Əsl qardaşlığın növbəti nümunəsi
Siyasət

Əsl qardaşlığın növbəti nümunəsi

"Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin cari il oktyabrın 23-dən Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsinə başlanılıb.

Azərbaycan və Türkiyə münasibətləri qədim tarixə malikdir. Dövlətlər arasında hərbi əməkdaşlığın əsasını təşkil edən və münasibətlərin istiqamətini müəyyən edən bir sıra sazişlər imzalanıb. 1996-cı il 10 iyun Sazişi, 2010-cu il avqustun 16-da Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, 15 iyun 2021-ci ildə isə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi buna nümunədir.

Azərbaycan dost və tərəfdaş ölkələrlə birgə hərbi təlimlər keçirir. Ölkəmizin ən çox əməkdaşlıq etdiyi dövlət təbii ki, qardaş Türkiyədir. 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlər həyata keçirilir. Nümunə kimi "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz qardaşlıq-2021" hərbi təlimlərini göstərmək olar. Bu təlimlər dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır və Silahlı Qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olunması baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin orduları arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı hər il daha da artır.

Xatırladaq ki, Azərbaycanda oktyabrın 18-dən Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk-2023" təliminə hazırlıq məşqlərinə başlanılıb. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimlərdə döyüş təyyarələri ilə havayaqalxma və yerəenmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi kimi əməliyyatlar məşq edilib. Burada əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır. "Mustafa Kamal Atatürk-2023" təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib. Onu da qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

Həmçinin Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən "Erciyes-2023" təlimində iştirak ediblər. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. "Erciyes-2023" təlimində əsas diqqət qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Tərəfdaş ölkələr bu gün əsl qardaşlıq nümunəsi göstərirlər. Silahlı Qüvvələrin bu kimi birgə fəaliyyətləri gələcək üçün yeni perspektivlər vəd edir.

Strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri də hərbi əməkdaşlıqdır. Bu təlimlər sülh və təhlükəsizlik, həmçinin regionun sabitliyi üçün faydalıdır. Ölkələr arasında hərbi əməkdaşlığın inkişafına dəstək olan amillərdən biri də NATO ilə əməkdaşlıqdır. NATO ilə sıx əməkdaşlıq edən Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir.

Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Hər iki ölkə yaxşı və pis gündə həmrəylik nümunəsi göstərərək, bu tarixi ənənələrə sadiq qaldığını nümayiş etdirib. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bütün dünya ölkələrinə əsl örnəkdir. İki dövlət arasında bütün sahələr üzrə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ölkəmiz də öz növbəsində, bütün imkanlarını səfərbər edərək qardaş ölkəyə tam dəstək olub. Türkiyə və Azərbaycanın bundan sonra da birgə olacaqlarına şübhə yoxdur.

Nurcan SÜLEYMANOVA

"Respublika".