaqla orada yaşayan erməniləri nədən və nə cür müdafiə edə bildilər ki, Fransa da buna tamahlanır? Bundan əlavə, Fransa üçün Zəngəzur dəhlizinə burunlarını dürtməkdən daha vacib və həm də əndişə yaradan məsələ Azərbaycanın Türk dünyasını birləşdirəcək Trans-Xəzər layihəsinin qarşısını almaqdır. Fransız senatorların narahatlığına səbəb olan Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcək Trans-Xəzər layihəsinin bir hissəsinin reallığı heç də uzaqda deyil. Bunu Cənubi Qafqazda sülhün vasitəçisi, yaxud tərəf kimi marağı olan dövlətlərdən heç biri əngəlləyə bilməyəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".