Ermənistan Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamasa, çətin və çıxılmaz vəziyyətə düşəcək
Siyasət

Ermənistan Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamasa, çətin və çıxılmaz vəziyyətə düşəcək

Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərindən biri Ermənistanla sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitinin təmin olunmasıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və ötən ilin sentyabr ayında keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirlərindən sonra regionda sülhün təmin olunması istiqamətində yeni imkanlar açıldı. Qondarma rejimin ləğvi ilə sülhə əsas əngəl aradan qaldırıldı. Artıq nəinki Ermənistan, vasitəçilik iddiasında olan digər güclər, o cümlədən ABŞ da başa düşür ki, sülh qaçılmazdır. Əslində, İkinci Qarabağ müharibəsinədək bir çox vasitəçilər sülhə mane olmağa və regionda gərginliyin qorunmasına çalışırdılar. Bu gün isə onlar sülh prosesində vasitəçi olmaqla regiondakı mövqelərini qorumaq istəyirlər.

Amma Cənubi Qafqazda geopolitik gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar hələlik müsbət nəticə verməyib. Belə ki, ötən ilin sonuna qədər yekun sülh sazişinin imzalanacağı vəd olunsa da bu, baş tutmadı. Xüsusilə də, Paşinyan hakimiyyəti bunun mümkün olduğunu iddia edirdi. Rəsmi İrəvan üç prinsip əsasında yekun sülh sazişini imzalamağa hazır olduğunu bəyan etmişdi. Lakin İrəvan yekun sülh sazişindən müxtəlif bəhanələrlə yayındı. Bu prosesə Cənubi Qafqazda geopolitik maraqları olan dünya nəhəngləri kobud şəkildə müdaxilə edir. Xüsusilə də, ABŞ və Qərbin regional sülh prosesində tərəfsiz vasitəçilik prinsiplərindən imtina edərək birmənalı şəkildə ermənipərəst mövqe tutması böyük əngələ çevrilib.

"2024-cü ildə işğalçı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması o qədər də real görünmür. Təəssüf ki, Ermənistan tərəfi həm dəhliz, həm də sərhədlərin delimitasiyası məsələsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir". Bu fikri açıqlamasında politoloq Bilgehan Öztürk vurğulayıb. Politoloqun fikrincə, işğalçı ölkə beynəlxalq hüququn ən ali prinsiplərinə qarşı çıxmağa davam edir: "Bu da təəssüf doğurur. İrəvan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsində də istəkli görünmür. Məhz buna görə də 2024-cü ildə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını ehtimal etmirəm. Çünki Ermənistanın müqəddəratı öz əlində deyil və bu kimi qərarları təkbaşına verə bilmir. İşğalçı ölkə illərlə Rusiyanın himayəsində olub. Ermənistan 2020-ci ilə qədər xarici siyasətini Rusiyanın maraqlarını nəzərə almaqla müəyyənləşdirib. O cümlədən, Qərbin, xüsusən də Fransanın diqtə və istəkləri ilə oturub-durub. Azərbaycan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra mövcud problemləri öz imkanları hesabına həll etdi".

B.Öztürk onu da vurğulayıb ki, hazırda Ermənistan beynəlxalq müstəvidə Qərblə Kreml arasında çəkişmə zonasıdır: "Qərb Rusiyanı zəiflətmək və nəzarətdə saxlamaq üçün Ermənistan kartından istifadə etməkdədir. Amma İrəvan, Moskvanın yüzillik qarmağından rahat şəkildə çıxa bilməyəcək. Buna görə də, sülh sazişi məsələsində Ermənistan təkbaşına addım ata bilmir. İşğalçı ölkə qısa müddətdə sülh sazişinə imza atmasa, daxildə çətinliklərlə üzləşəcək. İqtisadi çətinliklər, sosial partlayışlar bir-birini əvəzləyəcək. Beləliklə, Ermənistan Birləşmiş Ştatların, Qərbin və Rusiyanın çəkişmə nöqtəsində çırpınacaq. Hadisələrin hazırkı gedişatı bunu göstərir. Ermənistanın indiki iqtisadi və hərbi durumu isə gələcək çəkişmələrə, siyasi oyunlara hazır deyil. Bundan sonrakı mərhələdə Ermənistanın xilası üçün yeganə yol əbədi sülh və sabitlikdir. İrəvan qonşuları ilə yaxşı yola getməlidir. İrəvan Ermənistandan minlərlə kilometr uzaqda olan dövlətlərin siyasi istəklərini yerinə yetirməyə davam edərsə, yox olmaq təhlükəsi ilə üz-üzə qala bilər. Türkiyə və Azərbaycanla hesablaşmaq istəməsə, o zaman Ermənistan daha çətin, çıxılmaz vəziyyətə düşəcək.

Hazırda Fransa Ermənistanı silahlandırır və Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti gərginləşdirən addımlar atır. Yəni Paris öz ermənipərəst davranışları ilə Cənubi Qafqazda sülh prosesini pozmağa cəhd göstərir. Digər tərəfdən, ermənipərəst Fransaya paralel olaraq Avropa Birliyi də məhz Ermənistanın himayədarı statusunda çıxış edir. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəl rolunu indiki vəziyyətdə məhz ABŞ və Qərb oynayır. Ona görə də, Bakı ABŞ və Qərbin vasitəçilik etdiyi sülh platformalarındakı müzakirələrdən haqlı olaraq, imtina edir. Əgər, ABŞ və Qərb həqiqətən Cənubi Qafqazda sülh istəyirsə, onda ermənipərəst mövqeyindən imtina etməli, tərəfsizlik prinsiplərini hər şeydən üstün tutmalıdır.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.