Fransa Cənubi Qafqazı öz orbitinə daxil etməyə çalışır
Siyasət

Fransa Cənubi Qafqazı öz orbitinə daxil etməyə çalışır

Azərbaycan 23 saat davam etmiş antiterror tədbirləri ilə ərazilərində suverenliyini bərpa edib. Revanşist, separatist qüvvələri öz torpaqlarından qovub. Bununla da dəyişən reallıqlar fonunda regionda Azərbaycanın mövqeyi güclənib, ölkəmiz sübut edib ki, öz daxili problemlərini özü həll etməyə qadirdir. Dövlətimizin güclənən mövqeyi, Cənubi Qafqazda müstəqil siyasətin hökm sürməsi bəzi qüvvələrin narahatlığına səbəb olub.

Son məlumatlara əsasən, Qarabağ ərazisindən çıxarılmış xunta rejiminin tör-töküntüləri, separatistlər Fransaya göndərilib. Onlar burada müəyyən təlimlərə cəlb olunub, revanş məqsədilə istifadə edilmək üçün hazırlanır. O da iddia edilir ki, bu qüvvələr Rusiyaya qarşı istifadə ediləcək. Lakin buna inanmaq absurd görünür.

Bütün bunlar onu göstərir ki, Ermənistanda revanşist meyillər hələ də güclüdür. Fransa isə münaqişələrdən öz maraqları naminə istifadə edərək, bu meyilləri qızışdırmağa çalışır. Ermənistana silah satmaqla, revanşist qüvvələrə təlim keçməklə, bəzi separatçıların içindəki intiqam hissinin közünü yenidən alovlandırır.

Fransa öz aləmində Cənubi Qafqaz üçün ssenarilər hazırlayır, bölgədə İrəvan üzərindən hakimiyyət qurmaq istəyir. Artıq bu məkrli plan hər kəsə bəllidir. Bu çirkin məqsədin təsiridir ki, Rusiyanı Ermənistandan çıxarmaq üçün hazırlıqlar davam edir. Ermənistan Moskvadan imtina etmək üçün bəhanə axtarır. Bunun üçün rəsmi İrəvanın Azərbaycanla sərhəddə qarışıqlıq yaratması ilə bağlı gözləntilər var. Nəticədə Ermənistan tərəfi öhdəliyini yerinə yetirmədiyini iddia edərək Rusiyadan imtina edə biləcək.

Fransa və Ermənistan arasında imzalanmış sənədlərə əsasən də hərbi əməkdaşlıq gücləndirilib. Anlaşmalara görə, Fransa Ermənistanı silahlandırır, ordunun modernləşdirilməsi, təlimlərin keçirilməsi, kadrların hazırlanmasını reallaşdırmaq üçün can atır. Ermənistan müdafiə nazirinin dəfələrlə Parisə getməsi, orada təlimlərin keçirildiyi bölgədə olması da onu göstərir ki, Qərbdəki güclərin təsirilə Ermənistanın revanşist qüvvələri alovlandırılır, Cənubi Qafqaz yeni xaosa hazırlanır.

Azərbaycan regionda sabitliyin təmin edilməsi, sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Lakin Fransanın əsrlərdir davam etdirdiyi neokolonial siyasət onun keçmişindən qopmasına imkan vermir. Rəsmi Paris Ermənistanı da öz əlaltısı kimi görür, onu silahlandırır, yeni müharibəyə hazırlayır. Təbii ki, regionda xaos, toqquşma baş verən zaman bölgəyə müdaxilə də asanlaşır. Qərb qüvvələrinin Ermənistana zirehli tanklar, müasir silahlar verərək onu fəlakətə aparması da bu məkrli fikirlərin nəticəsidir.

Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin təmin edilməsi və möhkəmləndirilməsi üçün fəaliyyətini bundan sonra da davam etdirəcək. Ölkəmizin bu məsələyə yanaşması, möhkəm iradəsi hər kəsə məlumdur və bu mövqe bundan sonra da belə olacaq. Bəzi ölkələr xaosdan, savaşdan zövq alır, bu hadisələr onlara normal gəlir. Lakin onların bu mövqeyi ölkələrin məhvinə, qan və göz yaşına səbəb olur. Daxili xaosu həll edə bilməyən bu ölkələr aqressiyanı başqa ölkələrə də ötürməyə başlayırlar. Qərb ölkələri sülh yanaşmasını qəbul etməli və ona uyğun davranmalıdır. Ermənistanı qızışdırmaq, müharibəyə hazırlamaq əvəzinə, beynəlxalq hüququn normalarına, ədalət prinsiplərinə riayət edilməlidir. Fransa başda olmaqla, regionu savaş yerinə çevirmək istəyənlər bu mövqelərini davam etdirərlərsə, qərəzli, ədalətsiz yanaşmalarının nəticəsi kimi bölgədə nüfuzlarını, təsir imkanlarını itirməklə yanaşı, Azərbaycan üçün də qərəzli bir yanaşma nümayiş etdirən tərəf olaraq yadda qalacaqlar.

Nurcan SÜLEYMANOVA,

"Respublika".