Hindistan-Hayastan sevdasının pərdəarxası
Siyasət

Hindistan-Hayastan sevdasının pərdəarxası

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi tarixi qələbədən sonra erməni havadarları özlərini daha fəal şəkildə göstərməyə başlayıb.

Belə ki, Ermənistanın Qərblə yanaşı, Hindistanla əlaqələrində də bir sıra irəliləyişlər müşahidə olunur. İki ölkənin müxtəlif sahələri əhatə edən müqavilələr imzalaması bunun əyani sübutudur. Hindistan Hayastana silah ticarətini də genişləndirib. Bir neçə gün əvvəl rəsmi Dehli İrəvana 150 min ədəd qumbara satıb. Bununla yanaşı, Hindistanın "Bharat Forge" şirkəti "MARK 155" təkərli özüyeriyən haubitsaların Ermənistana tədarük üçün nəzərdə tutulduğunu bildirib. Hərbi əməkdaşlıq çərçivəsində Ermənistan Hindistandan dörd "Svati" mobil radar sistemi də alıb. Ötən ilin sentyabrında isə iki ölkə arasında "Pinaka" reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ silahların alınması üçün 245 milyon dollarlıq saziş imzalanıb. Bir neçə gün bundan öncə Nyu-Dehlidə iki ölkənin xarici işlər nazirliyi arasında baş tutan 10-cu müntəzəm siyasi məsləhətləşmələr çərçivəsində rəsmi İrəvan "Sülhün kəsişməsi" layihəsini də təqdim edib.

Maraqlıdır, Hindistanın "hay sevdası" nədən qaynaqlanır? Şübhəsiz, bu ölkə də öz planlarını həyata keçirmək üçün rəsmi İrəvandan istifadə edir. Hindistanın satdığı bütün silahların dəqiqliklə mətbuatda yayımlanmasını nəzərə alsaq deyə bilərik ki, rəsmi Dehli İrəvan vasitəsilə Cənubi Qafqazda yeni silah alverçisi olmaq niyyətindədir. Hindistanın bu planı Fransanın maraqları ilə üst-üstə düşür. Çünki hər iki dövlət bu gün Ermənistana silah satmaqla regiondakı silah bazarına qoşulmağa çalışır. Şübhəsiz, Hindistanın Ermənistanla yaxınlaşmasına Azərbaycanın Pakistanla silah satışı barədə müqaviləsi də təsir edir. Pakistana qarşı düşmənçilik siyasəti yürüdən Hindistanın vaxtikən Qarabağda mövcud olan separatçı rejimi dəstəkləyən açıqlamalar verməsi də iki ölkə arasındakı münasibətlərə qıcıqdan irəli gəlirdi.

İkinci Qarabağ müharibəsi dövründə də Hindistan Hayastana tərəfdar çıxırdı. O zaman Hindistan mətbuatında dərc olunan məqalələrə nəzər yetirsək görərik ki, onların əksəriyyəti erməni mövqeyini müdafiə edirdi. İndi isə Hindistan Ermənistandan istifadə etməklə Avropanı birləşdirən dəhlizə çevrilmək istəyir. Rəsmi Dehli bu yolla Pakistanın bağladığı Avropa və Mərkəzi Asiyaya quru yollarına çıxış əldə etmək niyyətini güdür. Hindistan bununla İranı Çinin orbitindən çıxarmaq, Pekinin regiondakı infrastruktur layihələrini məhdudlaşdırmaq da istəyir. Çünki bu gün Çin regionda Hindistan üçün ciddi iqtisadi rəqiblərdəndir. Bütün bunlara baxmayaraq, Hindistan Ermənistanla reallaşdırmağı nəzərdə tutduğu layihənin çox riskli olduğunu da dərk edir. Ermənistana gəldikdə isə Hindistanın müttəfiqlik mövqeyində müəyyən dəyişikliklərin olacağını dərk edən İrəvan bu yaxınlarda ora yeni səfir göndərib. Baş verə biləcək dəyişikliklərin isə bir sıra səbəbləri ola bilər. Ermənistanın həm hərbi, həm də diplomatik sahədə ölkəmiz tərəfindən rəzil duruma düşürülməsi, Rusiya ilə münasibətləri sıfırlamaq həddinə gəlməsi də münasibətlərə mənfi təsir göstərir.

Yeri gəlmişkən, hazırda Hindistan İranın şimali-qərbindən Cənubi Qafqaz vasitəsilə Rusiyaya və ya Qara dənizə keçmək üçün dəmiryolu axtarışındadır. Dehli bu istəyini ya Ermənistanın cənubundakı Zəngəzur vilayətindən, ya da Azərbaycan üzərindən Xəzər dənizi sahili vasitəsilə reallaşdıra bilər. Regionda hökm sürən vəziyyət isə Hindistanın bu istəyini ancaq Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi vasitəsilə həyata keçirə biləcəyini göstərir. Bu yaxınlarda İranla Araz çayı üzərindən yeni yolun tikintisi ilə bağlı başlanan işlər, eləcə də ölkəmizin Zəngəzur dəhlizi barədə verdiyi açıqlamalar, Hindistan üçün uğurlu variantın məhz Azərbaycan vasitəsilə reallaşa biləcəyini bir daha təsdiqləyir. Bu isə rəsmi Dehlinin Ermənistandan Avropaya çıxış əldə etmək planının uğursuz nəticələnəcəyini söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".