Əliyar Əliyev
Sosial həyat

Əliyar Əliyev

Birinci Qarabağ savaşında - torpaqlarımıza yağılar göz dikəndə, daşnak quldurlar havadarlarının köməyi ilə mənfur niyyətlərini həyata keçirəndə, Vətənin taleyi təhlükədə olanda Azərbaycanın neçə-neçə idmançıları da silaha sarılaraq odlu səngərlərə yollanmış, döyüş əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirmişlər. Belə idmançılardan biri də Əliyar Əliyev olmuşdur.

Adı Azərbaycanın hərb tarixinə yazılmış Əliyar Yusif oğlu Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində dünyaya göz açmışdır. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. O, 1979-cu ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmiş, gənclərin sağlam ruhda böyüməsində var qüvvəsini əsirgəməmişdir.

Əliyar Əliyev 1980-ci ildə valideynlərinin xeyir-duası ilə hərbi xidmətə yollanmış, 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləmişdir. Əliyar 1983-cü ildə doğma yurda qayıtmış, bir müddət rayonda orta məktəbdə müəllim işləmiş, eyni zamanda "Məhsul" kənd Könüllü İdman Cəmiyyətində məşqçi olmuş, 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti Rayon Şurasının sədri seçilmişdir. O, respublikanın adlı-sanlı idmançılarından biri sayılır, haqqında mətbuatda yazılar dərc olunur, televiziya kanallarında verilişlər hazırlanırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qaliblər sırasına yüksəlmişdi. Gənc idmançı həmçinin bir sıra mühüm yarışların hakimi və baş hakimi olmuşdu. Əliyarın səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.

Əliyar Əliyev respublikamızda gedən ictimai-siyasi hadisələrdə yaxından iştirak edirdi. O, rayonda xalq hərəkatına rəhbərlik edir, demokratik qüvvələrin birləşməsində yüksək təşkilatçılıq qabiliyyəti göstərirdi. Ermənistanın ölkəmizə qarşı təcavüzü başlayanda cəbhəyə könüllü gedənlərdən biri də Əliyar Əliyev oldu. 1990-cı ilin aprel ayında düşmənin Başarat kəndinə və mühüm strateji əhəmiyyəti olan ətraf yüksəkliklərə böyük qüvvə ilə hücum edəcəyi gözlənilirdi. Tabor komandiri ermənilərin taktikasına yaxşı bələd idi. O, hücumun gecəyarıdan keçmiş, ya da səhər açılmamış başlayacağını təxmin etmiş və zənnində yanılmamışdı. Dan yeri sökülməmiş Topağac yüksəkliyi toplardan şiddətli atəşə tutuldu. Ə.Əliyevin başçılıq etdiyi dəstə hücumu qətiyyətlə dəf edərək, erməni silahlılarına güclü əks-zərbə endirdi. Cəsur komandirin uzaqgörənliyi nəticəsində döyüş tam qələbə ilə başa çatdı, düşmən xeyli canlı qüvvə və hərbi texnikasını itirərək geri çəkilməyə məcbur oldu.

1992-ci il sentyabrın 30-da Əliyar Əliyevin komandirlik etdiyi tabor Laçın rayonunun ərazilərini erməni işğalçılarından azad etmək üçün güclü hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmənin 30-dan artıq mövqeyi darmadağın edildi. Ağır itki verən erməni yaraqlıları vahimə içərisində geri çəkilməkdə, cəsarətli partizan dəstəsi ilə irəliləməkdə idi. Artıq "Sussuz dağı", "Suarısı" yüksəklikləri geridə qalmışdı. Qarşıda isə görülən çox işlər var idi. Buna görə də komandir tələsir, bu Zəfər yürüşünü davam etdirməyə can atırdı. Sonra Laçın rayonunun mərkəzində gedən döyüşlər... Əliyarın adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən, cəsurluğundan danışırdılar.

...1992-ci il oktyabrın 3-ü. Şurumbaşı yüksəkliyi... Qanlı döyüşlər... Əliyar Əliyevin taboru "tikanlı zəmi" deyilən dağa qədər irəliləmişdi. Ermənilərin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Lakin qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Əliyar o yüksəkliyə çata bilmədi, sinəsi düşmən gülləsinə tuş gəldi, öz ölümü ilə ölümsüzlüyə qovuşdu. Son mənzili Qubadlı rayonunun Qazyan kəndindəki qəbiristanlıq oldu. 3 övlad yadigarı qaldı.

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Əliyar Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Əliyar Əliyevin Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Qədir ASLAN,

"Respublika".