Fransa təhrikçi şoulardan əl çəkməlidir
Digər xəbərlər

Fransa təhrikçi şoulardan əl çəkməlidir

Azərbaycan XİN Paris meri Ann İdalqonun təxribatçı addımları ilə bağlı səfir Ann Buayonu Nazirliyə çağıraraq ona nota verib. Bildirilib ki, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiətilə "humanitar yük" adı altında Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi yolverilməzdir. Dildə özünü "humanizm simvolu" adlandıran Makron isə hər dəfə ortalığa yeni bir obraz çıxardaraq təxribatçı əməllərindən əl çəkmir.

44 günlük müharibədə qazandığı zəfərlə Azərbaycan öz qüdrətini bütün dünyaya nümayiş etdirib. Ancaq görünür bu qalibiyyətlə bölgədə gücümüzün artması Cənubi Qafqazda mövqe tutmaq istəyənlər üçün narahatlıq doğurub. Ermənistan və havadarı Fransa Azərbaycana qarşı yalan bəyanatları və böhtan dolu çıxışları ilə öz xislətini büruzə verib. Bununla ölkəmizə qarşı sanksiya tətbiq etməyə çalışanlar hər zaman layiq olduqları sərt cavabı alıb və susdurulub. Belə ki, Azərbaycana qarşı daim ermənipərəst siyasət yürüdən rəsmi Paris Ermənistanın "humanitar yardım" və "blokada" şousunda da öz mövqeyini qoruyub.

Azərbaycan tərəfi erməni əsilli şəxslərə yardım göndərməklə öz sülhpərvər davranışını bir daha nümayiş etdirib.

Bölgədəki vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı müzakirələr aparmaq üçün avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Təbii ki, ilk öncə "kiçik bacısı" olan Paşinyana zəng etməyi unutmayıb. Prezident Emmanuel Makron bu mövzunun həlli ilə bağlı Fransanın Azərbaycanın müvafiq qurumları ilə əlaqəsinin davam etməsini təklif edib. Lakin Rəsmi Paris təxribat xarakterli hərəkətləri də davam etdirib. İrəvandan Qarabağa gedən Paris meri şəxsən rəhbərlik etdiyi konvoydakı TIR-ların üzərində "Fransadan humanitar yardım" kimi yazılar yazılıb. Bu cür fəaliyyət Makronun qeyri-səmimi olduğunu ifşa edir.

Danışıq zamanı Ağdam-Xankəndi yolunda Ermənistan tərəfinin siyasi manipulyasiyaları və bölgədə yaratdığı maneələr haqqında məlumat verən dövlət başçımız Ermənistan və qondarma rejimin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etdiyini də qeyd edib.

Fransa və Azərbaycan arasında iqtisadi sərmayələri, qarşılıqlı maraqların üst-üstə düşməsinə baxmayaraq, Makron ermənipərəst mövqeyindən əl çəkmir.

Makronun gözündə Ukrayna ilə Ermənistan eyni dövlətdir. Düşünür ki, ikisindən alət kimi istifadə edib regionda güclənmək olar. Təəssüf ki, Ukrayna xalqı bunu vaxtında başa düşsə də, haylar hələ də öz əlləriylə quyularını qazmağa davam edirlər. Rusiya kimi supergücün zəifləməsi üçün özünü "humanizmin beşiyi" kimi qələmə verən Fransa, regionda getdikcə güclənən Azərbaycana qarşı da eyni addımı atır.

Ukraynadan fərqli olaraq, Makronun ermənilərlə işi hələ çoxdur. Regionda güclənmək üçün Makrona haylar hava və su kimi lazımdır. Fransada erməni sakinlərinin çoxluq təşkil etməsi Makrona sərf edir. Ötən il prezident seçkilərində ikinci dəfə qələbə qazanmasında erməni lobbisinin dəstəyindən geniş istifadə etmişdi.

Nurcan SÜLEYMANOVA,

"Respublika".