EKOFƏALLAR AZƏRBAYCAN KÖNÜLLÜLƏRİDİR
Digər xəbərlər

EKOFƏALLAR AZƏRBAYCAN KÖNÜLLÜLƏRİDİR

Gənclərin etiraz aksiyası davam edir

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirilən etiraz aksiyası 50 gündən çoxdur ki, davam edir.

Fəallar və könüllülər "Ekoloji cinayətlərə son!", "Ekoterrora son!", "Təbiəti qoruyaq!", "Ekosidə yox! Monitorinqə hə!" şüarlarını səsləndirirlər. Aksiya zamanı təhlükəsizlik qaydalarına əməl olunur, neqativ təmas və ya insident halları yoxdur. Aksiyanın keçirildiyi yol humanitar və təchizat yüklərinin daşınması, habelə mülki nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Aksiya ötən il dekabrın 12-də başlayıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 3 və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış danışıqların yekunlarına əsasən, İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Əmlak Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup mütəxəssisi İqtisadiyyat Nazirliyi və "AzerGold" QSC dekabrın 10-dan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə yaranan ekoloji və digər nəticələr ilə bağlı ilkin monitorinqlərə başlamaq niyyətində idi. Faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yatağının yoxlanılması, müxtəlif ərazilərdə monitorinqlərin aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, qrunt və yerüstü su mənbələrinə vurula biləcək zərər və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Lakin qrup Rusiya sülhməramlılarının müşayiəti ilə monitorinq zonasına gəlsə də, hər iki istiqamətdə təxribatlarla üzləşib.

İlk gündən aksiyanın elan olunmuş məqsədi dəyişməz qalır - Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını dayandırmaq və ekoloji soyqırımına son qoymaq. Aksiya ilə əlaqədar sülhməramlılar tərəfindən Laçın-Xankəndi yolunun bağlanılması nəticəsində Qarabağda qeyri-qanuni hasil edilən əlvan metal filizlərinin emal üçün Ermənistana göndərilməsi dayandırılıb.

Nəticədə, regiondakı qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən "Base Metals" şirkəti mədən fəaliyyətini dayandırdığını elan edib. Şirkətin bəyanatında o da qeyd olunur ki, ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb. Bu, gülünc bəyanatdır. Azərbaycanın razılığı, icazəsi, iştirakı olmadan onun ərazisində kim və necə ekspertiza keçirə bilər? Bu mədənlərin monitorinqini yalnız Azərbaycanın dövlət orqanları həyata keçirməlidir və keçirəcək.

Əlverişsiz hava şəraitinə baxmayaraq, ekofəalların və könüllülərin aksiyası böyük ruh yüksəkliyi ilə davam edir.

Emin QASIMOV,

"Respublika".