Ermənistanın təhrikçi addımları sülhə əngəldir
Digər xəbərlər

Ermənistanın təhrikçi addımları sülhə əngəldir

Ermənistanın Azərbaycan ilə sərhəddə təxribatları davam edir. Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində Kəlbəcər dövlət sərhədində saxlanılıb. Yüngül yaralar alan diversant dərhal "UAZ" avtomobili vasitəsilə yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb. Saxlanılan zaman üzərində bir ədəd rpk-74 tipli avtomat və silah təchizatları aşkar edilən muzdlunun 44 günlük müharibədə iştirak etdiyi bəlli olub.

Onu da qeyd edək ki, bu ilin may ayının 26-da sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdı. Əvvəllərdə də olduğu kimi, bu hər iki halda da Azərbaycan hərbi əsirlərə humanist davranmışdır. Amma əfsuslar olsun ki, qarşı tərəfdə bu cür "insanlıq nümunələri" görmək mümkün deyil...

 Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Saxlanılan vaxt erməni seqmentində paylaşılan videogörüntülərdən hərbçilərimizə göstərilən insanlıqdan kənar davranış onların mənfur xislətini göstərir. Azərbaycan əsgərlərinin ilk olaraq mülki ermənilər tərəfindən vəhşicəsinə döyülməsi etnik zəmində zorakılığın növbəti nümunəsi olmaqla yanaşı, erməni cəmiyyətində azərbaycanlılara qarşı nifrətin hansı həddə olduğunu göstərir.

12 avqust 1949-cu il Cenevrə konvensiyası Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulub. Həmin dövrdə Azərbaycan və onun hökumət təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətə, həmçinin BQXK-yə ünvanladığı bəyanatlar həmin qurumlar tərəfindən üstüörtülü cavablandırılsa da, hələ də bir nəticə hasil olmayıb. Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs edilib. Saxlanılanlardan biri, Aqşin Bəbirov may ayında qondarma maddələrlə 11 il yarım azadlıqdan məhrum olunub. Digəri isə yəni Hüseyn Axundov iyun ayının 21-də çıxarılan hökmlə 20 il müddətinə azadlıqdan məhrum edilib. Ermənilərin bu cür anti-tolerant davranışları onların revanşist hisslərinin nəticəsidir.

Avqustun 16-da sərhəddə erməni diversant qrupunun bir üzvünün saxlanılması ilə "qızışan" haylar Hüseyn Axundovun heç bir əsası olmadan cəzasının 20 il müddətindən ömürlük müddətə dəyişdirilməsi üçün müraciət ediblər. Beləliklə, müharibədə biabırçı şəkildə məğlub olan ermənilər özlərini bu cür ucuz yollarla təsəlli etməyə çalışırlar.

Avqustun 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Yenə də Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində bu təxribatın qarşısı alınıb. Sərhəddə baş verən bu erməni oyunları hər iki dövlət arasında mümkün sülh prosesinə ağır zərbə vurmaqla yanaşı, Ermənistanın bir dövlət kimi varlığını təhlükə altına atır. Uduzmuş haylar sonlarını öz əlləri ilə yazırlar. Günü-gündən artan kütləvi etirazlar, beynəlxalq qurumlara əsassız bəyanatlar ünvanlayıb rəzil şəkildə əliboş qayıdan siyasi qurumlar bu sonu bir az da yaxınlaşdırırlar.

Azərbaycan qalib dövlət olaraq sülh üçün əlini uzadıb lazım olanı edir. Əgər Ermənistan müharibədən sonrakı dövrdən bu vaxta qədər sülh üçün tutarlı heç bir addım atmırsa, əksinə, torpaqlarımıza, əsgərlərimizə qarşı təxribat törətməkdə davam edirsə, təbii ki, bütün bunlar sabitliyin pozulmasına, sülh sazişinin imzalanmasının gecikdirilməsinə gətirib çıxarır, qarşılıqlı olaraq etimad mühitini zədələyir. Ermənistanın bu təxribatı məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə xidmət edir. Azərbaycanı 28 il daha gözlətmək məqsədi güdən düşmən buna nail olmayacaq. Ordumuz sülhə sülh yolu ilə nail olmaq istəyir. Lakin haylar günü-gündən artan bu təxribatlara qarşı yeni bir antiterror əməliyyatına da hər zaman hazır olmalıdır.

Ermənistan qeyri-konstruktivlik, isterika, prosesi pozmaq üçün sərhəddə gərginlik yaratmaq, sərhədlərin delimitasiya və demarkasiyasına getməmək, şifahi olaraq tanıdığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi sənədlər vasitəsilə təsdiq etməmək və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamaq yolunu seçib. Lakin əminliklə qeyd etmək olar ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatmağa doğru inamla gedəcək, sülh yolu işə yaramasa, sülhü bərqərar etmək üçün adekvat tədbirlər görəcək.

Tacir SADIQOV,

"Respublika".