Fransa beynəlxalq hüququn fundamental normalarını pozur
Digər xəbərlər

Fransa beynəlxalq hüququn fundamental normalarını pozur

İkinci Qarabağ müharibəsinin başlanması ilə Fransanın Azərbaycana qarşı olan qərəzli mövqeyi və parlamentarilərinin qəbul etdiyi qətnamələr, beynəlxalq aləmin fundamental hüquq prinsipləri ilə ziddiyyət təşkil etsə də nüfuzlu təşkilatlar bu dövlətə söz səviyyəsində olsa belə şifahi xəbərdarlıq vermədi. Qərb bütün dünyanı dünyəvi hüquqa söykənən dəyərlərə sahib çıxmağa çağırsa da, burnunun ucunda yerləşən Fransanın müstəmləkəçilik, onun ruh əkizi olan Ermənistanın işğalçılıq siyasətini görməzdən gəlir.

Fransanın ikili standartlara söykənən qərarlarını bu dəfə millət vəkili Naqif Həmzəyev şərh edir: "Çox təəssüflər olsun ki, Ermənistanın işğalçılıq siyasətinə havadarları da dəstək olur. Xatırlayırsınızsa, BMT-də Fransanın sədrliyi ilə qondarma və özündə heç bir faktları əks etdirməyən Azərbaycanın əleyhinə qətnamə hazırlanırdı. Ancaq Azərbaycan məhz elə BMT-də öz dostlarının dəstəyi ilə bu qətnamənin qarşısını ala bildi. Düşünürəm ki, hazırda Avropa İttifaqında da faktiki olaraq bu proseslərin davam etdirilməsi Fransanın əli ilə həyata keçirilir. Fransa BMT-də etmək istədiyini Aİ-də həyata keçirmək istəyir. Lakin istənilən halda Fransa anlamalıdır ki, o, ilk növbədə işğalçı siyasətini dayandırmalıdır. Digər xalqları öz nəzarəti altında saxlamaqdan və imperialist siyasətindən əl çəkməlidir. Ermənistana hər hansı bir dəstək vermək istəyirsə, erməni xalqının gələcəyini düşünürsə, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılmasına töfhə verməlidir".

Millət vəkili hesab edir ki, Fransa, ümumiyyətlə, bu prosesdən kənarda durmalıdır. "Çünki faktiki olaraq biz Brüssel görüşündən sonra, Praqada keçirilən görüş zamanı Emmanuel Makron danışıqlar masasında iştirak etməsi ilə əksinə olaraq bu prosesi yubadaraq sülh danışıqlarına kölgə salır. Bu səbəbdən də biz ötən ilin dekabr ayında növbəti görüşün baş tutmamasının şahidi olduq". Naqif Həmzəyev həmçinin Fransa-Korsika məsələsinə də münasibət bildirib: "Heç kəsə sirr deyil ki, artıq Fransa Korsika adasında yerli dilin istifadəsinə qadağa qoyub. Ümumiyyətlə, Fransa tarix boyu çoxlu sayda soyqırımlar həyata keçirdibdir. Bu günlərdə keçmişinə baxıb törətdiyi insanlıq əleyhinə cinayətlərə görə nə üzr istəyir, nə də həmin şəxslərin yaxınlarına təzminat ödəyir. Əksinə, yenə də eyni siyasətini davam etdirərək erməni separatçılarına, revanşistlərinə "kağız parçaları" hazırlamaqla dəstək nümayiş etdirir. Bu "kağız parçaları"nın (qətnamə və bəyanatların) Azərbaycana heç bir təsir gücü və bir hüquqi əsası yoxdur. Bir daha qeyd edirəm, bu sənədlərin qəbul olunması yalnız və yalnız onsuz da ayaqlar altına atılmış Fransa nüfuzunu daha da zəiflədəcək, Ermənistanın ağır və çətin vəziyyətinə zərbə vuracaqdır. Regionda baş verəcək hansısa böyük bir təxribat və yaxud qarşıdurma Ermənistanın müstəqilliyini sual altına qoya bilər. Bu baxımdan da bizi bu cür sənədlərin qəbul edilməsi qətiyyən narahat etmir. Biz sadəcə olaraq təəssüf hissi keçiririk ki, demokratiyanın beşiyi, mərkəzi hesab edilən və demokratiyadan dəm vuran bəzi dövlətlər haqqı, ədaləti görmək istəmirlər. Onlar erməni yalanına inanmağa davam edərək Ermənistana dəstək nümayiş etdirirlər. Əksinə, bu dəstək onların məhvinə aparıb çıxaracaq".

Musa BAĞIRLI,

"Respublika".