Fransanın növbəti irqçi cinayətləri
Digər xəbərlər

Fransanın növbəti irqçi cinayətləri

Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmə polis zorakılığının qurbanı olub. Qətlə yetirilən gənc Əlcəzair əsillidir. Buna görə də hadisənin Fransada demək olar ki, adət halını almış irqçilik zəmnində baş verdiyi bildirilir.

Onu da qeyd edək ki, baş verənlərdən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanter şəhərində etiraz aksiyaları keçirilib. Məhz bundan sonra 24 nəfər saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Ötən il irqi zəmində baş verən eyni hadisə səbəbindən 13 nəfər öldürülüb. Xüsusi vurğulamaq lazımdır ki, polisin olduqca soyuqqanlı şəkildə silahsız yeniyetməni qətlə yetirməsi Fransa hakimiyyətinin irqçiliyinin nümunəsidir.

Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir vətəndaşların ictimai mahiyyətli tələblərinə əməl etmir. Zaman-zaman bu məsələ ilə bağlı etiraz aksiyaları keçirilsə də, Makron hakimiyyəti buna məhəl qoymayıb. Məhz ona görə də, polisə tabe olmadığına görə öldürülən 17 yaşlı gəncin hərəkətini itaətsizlik kimi qiymətləndirmək olar. Çünki artıq Fransa cəmiyyəti tələblərinə məhəl qoymayan hakimiyyətə itaət etmək istəmir. Qeyd edək ki, etiraz aksiyaları Fransanın 20-ə yaxın şəhərini əhatə edir.

Mövcud hakimiyyətin Fransa cəmiyyətində irqi, dini, etnik ayrı-seçkiliyi dərinləşdirməsi kütləvi iğtişaşlara səbəb olur. Xatırladaq ki, bu ilin may ayının 1-də Fransa Birləşmiş Millətlər Təşkilatının (BMT) yenidən tənqid hədəfinə çevrilib. İnsan Hüquqları Şurası Fransada insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələrdən sonra çox sayda ölkə Fransaya qarşı zorakılıq və irqi ayrı-seçkiliklə bağlı mübarizə səylərini gücləndirməyə çağırıblar. Hətta BMT və QHT-lər tərəfindən mütəmadi olaraq ciddi insan haqları pozuntularına görə pislənən bir sıra ölkələr belə, Fransada polis zorakılığını tənqid ediblər. Son illərdə BMT kimi böyük beynəlxalq qurumların Fransaya irqçiliklə bağlı çağırışları Makron hakimiyyətinin diktaturasından xəbər verir.  

Maraqlısı isə odur ki, Fransa dünyaya demokratiya dərsi keçir, lakin öz daxilindəki diktaturanı susdura bilmir. Baş verən bu hadisə keçmişə nəzər salmağa vadar edir. Vaxtilə Afrikada insanları məhkəməsiz qətlə yetirən Fransa polisi, indi Əlcəzair əsilli yeniyətməni atəş açaraq öldürür. Həmin dövrlərdə Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb və hələ də onların xəritələrini yerli hakimiyyətə verməkdən imtina edir. Bütün bunlar həm də mənfur Ermənistanın Fransanın yolu ilə getdiyinin göstəricisidir. Hər iki ölkəni dost edən səbəbin təcavüzkarlıq olması bəllidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı müddətində Keçmiş ATƏT-in Minsk qrupu bir dəfə də olsun həlledici addımlar atmadı. Buna səbəb həm də qurumun həmsdərlərindən birinin Fransa olması idi.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Fransanı olduqca narahat etdi. Müharibədən sonra Fransanın anti-Azərbaycan mövqeyi Senatın qəbul etdiyi qətnamələrdən də bəllidir. Bununla yanaşı, Fransa bir sıra beynəlxalq qurumlara da təsir göstərə bilib. Bunlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Lakin Parisin təkidi ilə Azərbaycana qarşı əsassız sənədlər qəbul edən AŞPA Fransada baş verən insan hüquqularının tapdanması faktına hələ də susur.

Eyni zamanda, Fransada Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri həm də İslamofobiyadır. Halbuki, İslamofobiya bəşəriyyətə qarşı cinayətdir. Ümumiyyətlə, Fransada irqçilik, İslamofobiyanın artıq danılmaz bir faktdır. Bu fonda xatırlanmalıdır ki, 2 sentyabr 2020-ci il tarixində Fransanın Charlie Hebdosatirik jurnalı 2015-ci ildəki əməllərini təkrarlayaraq, Həzrəti Məhəmməd peyğəmbərin karikaturasını yenidən çap etdi. Emmanuel Makron isə açıq-aydın şəkildə jurnalı dəstəklədiyini bildirdi. Hakimiyyəti irqçi, islamofob olan bir dövlətdən bundan artıq nə gözləmək olardı ki?! Beynəlxalq qurumlar Fransada baş verən vəhşiliklərə, irqi, dini, etnik ayrıseçkiliyə göz yummamalıdır. Əks təqdirdə bu, gələcəkdə daha geniş vüsət alacaq.

Nuranə DAXİLQIZI,

Respublika”.