Ən böyük bayram hədiyyəsi
Siyasət

Ən böyük bayram hədiyyəsi

Azərbaycan tarixində yeni dövr başlayıb, biz bu dövrə şərəflə, ləyaqətlə qədəm qoymuşuq. Güclü dövlətimiz ötən dövr ərzində qarşısına qoyduğu bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirdi, xalqımızın arzu və istəklərini yüksək nailiyyətlərlə reallaşdırdı. Görülən işlərin ən yüksək  zirvəsi isə təbii ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsidir. Bu təkcə ərazi bütövlüyümüzün təmin edilməsi ilə yadda qalmadı, həm də dünya ictimaiyyətinə Azərbaycanın gücünü, qüdrətini göstərdi, xalqımızın və onun Liderinin əzmkarlığını, qətiyyətini bəyan etdi.

Dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf hədəflərindən ən başlıcası Qarabağ və Şərqi Zəngəzurda işğalın fəsadlarını aradan qaldırmaq, aparılan bərpa-quruculuq işlərini uğurla davam etdirmək, sakinlərin öz yurdlarına dönməsini həyata keçirməkdir. Sözsüz ki, bu, elə də asan iş deyil, çünki tamamilə dağılmış ərazilərdə müasir tipli yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, insanların rahat yaşaması üçün hər cür şərait yaratmaq böyük iqtisadi güc tələb edir. Həm xalqımız, həm də beynəlxalq ictimaiyyət aydın görür ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gəlir. Sistemli və keyfiyyətli işin göstəricisidir ki, artıq sakinlərin bir hissəsi öz yurdlarına dönürlər.

Abadlıq-quruculuq işlərinə bilavasitə özü nəzarət edən Prezidentimiz mütəmadi olaraq həmin ərazilərə səfərlər edərək, aparılan işlərlə yerindəcə tanış olur, sakinlər üçün tikilən yeni evlərin açarlarını təqdim edir. Dövlətimiz və xalqımız üçün əlamətdar gündə - Müstəqillik Günündə cənab  İlham Əliyev yenə də Qarabağda idi. Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Təbii ki, bu, həmin kəndlərin sakinlərinə, ağdamlılara, eləcə də bütün xalqımıza böyük bayram hədiyyəsidir. Vətən torpağını çiçəklənən, tərəqqi edən, dirçələn görmək, həqiqətən də, xoşbəxtlikdir. Biz əminik ki, yaxın gələcəkdə Ağdam rayonu tamamilə bərpa olunacaq, əvvəlkindən də gözəl görkəm alacaq və ölkəmizin inkişaf etmiş bir parçasına çevriləcək. Müstəqillik Günü xalqımıza daha böyük hədiyyə  Xocalıya sakinlərin yerləşdirilməsi oldu.

Xocalılıları öz yurdunda görmək çox qürurvericidir. Onların üzündəki sevinc, xoşbəxtlik hissi hər birimizi fərəhləndirir. Prezident İlham Əliyevin gərgin zəhməti, fədakar əməyi, düşünülmüş siyasəti və sərkərdəlik məharəti sayəsində biz bu gün xocalılıları öz evlərində görürük. Artıq indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. İnanırıq ki, yaxın vaxtlarda bütün sakinlər evlərinə dönəcək.    

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.