Qələbənin, uğurun, yüksəlişin məntiqi davamı
Siyasət

Qələbənin, uğurun, yüksəlişin məntiqi davamı

İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbə xalqımızı, onun arzularını, istəklərini bir boy da ucaltdı, ən yüksək mənəvi zirvəyə qaldırdı, monolit birliyimizi möhkəmləndirdi. Azərbaycanı aydın üfüqlərə doğru aparan və dünyaya tanıdan inkişafın əsas hədəfləri 20 il bundan əvvəl müəyyən edilib. Qeyd edək ki, inkişafa aparan yol heç də asan olmayıb, ciddi çətinliklər, Ermənistanın işğalı, keçmiş məcburi köçkünlərin problemləri, sosial məsələlər öz həllini gözləyirdi. Belə çətin və məsuliyyətli bir dövrdə Prezident seçilən İlham Əliyev gərgin fəaliyyəti ilə xalqımızın etimadını, etibarını və ən əsası isə məhəbbətini qazanmağa nail oldu. Qarşıda isə əsl mübarizə dayanırdı.

2003-cü ildə keçirilən prezident seçkilərində doğma xalqının inam və etibarını qazanan İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərində "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzaladı. Regionların inkişafı üçün uğurla icra edilən birinci Dövlət Proqramının qəbul edilməsi hər şeydən əvvəl bölgələrdə inkişafın əsaslarını yaratdı və yeni bir mərhələnin təməlini qoydu. 2004-cü ildə qəbul edilmiş birinci proqram, sözün əsl mənasında, tarixi hadisə idi. Sonrakı mərhələlər aydın şəkildə göstərdi ki, respublikamızda həyata keçirilən Dövlət proqramları bir-birinin məntiqi davamıdır. Həyata keçirilən siyasətin təməlində konkret iş, real inkişaf, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapdığı üçün xalq tərəfindən güclü dəstək qazanır.

Dövlətimizin başçısı əsas diqqətini insan amilinə, sosial problemlərin həllinə, aqrar sahəyə və sağlam vətəndaş cəmiyyətinin formalaşmasına yönəldib və uğura aparan islahatlar dönmədən həyata keçirilir. İnkişafın davamlı xarakter alması üçün 2009-cu il aprelin 14-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair ikinci Dövlət Proqramı qəbul edildi. Əsas məqsəd ölkəmizdə iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. Qarşıya qoyulan hədəflər ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilir, yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunu təmin edir, rayonların əvvəlki siması büsbütün dəyişir, bölgələrdə sosial problemlərin həlli sürətləndirilir, həyat səviyyəsi yüksəlir. 2014-cü il fevralın 27-də Prezident İlham Əliyev 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramını təsdiq etdi. Bu proqram əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini, əhalinin dayanıqlı enerji ilə təminatını, qazlaşdırmanın ən ucqar kəndləri əhatə etməsini, yeni yolların çəkilişini, əhalinin məşğulluğunun daha da artırılmasına güclü təkan verdi. Statistika inkişafı ifadə edən ən yaxşı bələdçidir. Dövlət proqramlarının icra olunduğu illər ərzində Ümumi Daxili Məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizdən aşağı düşüb, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Bundan başqa, son 20 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" inkişaf və tərəqqinin yeni mərhələsinə çevrilib. Dördüncü proqramın icra edilməsi dövründə, 2020-ci ilin payızında Azərbaycan Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, şanlı zəfər qazanıldı. Tarixi qələbədən sonra dövlətimizin başçısının imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Fərman Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaratdı. Həmin dövlət sənədində qeyd olunur ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Suqovuşandan Laçına, Kəlbəcərə qədər böyük bir ərazidə nəhəng infrastruktur layihələr icra olunur, həyata keçirilən genişmiqyaslı quruculuq işləri, ətraf mühitin, ekologiyanın bərpa edilməsi və digər həyat əhəmiyyətli tədbirlər Azərbaycan dövlətinin gücünün, iqtisadi qüdrətinin, dövlət başçısının əzmini, iradəsini, qətiyyətini, doğma xalqına məhəbbətini göstərir.

Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşır.

