Rüsvayçılığa adət edənlər
Siyasət

Rüsvayçılığa adət edənlər

Özünü olduğundan böyük, ağıllı göstərmək canlılara məxsus xüsusiyyətdir. Bilməmək nə ayıb, nə də ziyanlı deyil. Hər kəs hər şeyi bilə bilməz. Amma bilmədiyini bilmiş kimi göstərmək həm ayıbdı, həm də ziyanlı. Çünki bumeranq effektinə əsasən, bütün bunlar gəlib səni əvvəl-axır tapır. Nəticədə də sənin necə biri olduğun ortaya çıxır.

Günümüzdə bu nəzəriyyəni anlamayanlar hələ də belə üsullara əl ataraq irəli gedə biləcəklərini düşünürlər. Nümunə üçün çox da uzağa getmək lazım deyil. Qərb qonşumuzun siyasilərinə nəzər salsaq, hər şeyi aydın formada görə bilərik. Bu qrupun başında duran da elə baş nazir Nikol Paşinyandır. Onun görüş və konfranslarda etdiyi sərsəm çıxışları, öz ağlına görə oynadığı siyasi oyunlar bu gün Ermənistan xalqı tərəfindən də məsxərəyə qoyulur. Xüsusilə 2020-ci ildə Münxen Təhlükəsizlik Konfransında başına bəla açan dilinin qurbanı olması isə hələ də yaddaşlardan silinməyib. Həmin konfransda keçmiş Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə o "səhvən" Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiq etmişdi. Ataların vaxtilə dediyi kimi, dil çaşar sözün düzünü deyər. Sonra öz səhvini nə qədər düzəltməyə çalışsa da, artıq hər şey gec idi. Həmçinin Nikol Paşinyan panel müzakirələrdə Prezident İlham Əliyevin tutarlı tarixi cavabları qarşısında da rəzil duruma düşdü. Bundan sonra erməni mediasında "Paşinyanın Münxen rüsvayçılığı" başlığı altında yüzlərlə yazı dərc olundu. Vaxtilə keçmiş jurnalisti tərifləyən analitiklər bu səfər başladılar onun haqqında sərt sözlər yazmağa. Həmin sözlərə diqqət yetirək: "Paşinyanın məntiqsiz, yarıtmaz çıxışını dinləyən hər kəs görürdü ki, Ermənistanın baş naziri müharibənin məğlub, utanan və itirən tərəfini təmsil edir. Son iki gündə Ermənistanda yalnız tənbəllər baş nazir Paşinyanı, Azərbaycan Prezidenti Əliyevlə Münxen müzakirəsindəki mənasız, inandırıcı çıxışına görə təpikləmədilər... Münxen müzakirələrində Paşinyan mütəşəkkil nitqlə çıxış edə bilmədi. Məsələ burasındadır ki, İlham Əliyev ingilis dilində mükəmməl danışırdı, ancaq Paşinyanın ləhcəsi adamın qulağını deşirdi. Düzdür, ingilis dili ana dilimiz deyil və hökumət başçısının bu dildə səlis danışması tələb olunmur. Rus dili də onun kimi. Bunun üçün onun tərcüməçilər ordusu var. Ancaq madam ki, Paşinyan tərcüməçisiz danışmağa qərar verib, onda ingilis dilini təkmilləşdirməyə borcludur. Razılaşaq ki, baş nazirimizin uyğun sözləri axtararkən qulağını, boynunu qaşıması olduqca iyrənc bir görüntü idi. Çox nüfuzlu bir platformada dövlət başçısı belə hərəkət etməməli idi. Acınacaqlısı odur ki, Paşinyan Əliyevin diplomatik hücumlarına lazımi, səriştəli və adekvat cavab verə bilmədi. Həmkarlarımız və politoloqlarımız da Münxendə İlham Əliyevin özgüvənli davranışı fonunda Nikol Paşinyanın acınacaqlı və aciz göründüyünün şahidi oldular".

Erməni şərhçilər Azərbaycan Prezidenti İlham Əliyevin Münxen raundunu açıq şəkildə qazandığını bildirib. Öz məyusluqlarını gizlətməyib və hökumətin xalqın ümidlərini boşa çıxardığını da qeyd ediblər. Onlar özləri də etiraf edib ki, hakimiyyətin dəyişməsini tələb edib, mövcud olanın yerinə Paşinyanı keçirmək sözün əsl mənasında yağışdan çıxıb yağmura düşmək olub. Sosial rifah və təhlükəsizlik nəinki yaxşılaşıb, əksinə daha da geriyə gedib. Analitiklər öz yazılarında Paşinyan tərəfindən verilən boş vədlərin erməni xalqının gözünə kül üfürmək olduğunu bildiriblər.

Baş nazirin özünü rəzil etdiyi bu çıxışının üstündən 4 il keçməsinə baxmayaraq, Paşinyan yenə öz ampluasındadır. Belə bir söz var "deja-vü". Fransızcada "deja" - artıq, "vü"- görülüb deməkdir. Hər hansı hadisəni və ya başqa bir şeyi daha əvvəl yaşamış olduğunu hiss etmək mənasına gəlir. İnsanların 90 faizdən çox hissəsi həyatı boyu heç olmasa bir dəfə bu halı yaşayır. Bu yaxınlarda Almaniyada baş tutan Münxen Təhlükəsizlik Konfransında dörd il əvvəlki ssenarinin bir az dəyişmiş versiyasına şahid olduq. Yenə Paşinyan arxa planda özünə yer tapmağa çalışdığı zaman dilimində Azərbaycan Prezidentinə dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzləri, nüfuzlu təşkilatlar görüş üçün müraciət edirdilər. Prezident İlham Əliyev 2 gün ərzində 24 görüş keçirib, daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb. Paşinyan isə erməni lobbisinin başbilənləri ilə bir araya gəlib.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, erməni baş nazir Prezident İlham Əliyevlə müzakirələr aparan zaman sülhdən, münasibətlərin normallaşmasından söz açıb. Bundan bir az sonra erməni icması ilə baş tutan görüşdə isə Paşinyanın mövqeyi 180 dərəcə dəyişib. O sülh ritorikasını bir kənara qoyub və əsl simasını göstərib. Görüşdə tamamilə sülhə təhdid mesajları səslənib. Lakin görünür Paşinyan bir əldə iki qarpız tutmağa çalışır. Əsas maliyyə dəstəkçisi olan erməni lobbisi ilə görüşdə bu formada rəftar etməsi heç də təsadüfi deyil. Amma digər tərəfdən regionda sülh istədiyini bildirir, ölkəmizlə danışıqlar aparır. Çünki Nikol istəmir ki, nə şiş yansın, nə də kabab. İkinci dəfə özünü rəzil edən baş nazir görək bu siyasəti nə vaxta qədər davam etdirəcək. Bundan sonrakı Münxen görüşlərində Paşınyanın növbəti dəfə özünü necə rəzil edəcəyi isə həmyerliləri tərəfindən yenidən müzakirə mövzusu olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".