Ermənistanın siyasi şousu bölgədəki gərginliyi artırır
Gündəm

Ermənistanın siyasi şousu bölgədəki gərginliyi artırır

Ermənistan tərəfindən Laçın dövlət sərhəddində 19 yük maşınından ibarət “TIR şousu”  davam edir. Ermənistan hakmiyyətinin sülh prosesinə kölgə salan bəyanatları və saxta “blokada” anlayışı regiondakı gərginliyi daha da artırır. Hayların “humanitar böhran” manipulyasiyası beynəlxalq ictimaiyyətdə də, çaşqınlıq yaradır. Azərbaycanın haqlı olaraq Xankəndiyə humanitar yüklərin daşınması istiqamətində Bərdə-Ağdam-Xankəndi yolunu təklif etməsi Ermənistan tərəfində nədənsə qıcıq yaradır.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən  siyasi şərhçi Aytən Qurbanova bildirir ki, Laçın nəzarət-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır:

“Laçın yolu ilə bağlı Ermənistan tərəfinin guya üçtərəfli bəyənanatın müddəalarına istinad edərək sərhəd-keçid məntəqəsinin hüquqi statusunu mübahisələndirmək və “blokada” ssenarisini davam etdirmək cəhdləri davam edir.  İlkin olaraq onu qeyd etmək lazımdır ki, 10 noyabr bəyanatı imzalandığı vaxtdan bu günə qədər Laçın yolu heç bir halda humanitar məqsədlər üçün bağlanmayıb. Xüsusilə də, 23 aprel 2023-cü il tarixində sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlanması nəticəsində gündəlik hərəkətliliklə bağlı mütəmadi əsasda rəsmi dövlət qurumları tərəfindən məlumatlar paylaşılır. Digər tərəfdən, əgər həqiqətən Qarabağda yaşayan ermənilərin taleyi Ermənistanı bu qədər “narahat” edirsə, Ağdam-Xankəndi və digər alternativ yollar vasitəsilə humanitar yardımın göndərilməsi təklifini qəbul edə bilər. Təbii ki, bu təklifi qəbul etmək onun üçün əlverişli deyil. Çünki Ermənistan üçün əsas məqsəd öz himayədarları vasitəsilə Qarabağ ərazisinə qadağan olunmuş məhsulların və hərbi silah-sursatın daşınması və eləcə də, müharibə cinayətkarlarının Ermənistana asan keçidinin təmin edilməsi faktlarından diqqəti yayındırmaq məqsədilə “humanitar böhran” ssenarisini qəbul etdirərək, Azərbaycana qarşı hər hansı təsir mexanizmləri yaratmaq və vaxt qazanaraq danışıqlar prosesində yeni manevr imkanları əldə etməkdir. Ancaq belə qərəzli bəyanatların Laçın yolundakı real vəziyyət və Qarabağda yaşayan erməni icmasına humanitar yardımla heç bir əlaqəsinin olmadığı hər kəsə məlumdur. Ermənistanın bu oyunlarla proseslərin gedişatını dəyişə biləcək manevr imkanı qazanmaq xəyallarının həyata keçmək ehtimalı yoxdur”.

Nurlan ABDALOV,

"Respublika".