Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Siyasət

Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

İyunun 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin aidiyyəti qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib. Ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edən nazir Kəmaləddin Heydərov iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.

Səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı qardaşlıq və qarşılıqlı dostluq münasibətləri çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

AZƏRTAC