Gəncə Ekoloji Park Kompleksi
Region

Gəncə Ekoloji Park Kompleksi

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən etibarən ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində iqtisadi və siyasi sabitlik təmin edilməklə yanaşı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına istiqamətlənmişdir. Bu mənada, ötən dövr ərzində paytaxt ilə yanaşı, bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində də mühüm nəticələr əldə olunmuşdur.

Regionların inkişafı məqsədilə aparılan islahatlar ölkədə qeyri-neft sektorunun genişlənməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun səviyyəsinin azalmasına böyük təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edərək, qeyri-neft iqtisadiyyatını inkişafın əsasına çevrilməsini nəzərdə tutmuşdur. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımından əhəmiyyətli hesab olunmuş, həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələndirilməsi sürətlənmişdir.

Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə hazırda bir çox layihələr həyata keçirilir. Ölkə başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişaf perspektivləri barədə demişdir: "Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir".

Bu sahədə uğurlu icra mexanizmi ümumi inkişafımızla yanaşı, regionlarda abadlıq-quruculuq işlərinin də davamlı xarakter almasına şərait yaradıb. Son illər Gəncədə yaradılan Ekoloji Park Kompleksi Azərbaycanda bir ilk olmaqla yanaşı, həm də regionların inkişafına mühüm töhfədir. Çünki bura ölkəmizlə yanaşı, xarici turistlərin də sevimli məkanına çevriləcək. Dəyəri 10 milyon manat olan Kompleks bütövlükdə 11 hektar ərazini əhatə etməklə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma Şöbəsinin gülçülük sahəsində salınıb. Onu da qeyd edək ki, hazırda şəhərdə 14 park və istirahət guşəsi fəaliyyət göstərir. Onların yaşıllıqlarla müntəzəm təmin edilməsi üçün MKTİB-nin gülçülük təsərrüfatında yerli mütəxəssislər tərəfindən ilboyu 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac tingləri yetişdirilir. Qərb bölgəsində ilk dəfə Gəncə çayının sağ sahilində salınan Kompleksin tikintisinə və onun ətrafında abadlıq işlərinə hələ 2021-ci ilin dekabrından başlanılıb.

Ziyarətçilər burada Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər. Kompleksdə ucaldılan üçmərtəbəli, 22 metr hündürlüyündə oranjereya binasının sahəsi 2100 kvadratmetrdir. Əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılan kompleks fərqli dizaynı ilə seçilir. Burada turistlərin rahatlığı üçün hər cür şərait yaradılır. Mövsümündən asılı olmayaraq, istənilən fəsildə müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Bitkilərin normal inkişafının təmin edilməsi üçün binada isitmə və havalandırma sistemi qurulur. Gələcəkdə Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzləri, idman qurğuları və iaşə obyektlərinin yerləşdirilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı, açıq havada müxtəlif növ balıqları olan akvarium da yaradılacaq.

Ekoloji Park Kompleksinə gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi prosesi ilə də yaxından tanış ola biləcəklər. Böyük sevgi və həvəslə aparılan işlərin nəticəsi olaraq, obyektin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərinə səfəri zamanı idman sarayının açılışında, şəhər stadionunun təməlqoyma mərasimində iştirak edib, Ekoloji Park Kompleksinin tikintisilə tanış olub.

Prezident İlham Əliyevə ərazidə əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılacağı haqqında da məlumat verilib. Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib. Kompleksdə son tamamlama işləri həyata keçirilir.

Ramidə YAQUBQIZI,

"Respublika".