Ermənistana silah göndərən Fransanın sülh danışıqlarında yeri yoxdur
Digər xəbərlər

Ermənistana silah göndərən Fransanın sülh danışıqlarında yeri yoxdur

Fransa Ermənistanı silahlandırmağa davam edir. Parisin dəstəyi ilə Hindistanın "Trayan" özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılması istiqamətində işlər görülür.

Razılaşmanın icrasını gizlətmək üçün silahların birbaşa uçuşlarla deyil, İran ərazisindən keçən quru yol ilə Ermənistana tədarükü  planlaşdırılır. İrəvana gətiriləcək artilleriyanın sayı ilə bağlı dəqiq məlumat olmasa da, prezident Emmanuel Makronun razılığı ilə Fransanın erməni diasporunun maliyyələşməni öz üzərinə götürdüyü deyilir. Yelisey sarayının Paşinyan hökuməti ilə birgə yürütdüyü bu siyasət isə regionda sülhün bərqərar olmasını ləngidir. Siyasi şərhçi Zaur Məmmədov bildirir ki, danışıqlar formatında özünü dünyaya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi göstərən Fransa bununla bir daha sübut edir ki, sülh istiqamətindəki danışıqlarda söz haqqı yoxdur:

"Hindistanın silah sənayesi struktur olaraq Rusiya sənayesinin üzərində qurulub. Ermənistan məhz buna görə rus silahlarına alternativ kimi Dehli istehsalı olan texnikaları almaqda maraqlıdır. Burada vasitəçi missiyasını yerinə yetirən isə Fransadır. Üstəlik, bu Avropa ölkəsi təkcə vasitəçilik etmir, bir tərəfdən öz resursları əsasında Ermənistanı silahlandırır. Qeyd edək ki, İrəvan sonuncu dəfə 2022-ci ilin sentyabrında ölkənin müdafiə naziri Suren Papikyanın Parisə səfərindən sonra Fransadan silah alıb. Bundan başqa, yaxın zamanlarda Fransanın Ermənistanı digər müasir silahlarla yanaşı, "Mistral" hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcəyi gözlənilir.

Rəsmi Parisin İrəvanla pozucu əməkda

şlığı isə bölgədə yeni müharibəni alovlandırır. Sözsüz ki, Fransada erməni diasporunun hökumət ilə apardığı bu siyasət birbaşa olaraq Azərbaycan-Fransa münasibətlərinə təsir edir. Doğrudur, Azərbaycan Fransanı danışıqlardan kənarlaşdırıb. Amma müşahidə edirik ki, Makron Administrasiyası beştərəfli formatda baş tutan sülh danışıqlarında iştirak etməkdə israrlıdır. Sözsüz ki, bunu indiki məqamda Makron hökumətinin Cənubi Qafqaza sabitlik gətirmək istəyi kimi şərh edə bilmərik. Sadəcə olaraq, Fransa bölgədə varlığını qoruyub saxlamağa can atır. Məkrli planlarını isə qalib Azərbaycan üzərindən reallaşdıra bilməyəcəyini dərk etdiyindən, məğlub tərəfdən faydalanaraq Qafqazda gedən proseslərə təsir rıçaqı qazanmağa çalışır. Amma hökumətimizin buna cavabı birmənalıdır. Fransa, eləcə digər ölkələr bitərəf mövqe sərgiləməyincə Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində iştirak edə bilməyəcəklər".

Jalə QASIMZADƏ,

"Respublika".