Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymur
Siyasət

Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymur

"Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib. İndi transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu diqqətə çatdıran İlham Əliyev Azərbaycanın sərgilədiyi mövqenin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara, o cümlədən Espo Konvensiyasına əsaslandığını qeyd edib.

Espo Konvensiyası, yəni Ətraf Mühitə Təsirin transsərhəd kontekstdə qiymətləndirilməsi konvensiyası 1991-ci ildə Finlandiyanın Espoo şəhərində qəbul edilib və 1997-ci ildə qüvvəyə minib. Konvensiya tərəfdaş ölkədən sərhəd boyunca əsaslı şəkildə ətraf mühitə təsir edə biləcək fəaliyyət barədə məlumatlandırma və məsləhətləşməni tələb edir. Eyni zamanda, təsirə məruz qalacaq tərəflərin iradlar bildirməsinə hüquqi imkan yaradır. Bir sözlə, konvensiyaya qoşulmuş tərəfin öz ölkəsi ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Hazırda konvensiyada 45 tərəfdaş ölkə var. Azərbaycan və Ermənistan da sözügedən konvensiyanın tərəfləridir.

Doğrudur, mənfur qonşumuzun xislətinə çoxdan bələdik. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobud formada pozaraq 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində təbiəti viran qoydu, qiymətli sərvətləri amansızcasına dağıtdı. Böyük ekoloji əhəmiyyətə malik Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Canlıgöl, İşıqlı Qaragöl və Qaragöl ciddi şəkildə kimyəvi çirklənməyə məruz qaldı. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində yerləşən və ölkənin ümumi su ehtiyatının 30 faizindən çoxunu qarşılayan Oxçuçay da erməni vandalizminin qurbanı oldu. Bir sözlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrildi. Bir müddət əvvəl isə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürdü və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarıldı. Amma indi bu azmış kimi, Ermənistan Naxçıvanla sərhəddə yeni metallurgiya zavodu açmağı planlaşdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ermənistanın Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatda deyilir ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.

Bundan sonra Azərbaycanın 24 vətəndaş cəmiyyəti təşkilatı Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Məktubda Ermənistanın apardığı ekoloji terrorun dayandırılması tələb olunub. QHT-lərin müraciətində konkret olaraq hazırda Ermənistanda fəaliyyət göstərən 12 müəssisənin ətraf mühitə zərəri və bu zərərin Cənubi Qafqaz regionunun ekosisteminə mənfi təsirləri vurğulanıb. Qeyd olunub ki, metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına və həyat təhlükəsizliyinə, fauna və floraya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcək. Üstəlik, tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz çayının suyundan istifadə edən iri təsərrüfatlara təhlükə yaradır. Bütün bunları nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçün "qırmızı xətt" deməkdir. Bu səbəbdən də QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi və BMT-nin Zərərli Maddələr və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və vacib tədbirlər görməyə çağırıblar. Bildiriblər ki, Ermənistanın davam edən ekoloji terroruna son qoyulmalıdır.

Azərbaycanın tələbi haqlıdır. Buna görə də Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavoduna etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır. Artıq bəyanatı dəstəkləyənlərin sayı 70-ə yaxınlaşıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət də Ermənistanın qlobal ekoloji fəlakət törədə biləcəyindən narahatdır.

Jalə QASIMZADƏ,

"Respublika".