Ermənistanın ekosid siyasəti ilə bağlı koalisiya
Digər xəbərlər

Ermənistanın ekosid siyasəti ilə bağlı koalisiya

Ermənilər torpaqlarımızı 30 ilə yaxın işğal altında saxladığı müddətdə yaşayış evlərini, binaları, mədəniyyət abidələrini və sosial obyektləri məhv edib şəhərlərimizi viran qoymaqla yanaşı, ərazilərimizdə ekoloji terror törədib, təbii sərvətlərimizi vəhşicəsinə talan ediblər.

Ekoloji terror nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb, Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxalıb.

Ermənistan Azərbaycanla sərhədin 500 metrliyində növbəti ekoloji terror törətmək niyyətindədir. Belə ki, ermənilər Sədərək rayonu istiqamətində sərhəddə yerləşən Arazdəyən kəndində metallurgiya zavodu inşa edib onun zərərli tullantılarını Araz çayına axıtmaq istəyirlər. Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də, BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır.

Azərbaycanda olan bir sıra QHT-lər Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə koalisiya yaratmaq barədə birgə bəyanat veriblər. Bəyanatda ekosid nəticəsində 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunun bütövlükdə fəlakətə sürüklənməsindən dərin narahatlıq ifadə olunur və bununla mübarizədə səyləri birləşdirmək üçün "Environmental Protection First" (EPF) adlı koalisiya yaradıldığı bildirilir.

Koalisiyaya üzv QHT-lərdən biri olan "Sağlamlığa xidmət" İctimai Birliyinin sədri Pərvanə VƏliyeva ermənilərin bölgədə törətdikləri ekoterrordan və bunun qarşısını almaq məqsədilə yaradılmış koalisiyadan danışıb: "Ermənistan dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılıq olmayan şəkildə işlər həyata keçirir, o cümlədən ətraf mühitə ciddi ziyan vurur. Artıq biz bir neçə dəfə bəyanatlar vermişik. Vətəndaş cəmiyyəti təşkilatları olaraq, eyni zamanda xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə birgə bəyanat yaymışıq və bu işlərin qısa zamanda dayandırılmasını tələb etmişik. O cümlədən, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana açıq məktub ünvanlamışıq ki, Azərbaycana, o cümlədən regiona mənfi təsir göstərə biləcək bütün bu amilləri nəzərə alaraq dağ-mədən sənayesindəki işlər dayandırılsın. Lakin qarşı tərəfdən təəssüflər olsun ki, heç bir ciddi addım atılmadı. Bu baxımdan, fikirləşdik ki, vətəndaş cəmiyyəti olaraq belə bir koalisiya yaradaq. Koalisiyamız "Environmental Protection First" (EPF), yəni "ətraf mühitin qorunması başlıca məqsəddir" kimi adlandırmışıq. Çünki hər hansı bir dağ-mədən sənayesi işləri başlayırsa, mütləq ətraf mühit qiymətləndirilməli və fəaliyyətin ətraf mühitə verə biləcəyi təsirlər öncədən nəzərə alınmalıdır. Transsərhəd ərazidə hər bir tikinti zamanı qonşu ölkənin, bələdiyyə, ekologiya ilə məşğul olan qurumunun, vətəndaş cəmiyyəti təşkilatlarının fikirləri, rəyləri nəzərə alınmalı və onların icazəsi ilə işlər aparılmalıdır. Lakin Ermənistan tərəfi Azərbaycanla heç bir razılaşma aparmadan, dialoqa girmədən bu fəaliyyəti həyata keçirir. Oxçuçayın, Kərçivan çayın, eləcə də Araz çayının çirklənməsi və Kürün, o cümlədən Xəzəryanı hövzəsi olan ölkələrin ekologiyasına ziyan vuran hadisələr baş verir. Bu baxımdan biz səsimizi ucaltmaq üçün belə bir güclü koalisiya yaratdıq. Koalisiyanın ilkin fəaliyyəti ondan ibarət olacaq ki, Ermənistan Respublikasının dağ-mədən sənayesi işlərinə investisiya qoyan xarici şirkətlərlə əlaqəyə keçək, onlardan ətraf mühitin qiymətləndirilməsi sənədlərini tələb edək. Həmçinin, həmin qurumlarla görüşlər təşkil edəcək və müzakirələr aparacağıq, ətraf mühiti, o cümlədən Azərbaycanın su axarlarının çirkləndirilməsi barədə onları məlumatlandıracaq və maksimum məsuliyyətli olmağa dəvət edəcəyik".

Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana deyil, bütün dünyaya qarşı cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub. Buna görə də, beynəlxalq qurumlar bu məsələdə Azərbaycana dəstək verməli və ekoloji terrorun qarşısının alınmasına ciddi səy göstərməlidirlər.

Tacir SADIQOV,

"Respublika".