Eqosentrizm, yoxsa qərar verə bilməmək?..
Siyasət

Eqosentrizm, yoxsa qərar verə bilməmək?..

Bu gün Ermənistanın qərb dövlətlərinin oyuncağına çevrilməsi Paşinyan hakimiyyətinin həyata keçirdiyi uğursuz siyasətin nəticəsidir. Milli mentalitetdən irəli gələn nankorluq, varvarlıq, riyakarlıq, saxtakarlıq kimi xüsusiyyətlər də xalqın bugünkü vəziyyətinin səbəblərindəndir. İllər uzunu ermənilərin saxtalaşdırmağa çalışdıqları tarixdən də məlumdur ki, onlar öz monoetnik dövlətini məhz Azərbaycan torpaqlarında qurmuşlar. Bu torpaqlara gəlmə olan ermənilər özlərinə yer etdikdən sonra insanlıq adına sığmayan vəhşiliklər törətməklə soydaşlarımızı əzəli yurd yerlərindən didərgin salmışlar. Müxtəlif vaxtlarda xalqımıza qarşı soyqırımları, deportasiyalar həyata keçirən mənfur qonşularımızın ərazi iddiaları get-gedə daha da böyümüş və ötən əsrin sonlarında tarixi torpaqlarımızın 20 faizdən çox hissəsi işğal edilmişdi. Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istəyinə məhəl qoymayan qarşı tərəf əksinə, daha böyük xəyallar quraraq dağıdıcılıqla, vandallıqla məşğul olmuşdur. Bu müddət ərzində iki ölkə arasında yaranmış münaqişənin həllinə ciddi səy göstərən, xalqların birgəyaşayışının bərpasına çalışan dövlətimizin atdığı addımlar cavabsız qalmış, təxribatlar daha geniş xarakter almışdır.

İki ölkə arasında uzun sürən düşmənçiliyin sülh yolu ilə həllinin mümkün olmadığı təqdirdə, müstəqil, düşünülmüş siyasət yürüdən dövlətimiz ərazi bütövlüyünü təmin etmək üçün Ermənistanın növbəti təxribatlarına əks-hücum əməliyyatı ilə layiqli cavab verdi. Düşmən ölkənin işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. “Özgə atına minən tez düşər”, - deyiblər. Azərbaycan torpaqlarında özünə dövlət quran nankorların ərazilərini genişləndirmək xəyalları puç oldu. Əgər Ermənistan Azərbaycanın uzaqgörən, yüksək intellektli, geniş dünyagörüşə, siyasi biliyə sahib olan qətiyyətli dövlət başçısının sülh təklifinə müsbət cavab versəydi, münaqişə illər əvvəl həllini tapardı, artıq öz xislətinin girdabında boğulan düşmənin aqibəti bugünkü vəziyyətdə olmayacaqdı. 44 günlük İkinci Qarabağ müharibəsində tam kapitulyasiyaya uğrayan, bu il sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xankəndidəki separatçı xunta kimi siyasi alətini itirən Ermənistanda xaos, böhran hökm sürür.

Bəs Ermənistanı qərbin marionetinə çevirən nədir? Ölkənin baş nazirinin eqosentrizmi (xudbinliyin, eqoizmin ifrat forması), yoxsa dövlət idarəçiliyində naşılığı, səriştəsizliyi? İlk olaraq qeyd edək ki, eqosentriklər öz şəxsi fikirlərini daha əhəmiyyətli hesab edirlər. Lakin məlumdur ki, nə nazir vəzifəsinə gətiriləndə, nə də bu beş il ərzində ölkənin idarə olunmasında Nikol Paşinyan öz şəxsi fikirləri ilə hərəkət etməyib. O, bu illər ərzində yalnız yaxşı rəqs etmək bacarığını nümayiş etdirib. Özü də fərqli müsiqilərə. Məsələn, bir vaxtlar rus havalarına oynayan Paşinyanın, indi qərb musiqisi "sümüyünə düşür". Demək ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 il davam etməsi, postmüharibə dövründə də bu ölkənin düşmənçiliyə son verməməsinin səbəbi baş nazirin müstəqil siyasətinin olmaması, onun-bunun çaldığı havaya oynamasıdır.

Azərbaycan ilə Ermənistan arasında tarix boyu ədavət toxumu səpən qərb ölkələri zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyə malik olan Cənubi Qafqazda yerləşmək üçün Ermənistandan hər zaman ən uyğun vasitə kimi istifadə ediblər. Münaqişələrə, müharibələrə sövq edilən ölkənin düşdüyü vəziyyət isə göz qabağındadır. 2018-ci ildə "məxməri inqilab" adlanan geniş etirazlardan sonra hakimiyyətə gələn keçmiş jurnalist və fəal Nikol Paşinyan baş nazir seçilərkən siyasi və iqtisadi islahatlara ümid yaratsa da, Ermənistanda tərəqqi və həyat səviyyəsinin yaxşılaşdırılması, birlik və sabitliyin təmin olunması əvəzinə, ölkə daxilində parçalanmalar gücləndi ki, bu da siyasi iğtişaşlara və gərginliyə gətirib çıxardı. Müxalif qüvvələr düzgün xarici siyasət aparmayan, ölkə üçün əlverişli şərtləri təmin etməyən baş naziri strateji uzaqgörənliyi olmayan, siyasətdən xəbərsiz xəyanətkar adlandırır, Paşinyanın qərar qəbul etmək, Ermənistanın milli maraqlarını qorumaq üçün danışıqlar aparmaq bacarığının olmadığını bildirirlər. Bu isə bir daha təsdiq edir ki, Ermənistanın düşdüyü vəziyyət baş nazirin eqosentrizmindən deyil, müstəqil qərar verə bilməməsindən qaynaqlanır. Belə ki, öz maraqları naminə Ermənistandan istifadə edən qərb bloku baş naziri "cəsarətləndirərək" anti-Azərbaycan siyasəti yürütməyə, regionda sülhü təhdid etməyə sövq edir. Sözsüz ki, Ermənistan lideri müstəqil siyasət yürüdə bilsəydi, az da olsa xalqının müqəddəratını düşünər, münaqişələrə son qoyulmasının mümkün yollarını tapar və bunu həyata keçirməyə səy göstərərdi. Rusiyaya, İrana, Fransaya, bu gün də Amerikaya quyruq bulayan Ermənistan anlamır ki, bu ölkələrin hər biri öz maraqları üçün Ermənistandan istifadə edirlər. Paşinyan isə xalqının deyil, onu hakimiyyətə gətirənlərin mənafeyinə xidmət edir. Elə bu səbəbdəndir ki, ölkədə vəziyyət gündən-günə ağırlaşır, müxalif qüvvələr hakimiyyətə qarşı birləşir, xalqın dövlətə olan inamı, etimadı itir. Eyni zamanda, ölkədə ciddi sosial-iqtisadi problemlər, insan hüquq və azadlıqlarının təmin olunmaması hökuməti iflasa sürükləyir. Ermənistan özünü elə bir diplomatik labirintə salıb ki, buradan çıxması müşkül məsələdir.

Mehparə ƏLİYEVA,

"Respublika".