ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
Sosial həyat

ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında geniş məlumat verib, məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov ali təhsil ocağının fəaliyyətindən, tələbələr üçün yaradılan imkanlardan, məzunların işlə təmin olunmasından, onların gələcək karyera inkişafının daim diqqətdə saxlanıldığından bəhs  edib. Gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda əmək bazarının araşdırılması, yeni tələblərə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, startap və inkubasiya mərkəzlərinin yaradılması, tələbələrin təcrübə proqramlarına cəlb olunması, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Sonra "Məzunların məşğulluq reytinqi" platformasının təqdimatı olub. Bildirilib ki, platformanın hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların iş reytinqi xəritəsinin yaratmaqdır. Platforma 3 bölmədən ibarətdir.

"Məzunların məşğulluq reytinqi" platformasından istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək. Daha sonra tələbə parkı, açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, istixana kompleksi, eksperimental heyvandarlıq kompleksi ilə tanışlıq olub.

Zabit XƏLİLOV,

"Respublika".