Ərazilərin minalanması hərbi cinayətdir
Digər xəbərlər

Ərazilərin minalanması hərbi cinayətdir

Dünyanın aparıcı dövlətləri Ermənistanın bu əməlinə münasibət bildirməlidirlər

"Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır". Bu fikirləri Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə deyib.

Mina nədir? Bu sualın sadə bir cavabı var: mina ölüm deməkdir. Minalar bu gün bəşəri problemlər sırasında özünə yer alıb. Belə ki, BMT-nin dəyərləndirməsinə görə, bu gün dünyada 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərərçəkmiş hər 3 nəfərdən biri isə uşaqdır. Bax, bu məqamda Tovuz rayonunun Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan 13 yaşlı Elnarəni xatırladım. 2011-ci ildə ermənilərin Tovuz çayına atdıqları içərisinə partlayıcı yerləşdirilmiş gəlinciyi götürüb oynadarkən baş verən partlayış günahsız qızcığazın həyatına son qoymuşdu. Xatırladaq ki, 1994-cü ildə də həmin kənddə, həmin çayda oxşar hadisə baş vermiş, bu zaman da iki azyaşlı uşaq həlak olmuş, biri isə ölümcül yaralanmışdı.

Bax, budur, mina!.. Və bu gün biz onun əziyyətini 30 il əvvəlkindən daha çox çəkirik. Çünki tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərə onun əsl sakinlərinin qayıdışına çətinlik yaradan problemlərdən biri, bəlkə də birincisi minalardır. Söhbət minalanmış 10 min kvadratkilometr ərazidən gedir. Bu ərazinin böyük hissəsi mina və partlamamış hərbi sursatların təsirinə məruz qalıb. Müharibədən sonra dövlət başçısı İlham Əliyev və qeyri-hökumət təşkilatları Ermənistana mina problemi ilə əlaqədar təzyiq edilməsi üçün dəfələrlə təşəbbüs göstəriblər. Bunun nəticəsində Azərbaycan ərazilərinin minalanması problemi beynəlxalq miqyasda qəbul olunub. Doğrudur, Ermənistan minalanmış ərazilərin müəyyən qisminin xəritələrini verib, lakin onun dəqiqliyi isə sıfra bərabərdir. Əslində bu da bir təxribatdır. Təəssüf ki, müharibənin başa çatmasından ötən üç ilə yaxın bir müddətdə dünyanın heç bir aparıcı dövləti Ermənistanın bu cinayətinə qarşı fikir bildirməyib. Halbuki, mina əkilməsinin hərbi cinayət olduğunu bütün dünya bilir. Bu isə birgə mübarizəni tələb edir.

Ötən ilin sentyabrında ABŞ-da "Sülhün kökləri" adlı vətəndaş cəmiyyəti təşkilatının sədri Heidi Kühnün təşəbbüsü ilə Napa Vadisində 25 illik yubiley tədbiri keçirilirdi. Tədbirdə dünyanın müxtəlif yerlərindən nümayəndələr iştirak edirdilər. İlk olaraq Napa Vadisində simvolik ağac əkilmiş, sonra isə "Sülhün kökləri - minalı ərazilərdən üzümlüklərə", "Bir qadının dünyanı qorumaq missiyası" adlı yubiley tədbiri start götürmüşdü. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tədbirdə Azərbaycanın mina problemi və onun həllinin sürətlənməsinə dəstək göstərilməsi ilə bağlı müzakirələr aparmış, iştirakçılar qeyd etmişdilər ki, gələcəkdə bir sıra layihələri həyata keçirmək üçün Azərbaycana səfər etməkdə maraqlıdırlar. Daha sonra Heidi Kühn Azərbaycana səfərindən söz açmış, qonaqlara ölkə haqqında, onun mübarizə apardığı problemlərdən geniş məlumat vermişdir. O, Azərbaycanda olarkən minalanmış Qarabağa səfərini xüsusi olaraq qeyd etmişdir.

Bəli, Heidi Kühnün bütün dünyada minaların məhv edilməsi və o sahələri üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edəcək. Onun müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan "Mines to Vines" ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir. "Sülhün kökləri" toxumu Azərbaycanda da səpildi. Belə ki, "Sülhün kökləri" vətəndaş cəmiyyəti təşkilatı ilə birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biridir. İşğal dövründə ərazilərə 1,5 milyondan artıq mina basdırılması da dediklərimizi təsdiqləyir. Ümumiyyətlə, humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Azərbaycan ərazilərinin intensiv minalanmasını əvvəlcədən görən ümummilli lider Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaradılması barədə qərar verib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Məqsəd tez bir zamanda keçmiş məcburi köçkünlərin doğma yerlərə qaytarılmasıdır. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə deyib: "...Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdü. Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini dəstəkləyəcəklər".

Zümrüd QURBANQIZI,

"Respublika".