10 noyabrda imzalanan üçtərəfli Bəyanatın 3-cü bəndinə əsasən Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Beynəlxalq təcrübədə sülhməramlı kontingentin əsas vəzifəsi yerləşdiyi bölgədə beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanaraq sülhü təmin etmək, ona verilən bu missiyanı şərəf və ləyaqətlə yerinə yetirməkdir. Dünyanın bir çox ərazilərində belə təcrübələr mövcuddur. Məsələn, Kosovo, Əfqanıstan, İraq və digər ölkələrdə BMT mandatlı sülhməramlı qoşunlara rast gəlmək olar.
Qarabağa yerləşdiyi gündən etibarən ermənipərəst mövqe nümayiş etdirən Rusiya sülhməramlı kontingenti haqlı olaraq Azərbaycan ictimaiyyətinin qınaq obyektinə çevrilib. İlk günlərdən əsl məramının sülh olmadığını göstərən kontingent, iki il yarımlıq fəaliyyəti dövründə bir sıra təzadlı məqamlarla yadda qalıb və bu, hələ də davam etməkdədir. Münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında Azərbaycanın suveren ərazilərinə yerləşdirilən sülhməramlılar qərəzsiz və neytral tərəf tutmaq əvəzinə, erməni maraqlarına xidmət edir. Bu günə qədər Qarabağda ekoloji terrorun törədilməsi, qanunsuz silah və sursatların daşınması, Azərbaycan tərəfi ilə razılaşdırılmadan ermənilərə su anbarının tikilməsi, faydalı qazıntılarımızın istismarı, şəhər və kənd toponimlərimizin dəyişdirilməsi və sadalamaqla bitməyən amillər birbaşa Volkovun öz səlahiyyətlərindən sui-istifadə etdiyini sübut edir.
Erməniyə nökərlik edən kontingent nümayəndələri bu dəfə general Volkovun tapşırığı ilə Qarabağda erməni azyaşlılarına hərbi təlimlər keçməklə gündəmə gəlib. Postmüharibə dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün qarşılıqlı işlək mexanizmlərin yaradılmasına dəstək göstərmək əvəzinə, yeniyetmələrə döyüş təlimlərinin keçirilməsi gələcək münaqişələrə hazırlığın bariz göstəricisidir. Və gənclərin bu kimi əməllərə cəlb olunması beynəlxalq konvensiyalara da zidd addımdır.
Sülhməramlı kontingentin üçtərəfli Bəyanata əməl etməməsinin digər göstəricisi kapitulyasiya aktının 4-cü bəndində qeyd olunan müddəaya nəzər yetirdikdə də aydın görünür. Bəyanatda qeyd olunur ki, bölgəyə Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Halbuki, iki ildən çox vaxt keçməsinə baxmayaraq, erməni hərbi birləşmələri hələ də həmin ərazilərdə qalmaqdadır. Cinayətkarları nəzarət etdiyi ərazilərdən çıxarmaq əvəzinə, onların silahlanmasına yardımçı olmaları da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının qarşısını alan əsas məsələdir. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda ələ keçirilən ərazilərdə 2021-ci il istehsalı olan minaların aşkar edilməsindən aydın olur ki, humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın-Xankəndi yolundan çirkin məqsədlər üçün istifadə olunub. Lakin 2022-ci il dekabr ayının 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri və könüllülərin iştirakı ilə başlayan aksiyadan sonra bu ərazidən silahların daşınmasının mümkün olmadığını görən "köhnə dostlar" Xankəndiyə alternativ olan torpaq yollar vasitəsilə qanunsuz silahların daşınmasına davam edirdilər. Xüsusilə mart ayında daha da intensivləşən separatçılar rus sülhməramlıların müşayiətilə təxribatlarını davam etdirmək üçün yeni cığır açmışdılar. Bu dəfə də Azərbaycan Ordusu lokal tədbirlər həyata keçirərək bütün qanun pozuntularının qarşısını almış oldu.
Təəssüf doğurucu məqamlardandır ki, Ermənistanın özü dünya arenasında siyasi oyuncaq olduğu halda, sülhməramlı kontingent ermənilərin oyuncağına çevrilib. Təmsil etdikləri ölkənin imicinə zərər vurmaqları azmış kimi, ermənilərin qurduqları şouların baş rol ifaçılarıdır. Yerləşdikləri ərazilərdə atəşkəsin tez-tez pozulması məqsədyönlü addımlardan biridir. Müvəqqəti olaraq ərazimizə yerləşən, daşıdığı ad ilə əməlləri düz gəlməyən rus hərbçiləri bu xəyanətləri ilə çətin ki, əlavə olaraq beş il də bu ərazilərdə xidmət aparsın.
Musa BAĞIRLI,
"Respublika".