Ermənistanın Hindistandan silah alması yeni məsələ deyil
Siyasət

Ermənistanın Hindistandan silah alması yeni məsələ deyil

Son vaxtlar mediada yer alan Ermənistanın Hindistan istehsalı olan müxtəlif raket sistemlərini almağa maraq göstərməsi ilə bağlı xəbərlər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin sıxlaşmasının göstəricisidir. Ermənistanın Hindistandan silah alması yeni bir hadisə deyil. Bir neçə ay bundan əvvəl də Ermənistan Fransadan və Hindistandan silah tədarük edib. Rəsmi İrəvan açıqlamasında bu silahların müdafiə xarakterli olduğunu və ölkəyə qarşı ehtimal təhdidlər yaranacağı təqdirdə, müdafiə potensialını gücləndirmək üçün istifadə ediləcəyini bildirib.

Lakin Hindistandan alınan silahların keyfiyyəti o qədər də yüksək deyil. Bu ölkə dünya silah bazarına yeni daxil olub. Düzdür, kifayət qədər geniş silah arsenalına malikdir, çeşidlilik var, amma bu silahlar dünya bazarında o qədər rəğbət qazanmır. Ermənistanın isə blokada vəziyyətində olması onun silah bazarına əlçatanlığını çətinləşdirir və mövcud ikinci sinif bazar silahlarını almaq məcburiyyətində qalır. Biz elə 44 günlük müharibə zamanı da Ermənistanın malik olduğu arsenal və silah potensialını əyani şəkildə gördük. Onun hansı vəziyyətdə olduğu bəllidir. Hindistan, İran kimi ölkələrdən silah alan Ermənistanın güclənməsi o qədər də effektiv olmayacaqdır.

Bu məsələ Azərbaycanı narahat etmir. Çünki Azərbaycan istər İran vasitəsilə, istərsə də Gürcüstandan Ermənistana silah daşınmasından xəbərdardır və milli maraqlarımıza, dövlətçilik təhlükəsizliyimizə problem yaranacağı təqdirdə, məsələyə müdaxilə edə bilər. Siyasi, hərbi və sair formatda müdaxilə etmək imkanlarımız var. Amma görünür, indiki məqamda bizi narahat etmədiyi üçün məsələyə bir o qədər də reaksiya verilmir. Ermənistanın silah tədarükü ilə bağlı həm də onu qeyd etmək lazımdır ki, iki ölkə, Ermənistanla Azərbaycan arasında sülh prosesi intensivləşib, mühüm görüşlər keçirilib və müəyyən razılıqlar əldə olunub. Belə bir zamanda silah tədarükünü artırmaq, hesab edirəm ki, sülh prosesinə də zərər vura bilər. Yəni sülhdən danışan bir ölkənin silah alması və hərbi potensialının gücləndirilməsi təəssüf ki, sülhə atılan addım kimi qiymətləndirilə bilməz. Bu baxımdan, risk faktorları var və bu, sülh prosesinə mane ola bilər.

Turan RZAYEV,

politoloq.