Dünya tarixində müharibədən çıxmış ölkənin dərhal azad edilən ərazilərdə quruculuq işlərinə başlaması nadir hadisədir. Bütün dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin qəddar vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, Prezidentimiz İlham Əliyev qətiyyətlə, güclü inam və gələcəyə nikbin baxışlarla bildirdi ki, Qarabağı dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevirəcəyik! Artıq bunun şahidi oluruq.

Son üç il ərzində dövlətimizin başçısı Qarabağa və Şərqi Zəngəzura 60-dan çox səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edir. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Üstəgəl, Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi nəzərdə tutulub. Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Mütəxəssislərin fikrincə, Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək enerjisi potensialı var. Ehtimal edilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb. Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. İlk belə nümunə Zəngilan rayonunun Ağalı kəndində, Laçın və Füzuli şəhərlərində yaradılır, əhali Günəş enerjisindən istifadə edir, tətbiq edilən "ağıllı kənd" layihəsi yeni dövrün başlanğıcı hesab olunur. Mütəxəssislərin hesablamalarına əsasən, düşməndən azad edilən torpaqlarda 155 min hektar ərazi ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, həmçinin bitkiçilik üzrə indiki kənd təsərrüfatı həcminin 8 faizi nisbətində ümumi məhsul istehsalı qeydə alınacaq. Başqa sözlə, bu bölgədə 45 min ton ət, 200 min tondan çox süd istehsalına real şərait yaranacaq. Bu isə ölkəmizdə heyvandarlıq məhsulları ilə bağlı idxalı xeyli azaldacaqdır. Təkcə Ağdam və Füzuli rayonlarının işğaldan azad edilən ərazilərində 180 min tondan çox taxıl istehsal ediləcək, digər kənd təsərrüfatı bitkilərinin əkinləri genişləndiriləcək. Zəngilan rayonunda 2021-ci ildə təməli Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan "Dost Aqropark"ı qida təhlükəsizliyinə mühüm töhfə verəcək. Üç mərhələdə gerçəkləşdiriləcək bu mühüm layihə uğurla icra olunur.

Qeyd edək ki, ölkəmizdə uğurlu inkişafı, sabitliyi, tərəqqini, həmrəyliyi, cəmiyyətdə xoş əhvali-ruhiyyə yaradan dövlətimizin başçısı İlham Əliyevin siyasəti və inamlı addımlarıdır. Dövlətimizin başçısı nəyi deyibsə, onu da edib. 2003-cü ildən bəri Prezidentimizin sözünə də, işinə də xalq tərəfindən böyük inam var. Son 20 ilin ən böyük uğurlarından biri də ölkəmizin kosmik dövlət kimi tanınmasıdır. İllər əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi, amma artıq reallıqdır. Ölkəmizin üç peyki var.

Azərbaycanın qərbdən şərqə, cənubdan şimala gedən yolların qovuşuğunda yerləşdiyi nəzərə alınaraq ümumilikdə, 2022-ci il ərzində ölkə üzrə 803,5 km, o cümlədən regionlarda 632,3 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, həmçinin regionlarda 300,7 km dəmir yolu xətti yenidən qurulub, 113 dəmir yolu tuneli və ya körpüsü tikilib, əsaslı təmir olunub. Həmçinin 2022-ci il oktyabrın 22-də dövlət başçısının iştirakı ilə Zəngilan Hava Limanının açılış mərasimi həyata keçirilib. Ötən il regionlarda 52 məktəb və 5 uşaq bağçası, 9 tibb müəssisəsi, 10 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrə ikinci həyat bəxş edilir. Zəngilan, Yuxarı Gövhər Ağa və Ağdam Cümə məscidlərində, Tarzən Sadıqcanın evində və Mehmandarovların malikanə kompleksində, Şuşada Şirin su hamamında aparılan təmir-bərpa işləri davam etdirilir, eyni zamanda dövlət başçısının iştirakı ilə Tərtərdə Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarında, Suqovuşan qəsəbəsində İşğal və Zəfər muzeyləri komplekslərinin təməlqoyma mərasimləri keçirilib. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir və işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Salman ALIOĞLU,

"Respublika".