Ekofəallar yüksək iradə nümayiş etdirirlər
Digər xəbərlər

Ekofəallar yüksək iradə nümayiş etdirirlər

Rusiya sülhməramlıların müşayiətilə Laçın-Xankəndi humanitar dəhlizinə alternativ torpaq yollarla Xankəndiyə silahların daşınması Azərbaycan Ordusuna lokal əməliyyat tədbirlərinin həyata keçirilməsini zəruri edib. Bu tədbirlər nəticəsində Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolları Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Bununla da Ermənistan rəhbərliyinin nəyə görə ekofəalların ərazidən çıxarılmasını tələb etməsinin səbəbi bir daha aydın olub. 

Humanitar yoldan silahların daşına bilməməsinin səbəbi isə odur ki, bir qrup gənc könüllülərin və ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyaları 116 gündür ki davam edir. 2022-ci il dekabr ayının 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri və könüllülərin iştirakı ilə  başlayan aksiyada hər gün olduğu kimi, iştirakçılar səhər saatlarında Azərbaycan Dövlət Himnini səsləndiriblər. Həmin il dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin Rusiya sülhməramlılarının hərəkətsizliyi səbəbindən monitorinq baş tutmamışdı. Bundan sonra əraziyə toplaşan ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar səsləndirməyə başlayıblar. Aksiya iştirakçıları "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!" kimi şüarlar səsləndiriblər. Aksiyanın başladığı ilk gündən etibarən dəhlizin humanitar məqsədlər üçün istifadəsinə heç bir maneçilik törədilməyib. Erməni məkrli azərbaycanlıların keçirdiyi bu dinc aksiyada da özünü göstərmişdi. "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edən ermənilərin, bu qanunsuzluqla yanaşı, hələ Azərbaycan tərəfini də məhkəməyə verməsinə baxmayaraq, fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bu iddia rədd edilmişdi. Sülhməramlı kontingentin 10 noyabr Bəyanatından sonra bu ərazilərə gəlməsindən ürəklənən separatçılar Şərqi Zəngəzurda fəaliyyət göstərən humanitar yoldan sui-istifadə edərək həm Azərbaycanın sərvətlərini talan edir, həm də qanunsuz olaraq silahlanırdılar.

Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının keçirdiyi dinc aksiyadan bu günə qədər Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç  Komitəsinin minlərlə avtomobilləri hər iki istiqamətdə hərəkət edib. Azərbaycan tərəfi isə hər zaman olduğu kimi, Qarabağda yaşayan milliyyətcə erməni vətəndaşlarını reinteqrasiyaya səsləyir. Belə ki, Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər tərəfindən erməni qadına yardım göstərilib. Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili ilə erməni əsilli qadın Xankəndi şəhərinə aparılıb. Bir müddət öncə də Xankəndidə yaşayan erməni sakini Azərbaycan Ordusunun postlarına yaxınlaşaraq ərzaq istəmişdi. Azərbaycan əsgərləri humanizm prinsiplərinə əsaslanaraq onun istəklərini yerinə yetirərək Rusiya sülhməramlı kontingentinə təhvil vermişdilər.

Musa BAĞIRLI,

"Respublika".