Ermənistan bölgədə gərginliyi artırmağa çalışır
Siyasət

Ermənistan bölgədə gərginliyi artırmağa çalışır

Düşmən unutmasın ki, Azərbaycanın cavab zərbəsi çox ağır olacaq

"2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir. Halbuki, bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var".

Əslində, ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Şurasının iclasındakı çıxışında səsləndirdiyi bu fikirlər Ermənistana son seçim imkanının verilməsi kimi də dəyərləndirilə bilər. Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində də bir çox məsələlərə toxunmuş, mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmış, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini açıqlamış, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmişdir.

"Ermənistan 10 noyabr üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir". Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bu fikri "Telegram" kanalında bildirib. O, iki il əvvəl üçtərəfli Bəyanatın, İkinci Qarabağ müharibəsində Ermənistanın de-fakto kapitulyasiya aktının imzalandığını, İrəvanın üzərinə bir sıra öhdəliklər götürdüyünü, lakin onların əksəriyyətinin Paşinyan hökuməti tərəfindən hələ də yerinə yetirilmədiyini xatırladıb. Rusiyalı ekspert deyir ki, əslində vəziyyət demək olar ki, dəyişməyib, yəni Ermənistanın qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun nizami hərbi qulluqçuları Qarabağ ərazisində qalmaqda davam edir. Zəngəzur dəhlizi işə salınmayıb, üstəlik, bu yaxınlarda Soçidə keçirilən sammitdə Paşinyan bu öhdəliyi yerinə yetirməkdən ümumiyyətlə imtina edib. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır. İşğaldan azad edilmiş ərazilərdə ermənilərin minaladığı sahələrin xəritələri Azərbaycana təhvil verilməyib. Qarabağda erməni separatçı administrasiyasının qanunsuz fəaliyyəti davam edir. Üstəlik, qondarma "DQR"ı canlandırmaq üçün beynəlxalq erməni diasporunun himayədarı olan milyarder Ruben Vardanyan fiquru oyuna salınıb. Ermənistan tərəfi mütəmadi olaraq silahlı təxribatlar və insidentlər təşkil edir, təmas xəttində Azərbaycan mövqelərini atəşə tutur, minalamaq və təxribat törətmək üçün Azərbaycanın ərazisinə basqınlar edir. İrəvanın səyləri ilə regiona kənar oyunçular - Aİ (məşhur "müşahidə" missiyası), ATƏT, Fransa və ABŞ cəlb olunur, hansılar ki, məqsədləri Cənubi Qafqazda sabitliyi pozmaqdır.

Cənubi Qafqazda erməni separatizmi və terrorizmi regionun inkişafını ləngidən əsas problemlərin sırasında ön planda yer alır. Çünki məhz erməni separatizmi və terrorizmi regionda hərbi-siyasi gərginliyi artırır, geoiqtisadi layihələrin icrasına çətinlik yaradır. Bu baxımdan, indi Azərbaycanın qarşısında Cənubi Qafqazı erməni separatizmi və terrorizmindən birdəfəlik xilas etmək kimi mühüm bir məsələ dayanır.

Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında da bu işin nə qədər böyük əhəmiyyət daşıdığı nəzərə çarpır. Azərbaycan lideri bu hədəfə çatmaq üçün atılması vacib olan addımları da açıq şəkildə anons edir. Dövlət başçısı hesab edir ki, ilk növbədə beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərini gündəmə gətirmək vacibdir. Buna paralel olaraq erməni təbliğatının onilliklər ərzində formalaşdırdığı yalanları, uydurma iddiaları real tarixi faktlarla ifşa etməyə ehtiyac var. Həmçinin, dünya ictimaiyyətinin Azərbaycan torpaqlarına iddia edən Ermənistanın əslində, tarixi ərazilərimizdə yaradıldığı barədə məlumatlandırılması da vacib şərtlərdəndir. Qərbi Azərbaycan İcmasının nəhayət ki, formalaşdırılaraq bu istiqamətdə daha məqsədyönlü şəkildə, konkret hədəflərə hesablanmış tərzdə fəaliyyət göstərməsi müsbət nəticələr verə bilər.

Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi 10 noyabr Bəyanatının 4-cü və 9-cu bəndlərinin yerinə yetirilməsindən asılıdır. 4-cü bənd əsasən Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olması ilə paralel Ermənistan ordusunun çıxmasını nəzərdə tutur. Sülhməramlı kontingentin Azərbaycan ərazisinə yerləşməsindən iki ildən çox vaxt ötməsinə baxmayaraq, Ermənistan ordusunun qalıqları Qarabağın ermənilər yaşayan hissəsindən çıxmayıb. Azərbaycan sülh danışıqlarında dəfələrlə bu problemi qaldırsa da, Ermənistan üzərinə götürdüyü öhdəliyə əməl etmir.

Ekspertlərin fikrincə, digər tərəfdən, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına Ermənistanın icazə verməməsinə cavab olaraq Laçın dəhlizini bağlamaq hüququndan istifadə edə bilər. Eyni zamanda, Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələri birləşmələrinin zərərsizləşdirilməsi üçün antiterror əməliyyatı həyata keçirmək hüququndan istifadə edə biləcəyi də istisna edilmir. Çünki erməni silahlı birləşmələrinin Qarabağda qalması separatçılığı körükləyir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradır. Əgər Ermənistan tərəfi bütün xəbərdarlıqlardan nəticə çıxarmasa, Azərbaycan ərazisində növbəti antiterror əməliyyatı keçirə bilər.

Rəsmi Bakı hazırda Azərbaycanın təhlükəsizlik maraqları baxımından siyasi iradə və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçısının: "Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən suğortalayacaq" - deməsi Azərbaycan dövlətinin yalnız bugünün deyil, həm də yaxın gələcəyin çağırışlarına indidən hazırlaşdığını göstərir və Ermənistanda revanşist qüvvələrin baş qaldırmaqda olduğu bir şəraitdə bu, olduqca vacibdir. Emənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, Azərbaycanofobiya elə geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə də, onlar revanş əhvali-ruhiyyəsilə yaşayırlar.

Azərbaycan isə qətiyyətli və konseptual qərarlarla Ermənistanın xarici himayədarlarını mümkün qədər bloklamağa çalışır. Azərbaycan liderinin: "Heç kim bizə təsir göstərə bilməz" deməsi də əslində birbaşa Ermənistanın xarici himayədarlarına xəbərdarlıq mesajıdır. Dövlət başçısı ermənilərə tez-tez xatırladır ki, nə himayədarlar, nə lobbi, nə də dostların "silah payı" onlara kömək edə bilməyəcək. Qaldı ki, bizi istəməyən qüvvələrin təzyiqlərinə, boş, yersiz bəyanatlarına... Buna da Azərbaycan liderinin öz cavabı var: "...bu, bizim mövqeyimizi zərrə qədər də dəyişməyəcək".

Ermənilərə daha bir xatırlatma yerinə düşərdi. Vətən müharibəsindən əvvəl Azərbaycan lideri hər bir çıxışında, müxtəlif tribunalarda onlara xəbərdarlıqlar edir, xalqın səbrinin tükəndiyini deyirdi. Ermənistan buna məhəl qoymurdu. Nəticə isə bəllidir... Doğrudur, Azərbaycan lideri üçüncü müharibənin olmayacağına ümidvar olduğunu bəyan edir. Ancaq bu, o demək deyil ki, ermənilər istədiklərini edəcəklər. Unutmasınlar ki, Azərbaycanın cavab zərbəsi çox ağır olacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".