Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə
Siyasət

Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar maarifləndirmə işləri intensiv şəkildə davam etməkdədir.

Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə yanvarın 11-də "Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları" mövzusunda müşavirə keçirilib. Layihənin gerçəkləşdirilməsində başlıca məqsəd media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesində mühüm rol oynayır. Bu baxımdan, media subyektləri seçki prosesindəki çatışmazlıqları yaxından araşdırmalıdırlar. Lakin sədr bunun təkcə mediadan asılı olmadığını da bildirib: "Seçkilər demokratiyanın əsas meyarı hesab olunur. Bu səbəbdən, prosesə kənar müdaxilələr ediləcəyi istisna deyil. Seçki prosesinə hər kəs vətəndaş məsuliyyəti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov seçki prosesinin mediada işıqlandırılması üçün bütün imkanların yaradıldığını bildirib. Növbədənkənar prezident seçkiləri ölkənin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı, medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir: "Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirmiş, bu mərhələni dövlətçilik tariximizdə yeni dövrün başlanğıcı adlandırmışdır. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcəkdir".

Audiovizual Şuranın sədri İsmət Səttarov da öz növbəsində Şuranın televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxladığını və bundan sonra da prosesin davam etdiriləcəyini bildirib: "Seçkiqabağı təşviqat mərhələsi seçkiyə 23 gün qalmış başlayır və seçki gününə 24 saat qalmış bitir. Seçkiqabağı təşviqat mərhələsi ictimai yayımçının üzərinə düşür. İctimai yayımçı efirdə namizədlərə bərabər şərait yaradır. Prezidentliyə namizədlərin İctimai Televiziyada pulsuz efir vaxtı almaq hüququ var və efir vaxtı namizədlər arasında bərabər şərtlərlə bölünür. İctimai yayımçı, həmçinin ödənişli efir üçün də ehtiyatda əlavə vaxt saxlamalıdır. Özəl yayımçılar isə seçkiqabağı təşviqat aparmaqda sərbəstdirlər. Onlar təşviqat aparmaqla bağlı istəklərini Mərkəzi Seçki Komissiyasına bildirməlidirlər. Audiovizual Şura audiovizual sahədə tənzimlənməni həyata keçirən dövlət orqanı olaraq, seçkiqabağı təşviqatla bağlı monitorinqlər həyata keçirir, həmçinin Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır".

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, media xalqın həyatında mühüm rol oynayacaq 7 fevral seçkilərində yaxından iştirak edəcək: "Ölkənin siyasi və ictimai həyatında baş verən vacib hadisələrdə mediamız yaxından iştirak etməlidir. Hesab edirəm ki, 7 fevral da Azərbaycan tarixində əhəmiyyətli günlərdən biri olacaq. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil və bu baxımdan, Azərbaycan mediası bu hadisələrdə öndə getməlidir".

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri", "Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri" mövzularında çıxış ediblər.

Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın fəaliyyəti barədə də ətraflı məlumat verilib.

Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbər və nümayəndələrinin də iştirak etdiyi müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra öz işini yekunlaşdırıb.

Tacir SADIQOV,

"Respublika".