Danışıqlar yolu ilə əldə olunan daha bir qələbə
Siyasət

Danışıqlar yolu ilə əldə olunan daha bir qələbə

Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz uğur hekayəsini yazmağa davam edir. 2003-cü ildən bəri ordu quruculuğunun gücləndirilməsi, daxili və xarici siyasəti uğurla inkişaf etdirilməsi və iqtisadiyyatın dirçəldilməsi 17 il sonra tarixi Zəfərə gedən yola işıq saldı. Bu illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanla diplomatik səviyyədə bir sıra danışıqlar aparıldı, cənab İlham Əliyev münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları səfərbər etdi. Lakin rəsmi İrəvan məsələdən yan keçmək siyasəti yürütdü. 2020-ci ildə isə torpaqlarımız 30 illik işğaldan azad edildi, bu yerlər əsl sahiblərinə qovuşdu. Ermənistan üçün kapitulyasiya aktı hesab olunan 10 noyabr Bəyanatından sonra bəzi ərazilərimiz bir güllə belə atılmadan qaytarıldı. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağdan bütün separatçı ünsürlər təmizləndi. Məhz 2023-cü ildə baş verən proseslər Ermənistan hökumətini yenidən düşünməyə vadar etdi.

Artıq regionda baş verən proseslərin bilavasitə Azərbaycanın diktəsi ilə həyata keçdiyini anlayan rəsmi İrəvan öz siyasətində dəyişiklik etdi və bir növ sülhə məcbur edildi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Ermənistanla sülh müqaviləsini imzalamaq üçün yeganə problem qalırdı - sərhədlərin müəyyən edilməsi. 30 ildən çoxdur ki, mövcudluğunu qorumuş şərti sərhəd prinsipi iki ölkə arasında münasibətlərin tənzimlənməsinə mane olurdu. Sərhədlərin müəyyənləşdirilməsi prioritet idi. Bu məqsəd isə 2022-ci ildə reallığa çevrilməyə başladı. Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra sərhəd delimitasiyası üzrə komissiyanın yaradılması barədə sərəncam imzaladı. Bu isə ilk növbədə ölkəmizin həmin dövrdə qazandığı daha bir diplomatik qələbə idi. Çünki düşmən bununla qaça bilmədiyini və yekun sülh prosesinin imzalanması üçün masaya oturmalı olduğunu bir daha dərk etdi. Elə sərəncam imzalanan gün, yəni 2022-ci il mayın 24-də Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasın baş nazirinin müavini Mher Qriqoryan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ilk görüşünü keçirdilər. Görüş münasibətlərin tənzimlənməsi üçün uğurlu olsa da, Ermənistan tərəfi beşinci görüşdən sonra hərəkətə başladı. Qarabağdan separatçı ünsürlərin tamamilə təmizlənməsindən sonra ilk dəfə olaraq, ötən il noyabrın 30-da görüşən tərəflər sərhədin müəyyənləşdirilməsi üçün real addımlar atmağa hazır olduqlarını bildirdilər.

Məsələnin həll edilməyə doğru getdiyi bir dövrdə Ermənistan tərəfinin unutdurmağa çalışdığı, ölkəmizin isə məqam gözlədiyi bir nüans var idi: Qazaxın 7, Naxçıvanın isə 1 olmaqla 8 kəndimiz hələ də düşmən nəzarəti altında idi. Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı sözügedən məsələnin aktuallığını qoruduğunu bir daha bəyan etdi: "Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin". Bütün dövrlərdə olduğu kimi, bu dəfə də nəyin nə zaman edilməli olduğunu regiona və ümumilikdə dünyaya bəyan edən Qalib sərkərdənin bu nitqindən sonra sərhəddə düyünlər bir-bir açılmağa başladı. İlk öncə Ermənistanla 3 rayonun mina xəritəsinin verilməsi barədə razılıq əldə olundu. Nəhayət, 2024-cü il aprelin 19-da dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirildi. Belə ki, tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı dövründə onun süqutuna qədər mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında keçməsini razılaşdırdılar. Məhz bu hadisə cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daim qələbəyə kökləndiyini, əsarət altında olan torpaqlarımızın əsl sahiblərinə qayıtmasının təcəssümü oldu.

Əldə olunan razılıq Ermənistanda bəzi qüvvələr tərəfindən xoş qarşılanmadı. Paşinyan hakimiyyəti isə bu hadisənin iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasında ümidverici amil olduğunu bildirdi. Bəzi beynəlxalq dairələr və ölkələr də Azərbaycan ilə Ermənistanın razılaşmasını dəstəklədilər. Buna baxmayaraq, Ermənistanda özünü hakimiyyətdən daha üstün hesab edən kilsə razılığa etiraz edərək işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasının əleyhinə çıxmağa başladı. Ucqar kəndlərdən paytaxt İrəvanın Respublika meydanına qədər gəlib çıxan aksiyalar bu gün də davam edir. Lakin Ermənistan hakimiyyəti cənab İlham Əliyevin diktəsi ilə olsa da ilk dəfə siyasi iradə nümayiş etdirərək əldə olunan razılığın pozulmayacağının qarantını verdi. İlk dəfə aprelin 23-də quraşdırılan və mayın 6-da sayı 40-a çatan sərhəd dirəkləri də bir daha cənab Prezidentin qətiyyətini xarakterizə edir.

Mayın 15-də Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb. Müvafiq olaraq, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimlinin və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib, kəndlər ölkəmizin Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. İşğaldan azad edilmiş bu kəndlərdə Azərbaycan bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib, 2020-ci ildə olduğu kimi, düşmən əsarətindən azad edilən torpaqlar barədə Ali Baş Komandana məruzə edilib. Bu isə cənab İlham Əliyev başda olmaqla bütöv xalqımızın qələbəsidir. Ölkə başçımızın Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində səsləndirdiyi nitq də bu mənada əsl yerinə düşür: "... Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır". Bəli, təkcə XXI əsr deyil, bütün dövrlərin ölkəmiz adına ən böyük və ən görkəmli tarixini yazan Qalib sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyev öz adını da tarixə əbədi olaraq həkk etdirib. Bir güllə belə atılmadan qaytarılan kəndlərimiz ölkəmizin sülhsevər imicini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycanın Zəfərləri sıralanmağa, sıralandıqca isə genişlənməyə başlayır. Təbii ki, bütün bunların memarı Prezident İlham Əliyevdir. Daim xalqının yanında olan, vətəndaşını hər an düşünən ölkə başçımız işağldan azad olunan ərazilərə ləyaqətli qayıdışı təmin edir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlardan uğurlara, nailiyyətlərə doğru inamla irəliləyir.

Tacir SADIQOV,

"Respublika".