Elçin Əmirbəyov: Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır
Siyasət

Elçin Əmirbəyov: Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır

Cənubi Qafqazın problemləri, ilk növbədə, region ölkələrinin özləri tərəfindən həll olunmalıdır. AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı BBC-nin canlı efirində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, "3+3" məşvərətçi regional platformasının təsis edilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra irəli sürülüb. Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud olan ciddi potensialdan istifadə olunması və Cənubi Qafqazın üç dövləti, habelə onların yaxın qonşuları - Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və başqa sahələrdə praktiki qarşılıqlı fəaliyyətin təmin edilməsidir.

Formatın iştirakçıları oktyabrın 23-də Tehranda keçirilən ikinci görüş əsnasında region ölkələrinin regional məsələlərin həllində başlıca rol oynamalı olduqları üzrə vahid rəy ifadə ediblər və həmin kontekstdə bu strateji cəhətdən mühüm regionun gələcəyinin formalaşdırılması işində iştiraklarını və cəlb olunmalarını möhkəmləndirmək niyyətindədirlər. Bu mənada həmin ölkələrin regiondan kənar oyunçuların regiona aid məsələlərə zərərli müdaxiləsinə qarşı çıxmaları təbiidir. Bununla yanaşı, sonuncular tez-tez özlərinin qərəzli daxili siyasət mülahizələrindən çıxış edərək, hazır reseptlərini Cənubi Qafqaz ölkələrinə sırımaq istəyirlər. Təəssüf ki, onlar yalnız regionda gərginliyi artırır və beləliklə, uzunmüddətli sülhə nail olunması prosesini pozurlar.

Elçin Əmirbəyov sözlərinə davam edərək bildirib ki, Azərbaycana gəldikdə, bu, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Frankofoniya Beynəlxalq Təşkilatında özünün aparıcı rolundan sui-istifadə edən Fransanın timsalında daha aydın şəkildə müşahidə olunur.

Daim qərəzli, birtərəfli və açıq-aşkar anti-Azərbaycan təşəbbüsləri irəli sürən Paris, təəssüf ki, özünün daxili siyasət gündəliyinin girovuna çevrilir, beləliklə, təkcə özünün deyil, həm də Ermənistan-Azərbaycan normallaşmasında potensial vasitəçi olan Avropa İttifaqının nüfuzuna da xələl gətirir.

Elçin Əmirbəyov sonda deyib: "Elə bu yaxınlarda Ermənistana kütləvi şəkildə silah və texnika tədarükünün başlamasını elan edən Fransa regionda sülh və təhlükəsizlik baxımından öz siyasətinin əvvəlcədən yetərincə proqnozlaşdırıla bilən təhlükəli nəticələrinə məhəl qoymayaraq, konfrontasiya və Cənubi Qafqazda gələcək silahlanma yoluna ayaq basıb.