Ekoloji təmiz məhsul sağlam həyatdır
Region

Ekoloji təmiz məhsul sağlam həyatdır

Hər dəfə söhbət düşəndə yaşlı və orta nəslin nümayəndələri insana ləzzət verən, əhvali-ruhiyyəsini yüksəldən təamların sanki ərşə çəkildiyini, geni dəyişdirilmiş məhsulların süfrələrimizə ayaq açdığını təəssüflə qeyd edirlər. Ümumiyyətlə, ərzaq məhsullarına o qədər qatqı, kimyəvi əlavələr, digər komponentlər vurulur ki, istifadə etdiyimiz ərzağın mənşəyi belə bilinmir. Sahibkarlar, fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün əsasən geni dəyişdirilmiş toxumlardan istifadə edirlər. İstehsal etdikləri məhsulun dadı və keyfiyyəti onları əsla maraqlandırmır. Dünyanın inkişaf etmiş ölkələrində artıq ekoloji cəhətdən təmiz, orqanik ərzaq məhsullarının istehsalına üstünlük verilir. Artıq respublikamızda da bu istiqamətdə tədbirlər həyata keçirilir, kənd təsərrüfatı, heyvandarlıq və quşçuluqla  məşğul olan fermerlərə lazımi tövsiyələr verilir.

Respublika Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ iqtisadi rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinə uyğun olaraq Ağdam rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib.

Seminarda çıxış edən layihə rəhbəri Musa Muradlı layihə çərçivəsində Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarının hər birində 25 fermer üçün seminarların keçirildiyini, onlara ekoloji cəhətdən daha faydalı məhsulların istehsal edilməsi üçün tövsiyələrin verildiyini bildirib. Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev dünyada ekoloji təmiz məhsul istehsalına üstünlük verildiyini deyib. Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışaraq bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı, torpağın mikroorqanizmlərini də məhv edir. Nəticədə torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatında isə həm torpağın mineral ehtiyatlarını artırmaq, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov çıxışında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıb, layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

Ağdamlı fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdirərək həyata keçirilən layihədə qarşıya qoyulan vəzifəni yüksək qiymətləndiriblər.

Salman ALIOĞLU,

“Respublika”.