Ermənistanın Laçındakı siyasi manipulyasiyaları
Digər xəbərlər

Ermənistanın Laçındakı siyasi manipulyasiyaları

Ermənistanın Azərbaycan Respublikasının sərhəd ərazilərində, xüsusilə də Laçın dövlət sərhədində nümayiş etdirdiyi siyasi manipulyasiyalar sülh prosesinə ciddi təhlükədir. Laçın yoluna Azərbaycanla razılaşdırılmadan "humanitar" yük maşınlarının gətirilməsi və yüklərin buradan keçirilməsi cəhdi birmənalı olaraq növbəti erməni təxribatıdır. Azərbaycan tərəfi dəfələrlə humanitar yüklərin erməni əhalisinə çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif etmişdir. Lakin Xankəndidəki xunta rejimi və Ermənistan hakimiyyəti hər vəchlə saxta beynəlxalq fikir formalaşdırmaq niyyəti güdürlər.

Aprel ayından Laçın sərhəd-buraxılış məntəqəsinin açıldığı ilk günlərdən Ermənistan hakimiyyətinin və sülhü istəməyən anti-Azərbaycan dairələrinin bu yol vasitəsilə qondarma xunta rejiminə humanitar yardım adı altında hərbi yüklərin, silah-sursatın qanunsuz daşınmasının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınmışdır. Məsələ ilə bağlı politoloq Xəyal BƏşirli bildirdi ki, Ermənistan həm işğal dönəmində, həm də işğaldan sonra müntəzəm olaraq təxribatlar törətmişdir: "Ermənistanın növbəti təxribat xarakterli şousu davam edir. Əlbəttə ki, mənfur düşməndən bundan artıq heç nə gözlənmir. Ermənistan isə olduğu kimi, bu gün də Azərbaycana qarşı təxribatlar törədir, məkrli və hiyləgər oyunlarını həyata keçirməyə çalışır. Lakin Azərbaycan dövləti Ermənistanın bütün oyunlarını pozmaq iqtidarındadır və xain düşmən də bunu yaxşı bilir. Regional olaraq Azərbaycanın qarşısında 2 məqam var: Qarabağda yaşayan ermənilərin reinteqrasiya prosesinin reallaşdırılması. Çünki hələ də onlar anlamırlar ki, Ermənistan və erməni diaspor və lobbi təşkilatları, o cümlədən də Fransa kimi havadarları Qarabağda yaşayan ermənilərdən sadəcə alət kimi istifadə edirlər. İkinci bir məqam isə beynəlxalq ictimaiyyətin Ermənistanın bu spekulyasiyasına, manipulyasiyasına aldanması və bu məsələyə ikili standartlar çərçivəsində yanaşmasıdır. Bu gün Ermənistan Azərbaycana qarşı növbəti təxribatçı oyununu "humanitar böhran" adı altında, o cümlədən də Laçın dövlət sərhədi vasitəsilə Azərbaycanın erməni əhalisini guya "blokada" altında saxlaması ilə don geyindirirlər. Ermənistanın xəbis niyyətini anlamaq olar. Təəssüf ki, bəzi beynəlxalq qüvvələr, təşkilatlar, dövlətlər də Ermənistanın bu siyasi manipulyasiyasına dəstək olurlar. Lakin hər bir halda biz Ermənistanın təxribatlarına, oyunlarına yaxşı bələd olduğumuz kimi, bu ikili standartları çox görmüşük.

Anti-Azərbaycan dairələri bilirlər ki, Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olacaqları təqdirdə, hər hansı bir qurban tapa bilməyəcəklər. Çünki mülki vətəndaşlar erməni oyunları üçün ən gözəl vasitədir. O şəxslər Azərbaycan cəmiyyətinə, hansı ki, onlara bu gün maneçilik törədilməsə və onlar girovluqdan çıxa bilsələr, açıq şəkildə Azərbaycan cəmiyyətinə reinteqrasiyaya razı olacaqlar. Digər tərəfdən də onlar bilirlər ki, bu prosesin məntiqi davamı olaraq Qərbi azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarımıza qayıdacaqlar. Qərbi Zəngəzura, Meğriyə, İrəvana... Bütün bu məqamlar onları ciddi şəkildə narahat edir və ona görə də, onlar son akkordlarını vururlar. Məhz Ermənistanda "səlibçilər" deyilən xüsusi cinayətkar qrupun yaranması da bu qəbildəndir. Bu, tarixdən günümüzə gələn səlib yürüşlərinin mənfi təsiridir ki, haylar bundan ruhlanır.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra öz qarşısına qoyduğu hədəflərə nail olmaq istiqamətində uğurlu addımlar atır. Azərbaycan bir sıra megalahiyələrin tərəfi və təşəbbüskarıdır. Həmçinin Azərbaycan işğaldan azad etdiyi əraziləri öz gücü hesabına yenidən qurur və bu günə qədər hər hansı bir dövlətdən və yaxud təşkilatdan hansısa bir maddi dəstək almadan. Təbii ki, biz bununla bir daha sübut edirik ki, biz özümüzün bütün problemlərimizi, hətta buna Ermənistan kimi vəhşi, işğalçı, təcavüzkar dövlətin yaratdığı böyük miqyaslı problemlər də daxildir ki, öhdəsindən öz gücümüz hesabına gəlmək iqtidarındayıq."

Nurlan ABDALOV,

"Respublika".