Qarabağ və Şərqi Zəngəzur: həyat axarına düşür
Sosial həyat

Qarabağ və Şərqi Zəngəzur: həyat axarına düşür

Otuz ilə yaxın düşmənin hərbi təcavüzü nəticəsində zülmətə, səssizliyə, səfalətə, xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi onu göstərdi ki, haylar əsarətdə saxladıqları torpaqlarımızdan vəhşi kimi istifadə ediblər. Erməni təəssübkeşliyi göstərən, ermənipərəst mövqedə dayanan bəzi Avropa ölkələri və bu gün Ermənistanın bir nömrəli müdafiəçisi rolunda çıxış edən, bunu gizlətmədən nümayiş etdirən ABŞ və bir sıra beynəlxalq təşkilatlar bu varvarlığa göz yumub, haqqın, ədalətin səsini eşitmək istəməyiblər.

Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsində və 23 saata başa çatdırılan antiterror tədbirlərində öz haqqını döyüş meydanında bərpa etdi, ərazi bütövlüyünə və suverenliyinə qovuşdu. Qalib Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlara, qədim yurd yerlərimizə səfər edərək bütün dünyaya elan etdi ki, Azərbaycan ermənilərin viranəyə çevirdikləri əraziləri öz gücü ilə bərpa edəcək, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına ləyaqətli qayıdışını təmin edəcək. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması Prezident İlham Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ilinin ən uca zirvəsi, möhtəşəm zəfərin təntənəsidir.

Tarixi qələbədən üç il ötür və bu qısa zaman kəsiyində işğaldan azad edilən torpaqlarda aparılan quruculuq işlərinin statistikası böyük gücü və qüdrəti ifadə edir. Düşmənin başı əzilsə də, onun bəd niyyətini, iç üzünü, qəddarlığını, məkrini göstərən minaların təmizlənməsi üçün sözün əsl mənasında ciddi mübarizə aparılır. Otuz ilə yaxın işğalda saxladığı əraziləri başdan-başa minalarla çirkləndirən Ermənistan üçtərəfli Bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün möhlət aldığı müddət ərzində də torpaqlarımıza ölüm sursatları basdırmaqla öz çirkin niyyətindən əl çəkmədi. Xain düşmənin basdırdığı minalar yüzlərlə dinc sakin və hərbçinin ölümünə səbəb olur, onlarla insan isə ömürlük şikəst qalır. Ona görə də əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikili və binaların təhlükəsizliyinin təmin edilməsi üçün ardıcıl olaraq minalardan təmizlənmə işləri davam etdirilir. Torpaqlar ölümsaçan minalardan təmizlənəndən sonra həmin ərazilərdə dərhal quruculuq işləri aparılır. Kəndlər, qəsəbələr, şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, yaşayış massivləri istifadəyə verilir. Keçmiş məcburi köçkünlər sevinclə, minnətdarlıqla öz əzəli torpaqlarına qayıdırlar. Yollar çəkilir, bütün infrastruktur sıfırdan qurulur, o cümlədən Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilib. Laçında isə hava limanının tikintisi sürətlə aparılır. Bundan əlavə, 31 qəsəbənin təməli qoyulub. "Böyük Qayıdış"a dair birinci Dövlət Proqramı çərçivəsində artıq yüzlərlə ailə Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdırlar. Ümumilikdə, qarşıdakı 3 il ərzində 30 mindən çox ailənin Qarabağa və Şərqi Zəngəzura qayıtması gözlənilir. Daha doğrusu, 2026-cı ilin sonuna qədər ən azı 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura qayıtması nəzərdə tutulur.

Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir. Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciətində qeyd olunub. Sərgi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır. Həqiqətən, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması naminə bütün platformalarda çox böyük iş aparılır, xarici investorlar dəvət edilir.

 Onu da qeyd edək ki, qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait xərclənib. Başa çatmaqda olan ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Yuxarıda qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqları addım-addım gəzir, möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir.

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastruktur yaradılır. Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkında geniş aspektli və təqdirəlayiq işlər görülür, iqtisadi fəallığın təməli qoyulur, yurd yerlərinə qayıdan köçkünlərə iş yerləri yaradılır. Ağdam və Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Agentliyin məlumatına görə, həmin sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında, ümumilikdə 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirak üçün indiyədək 1500-dən çox şirkət müraciət edib ki, onların da 500-ə qədəri xarici şirkətlərdir. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaşıl və bərpaolunan enerji layihələrinə ciddi diqqət ayıran Prezident İlham Əliyevin uğurlu diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə öz bəhrəsini verir.

Alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün işğaldan azad edilən ərazilər böyük potensiala malikdir.

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu istiqamətdə bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində icra edilib, Laçın və Füzuli şəhərlərində davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Beynəlxalq təhlilçilərin və siyasi ekspertlərin fikrincə münaqişənin həlli regionun təhlükəsizliyi və iqtisadi baxımdan çox böyük strateji əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Şanlı qələbə, inkişaf, tərəqqi, gələcək hədəflərə inamlı addımlar Azərbaycanın qüdrətinin, gücünün, uğurlu siyasətinin ən yaxşı göstəricisidir. Təbii ki, qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdış Poqramı çərçivəsində yeni və müasir evlərə köçürülür. Qarabağda və Şərqi Zəngəzurda həyat öz axarına düşür, bu torpaqlarda yeni arzularla birlikdə körpələr də doğulur, gələcəyə inamlı addımlar atılır.

Salman ALIOĞLU,

"Respublika".