Türk xalqına vəfa borcumuz sözlə ifadə olunmur
Digər xəbərlər

Türk xalqına vəfa borcumuz sözlə ifadə olunmur

Azərbaycan ilə Türkiyə arasında mövcud olan birlik, həmrəylik, humanizm, sadəcə qardaşlıq deyil, həm də insanlıq nümunəsidir. Türkiyə və Azərbaycan bir yumruq, bir ürək, bir candır.

Prezident İlham Əliyev qardaş ölkənin diplomatik nümayəndəliyində səfir Cahit Bağçı  ilə söhbətində Türkiyədə baş verən dəhşətli zəlzələdən sarsılan Azərbaycan xalqının ürəyindən keçən fikirləri o qədər gözəl ifadə etdi ki, təkrarlamamaq mümkün deyil. Azərbaycan Prezidenti harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dili ilə danışdı. Bəli, qardaş çətin anlarda qardaşının yanında olmağı özü üçün şərəf hesab etməlidir və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.

Azərbaycan vətəndaşları bütün ölkə boyu Türkiyənin yaralarını sarımaq, dərdinə şərik olmaq üçün əlindən gələni əsirgəmir. Həmvətənlərimizin türk xalqı ilə nümayiş etdirdiyi həmrəylik, əslində qardaşın qardaşa olan sevgisinin, sədaqətinin, vəfa borcunun nümayişidir.

Bu sevgi Türkiyəyə yardım etmək üçün hər cür fədakarlığa hazır olan həmvətənlərimizin əhəmiyyətli hissəsinin nümayiş etdirdiyi sədaqət, dostluq və qardaşlıq gözlə görünmür, dillə ifadə olunmur.

Qardaş Türkiyənin bu çətin sınaqdan alnıaçıq və daha güclü çıxacağına zərrə qədər də şübhə etmiriəm. Tarix boyu bütün çətinliklərə mətinliklə sinə gərən, cəsarət, əzm, birlik, dözüm nümayiş etdirən türk xalqının zəlzələnin nəticələrini tez bir zamanda aradan qaldıracağına əminəm. Türkiyə və Azərbaycanı böyük və daha xoşbəxt gələcək gözləyir. Bu birlik, bu qətiyyət ilə biz bütün maneələri dəf etmək, təkcə özümüzün deyil, bütün bölgənin təhlükəsiz, firavan gələcəyini təmin etmək iqtidarındayıq.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.