Gündoğardan uzanan dostluq körpüsü
Siyasət

Gündoğardan uzanan dostluq körpüsü

Milli maraqlar üzərində qurulan və xoş mərama əsaslanan ardıcıl xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazanıb. Ölkəmizin dünyanın ayrı-ayrı dövlətləri ilə yüksək səviyyəli əlaqələri var.

Bu gün əsas məqsəd həmin münasibətləri daha yüksək səviyyəyə çatdırmaqdır. Azərbaycanın müstəqillik illərində sıx əlaqələr qurduğu dövlətlərdən biri də Yaponiyadır.

Hazırda gündoğar ölkə ilə münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulub. 21 yanvar 2000-ci il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi təsis edilib. 2005-ci il oktyabrın 12-də isə Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi fəaliyyətə başlayıb. Xatırladaq ki, aparılan fəal siyasi dialoq isə məhz ümummilli lider Heydər Əliyevin dost ölkəyə səfərindən sonra başlayıb. Bu ziyarət Azərbaycanla Yaponiya arasında siyasi dialoqun intensivliyinin artmasında xüsusi rol oynayıb. Həmin dönəmdə hökumətlərarası, sənədlərin imzalanması xüsusi əhəmiyyətə malikdir. Sözün əsl mənasında, bu səfər dostluq münasibətlərinin yaranmasında bünövrə rolunu oynayıb. Səfər çərçivəsində ulu öndər və Yaponiyanın Baş naziri iki mühüm sənədə - "Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat", həmçinin "Yaponiya ilə Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat"ı imzalayıb. Sənədlərdə bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əsas prinsipləri və istiqamətləri yer alıb. Bundan başqa, səfər çərçivəsində qarşılıqlı məsləhətləşmələr haqqında Yaponiyanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında saziş, "Şimal" elektrik stansiyasının tikintisi üçün 20,7 milyard iena (165 min ABŞ dolları) məbləğində ölkəmizə kredit verilməsi haqqında Yaponiya Xarici İşlər Nazirliyi ilə Azərbaycan hökuməti arasında saziş, ölkəmizə təmənnasız olaraq 400 milyon iena məbləğində yardım verilməsi haqqında sənədlər imzalanıb. Həmçinin "Azərikimya" Dövlət Şirkətində etilen istehsalı zavodunun tikintisi üçün Azərbaycan hökumətinin təminatı altında kredit ayrılması haqqında Yaponiyanın "Eksimbank"ı ilə saziş imzalanıb.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə əlaqələr daha da şaxələndirilərək özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. İqtisadi və ticari sahədə yüksək səviyyəli əməkdaşlıq isə iki ölkəni bir-birinə bağlayan əsas sahələrdir. Hələ keçmiş sovet dönəmində gündoğar ölkənin "Mitsui" şirkəti Bakıda Kondisonerlər Zavodunun inşasında fəal iştirak edib. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında iqtisadi əlaqələr keyfiyyətcə yeni müstəviyə yüksəlib. Bu gün Yaponiya tərəfi Azərbaycandakı uzunmüddətli sabitliyi sərmayələrin qorunmasının mühüm şərti kimi dəyərləndirərək ölkəmizə investisiya qoyuluşunu getdikcə artırır. Yaponiya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Yapon şirkətlərinin müxtəlif enerji layihələrində iştirakı buna nümunədir. Bu şirkətlər Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Ölkəmizin zəngin neft-qaz təchizatları onların diqqət mərkəzindədir. Yaponiyanın karbohidrogen mənbələrinin kəşfiyyatına, enerji resurslarının işlənməsinə geniş texniki və maliyyə dəstəyi vermək imkanı var. Bu da hər iki dövlətin siyasi maraqlar balansının uzlaşdırılmasını şərtləndirir. Yaponiyanın ITOCHU şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi ilə bağlı transmilli şirkətlərlə imzaladığı "Əsrin müqaviləsi"nə qoşulub. Bununla yanaşı, 2019-cu ilin noyabrında Tokioda təşkil olunmuş Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclası ikitərəfli iqisadi əməkdaşlığımızı daha məhsuldar mərhələyə qaldırdı. 2021-ci il 11 fevral tarixində "Silk Way West" aviaşirkətinin Bakı-Narita-Bakı birbaşa yükdaşıma reysinin işə salınması da əlamətdar hadisə hesab edilir.

Genişlənən ticarət dövriyyəsi ilə gündoğar ölkədən respublikamıza idxalda qara metal borular və profillər, qaz və buxar turbinləri, minik avtomobilləri, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, nasos-kompressor boruları, audio-video disklər üstünlük təşkil edir. Azərbaycandan isə Yaponiyaya spirtli içkilər, meyvə şirələri, xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, kimyəvi məhsullar və preparatlar, alüminium ərintiləri və digər məhsullar ixrac olunur.

Bundan başqa, diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə 2022-ci ildə "Dostluq İli" çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı tədbirlər keçirilib və "Günəşimizi alovlandıraq!"la qeyd edilib. Burada yer alan loqo və sloqanın isə xüsusi mənaları olub. Belə ki, Loqo Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyini əks etdirir. Loqodakı günəş Yaponiyanın bayrağındakı qırmızı rəngli günəşə istinadən Yaponiyanı, alov dilimlərindəki rənglər isə Azərbaycan bayrağının rənglərinə və "Odlar Yurdu" anlamına əsasən Azərbaycanı təsvir edib. Eyni zamanda loqoda günəşin alovlanma qrafikası Azərbaycanla Yaponiya arasında münasibətlərin "alovlandığı", yəni daha da inkişaf etdiyi göstərib. Yaponiya səfirliyinin təşəbbüsü ilə tarixə düşən bu əlamətdar hadisə dostluq münasibətlərinin nə qədər köklü olduğunu bir daha sübut edib.

Hazırda da əlaqələrin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülür. Belə ki, car ilin 20-24 may tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfər edib. Bu çərçivədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələr zamanı ticari-iqtisadi, turizm, energetika, regionlararası əməkdaşlıq, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycanla Yaponiya arasında mühüm neft və qaz layihələrində əməkdaşlıq müsbət dəyərləndirilib, hər iki ölkənin yaşıl enerjinin istismarı yönündə hədəfləri nəzərə alınmaqla, bu sahədə birgə fəaliyyət perspektivləri qiymətləndirilib. Rəsmilərimiz tərəfindən yapon şirkətləri "ağıllı şəhər", "ağıllı kənd", o cümlədən "Yaşıl Enerji Zonaları" konsepsiyalarının həyata keçirilməsində yaxından iştirak etməyə dəvət olunub. Bundan başqa, hazırda regionu maraqlandıran məsələlərdən ən başlıcası Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyişlər haqqında həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə dost ölkəyə məlumatlar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubu təqdim edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".